Modern.az saytı gənclərlə bağlı yeni layihəyə start verir. Məqsəd cəmiyyətdə aktiv gənclərin daha yaxından tanıdılmasıdır.
Beləliklə, “Gəncləri siz də tanıyın” layihsinin ilk həmsöhbəti sosial media fəalı, “İrəli” İctimai Birliyinin mətbuat katibi Məhbubə Firuzdur.
- Məhbubə xanım, sizi yaxından tanımaq istərdik.
- Şirvan şəhərində doğulmuşam. Tam fəaliyyət göstərməsəm də, ixtisasca jurnalistəm.
- Aktiv jurnalistika ilə məşğul olmamağınız bu peşəni sevməməyinizdən irəli gəlmir ki?
- Qətiyyən, əlaqəsi yoxdur. İxtisasımı sevirəm. Sadəcə, yerində və lazımlı yazılar yazmağa üstünlük verdiyim üçün aktiv sayılmıram.
- “İrəli”də mətbuat katibisiniz. Bildiyiniz kimi, gənclik həm də aktiv həyat tərzi deməkdir. Bu yolda hədəfləriniz nədir? Gənclərlə bağlı çatışmazlıqlar əsasən hansı sahələrdə nəzərə çarpır?
- Gənclik illərimi mümkün qədər aktiv şəkildə keçirməyə çalışıram. İstədiklərimə müəyyən qədər nail olsam da, demək olar ki, hələ yolun yarısında belə deyiləm, irəlidə görüləsi işlər hələ çoxdur. Düzgün istiqamət seçdikdən, əsaslı bir məqsəddən sonra buna nail olacağıma inanıram. Bu gün hamımızın bir əsas məqsədi var: Azərbaycanın güclü dövlət olması! Ölkəmizin gələcəyi biz gənclərin əlindədir. Azərbaycanın güclü dövlət olması üçün əlimizdən gələnin ən yaxşısını etməliyik. Bu gün məqsədimizə çatmaq üçün istər ölkə daxilində, istərsə də, xaricində kifayət qədər yüksək inkişaf etmiş gənclik potensialımız var. Gücümüzü birləşdirsək, bütün problemlərin həllini tapacağımıza inanıram. Doğrudur, bəzi çatışmazlıqlar var, ancaq zamanla hər birinin düzələcəyinə inanıram.
- Sizcə, yaşlı nəsil gənclərlə işləmək baxımından ayaqlaşa bilirmi?
- Bir az çətindir, ayaqlaşmaq. Bütün zamanlarda yaşlı nəsillə gənc nəsil arasında fikir ayrılıqları və toqquşma olur. Bu hər zaman belə qalacaq, çünki texnologiyalar dövründə yaşayırıq. Bizlər gənc olduğumuz üçün hər cür yeniliyi qəbul edir və öyrənməyə can atırıq. Ancaq yaşlı nəsil bir az gec uyğunlaşır. Təbii olaraq baş vermiş yeniliklərə qarşı bir az qısqanc şəkildə yanaşırlar. Bundan əlavə, gənclərlə işləmək mənə görə daha rahatdı. Müəyyən bir müddət əvvəl dövlət qurumunda qısa da olsa, təcrübə keçmək imkanı qazandım. Orada qazandığım təcrübə indi çalışdığım sahədə xeyli işimə yaradı. Ancaq müqayisə üçün demək istərdim ki, gənclərlə işləmək daha asandır. İnkişaf etmək istəyiriksə, dövlət və cəmiyyət olaraq yeniliyə açıq olmalıyıq. Yaşlı nəslin təcrübəsi bizim üçün hər zaman dəyərlidir, lakin müəyyən qurumlarda gəncliyin potensialından istifadə olunması daha məqsədəuyğundur
- Bu yaxınlarda Bakı Slavyan Universitetinə yeni rektor Nurlana Əliyeva təyin olundu. Bir çox gənclər isə universitetlərə rektor təyin olunarkən gənc kadrlara üstünlük verilməsini uğurlu hesab edir. O səbəbdən ki, gəncləri daha yaxşı anlayacaq. Bəs siz bu barədə nə düşünürsünüz?
- Gənc mütəxəssislərin ali təhsil müəssisələrinə cəlb olunması təhsilimizin prioritet məsələlərindən birinə çevrilməlidir. Amma rektorluq və prorektorluq təhsillə yanaşı, idarəetmə təcrübəsinə də malik olmalıdır.
- Subay xanımsınız. Bu gün çalışan xanımların əksəriyyəti karyera arxasınca qaçır. Ailə məsələsində bir qədər fərqli düşünürlər. Gələcək həyat yoldaşı nağıllardakı mistik “ağ atlı oğlan” obrazında, yoxsa, tamam başqa düşüncədə olmalıdır. Maraqlıdır, gələcək ailə modelinizi necə qurmağı düşünürsünüz?
- Mənim üçün ailə müqəddəs bir varlıqdır, bir yol seçirəmsə, bu yolda məni anlayan biri ilə irəliləmək istərdim və mənə görə uğurlu kariyeranın başlanğıcı budur. Uğurlu karyera ona görə deyirəm ki, arxanda səni dəstəkləyəcək, daim yanında olacaq bir ailən varsa, sən güclüsən və hər şeyə nail ola bilərsən.
- Təəssüf hissi ilə bir məqamı qeyd edəcəm. Azərbaycanda bir çox gənc ailələr qısqanclığın qurbanı olur. Nə qədər danışılsa da, bu cür hallar ərin öz xanımının həyatına son qoyması ilə nəticələnir. Sizcə, maarifçilik sahəsində nə çatışmır? Nə edilməlidir ki, bu cür hallara qan axıtmaqla deyil, sivil şəkildə son qoyulsun?
- Hüquqi dövlətdə yaşayırıq. Əgər bir ailə daxilində problem yaranır və getdikcə dərinləşirsə, vaxtında yollarını ayırmaları daha məsləhətlidir. Bizim cəmiyyətdə ən böyük problem ayrıldıqdan sonra qadının qınaq obyektinə çevrilməsidir. Qadın ayrıldıqdan sonra cəmiyyətdə xoş qarşılanmayacağını bilir, buna görə də hər cür çətinliyə dözür, təki insanlar ona qarşı pis fikirlər səsləndirməsinlər. Bu tip sosial problemlərin, faciələrin qarşısını almaq üçün orta məktəb vaxtından tədbir görülməlidir ki, mənfi düşüncələrin müsbət istiqamətdə dəyişilməsinə təsir etsin.
- Gənclər arasında rəqabət mexanizmi necə qurulub? Sizcə, bunun mənfi müsbət tərəfləri nədir?
- Hər cəmiyyətdə rəqabət ideal olmadığı kimi, bizdə də müəyyən problemlər var. Sağlam rəqabət üçün sağlam mühitin olması mütləqdir. Müstəqilliyimizi əldə etdikdən sonra bizim ən aktual problemlərimizdən biri sağlam mühitin olmaması idi. Ancaq qəbul edilmiş dövlət və sosial proqramlar nəticəsində gənclər arasında rəqabətin formalaşmasına təkan verildi. Hazırda da bu proses davam edir. Biz gənc dövlətik, lakin buna baxmayaraq xeyli irəliləyişlər qət eləmişik, sevindirici haldır ki, 10 il əvvəl aktual olan problemlər artıq öz həllini tapıb.
- Bir vaxtlar aktual olan məsələ var ki, bu gün də onunla qarşılaşırıq. Söhbət hansısa oğlan üstündə qızların mübarizəsindən gedir. Əks cinsin üstündə biri-biri ilə küsülü olan qızlara da rast gəlirik. Sizcə, bəzi gənclər arasında bu cür mübarizə forması kasad düşüncə ilə idarə olunmurmu?
- Çox təəssüf bir vaxtlar belə hallara rast gəlinib, amma indi belə dar düşüncəli insanların qaldığına inanmıram.
- “İrəli” də gənclərlə müntəzəm olaraq ünsiyyətdə olursunuz. Sizcə, gənclər nə istəyir?
- Gənclərimizin düşüncə tərzləri müxtəlif olduğu kimi maraqları, hobbiləri, asudə vaxtlarını necə keçirmələri də rəngarəngdir. Çox zəki, parlaq ideyalara sahib gənclərlə görüşürük, onların bizdən istədikləri ideyalarının reallaşması üçün müəyyən şəraitlərin yaradılmasıdır. Biz də ən böyük gənclər təşkilatı olaraq müəyyən köməkliklər göstərməyə çalışırıq.Eyni zamanda, müxtəlif layihələr həyata keçirərək asudə vaxtlarını səmərəli şəkildə keçirmələri üçün şərait yaradırıq.
- Ailənizdən kimsə fikirlərinizə əks qütbdə dayanırmı?
- Hər zaman olmasa da, olur. Atam həmişə hər mövzuda mənə dayaqdır, anamla ilk başlarda fikir ayrılıqları yaşasaq da, indi gördüyüm işləri bəyənir və dəstəkləyir. Hərdən kiçik narahatçılıqları olur, amma olsun, bu normal bir haldı.
- Bildiyiniz kimi, analar qızlarının karyera arxasınca qaçmasını çox vaxt istəmirlər. O səbəbdən ki, ailə ikinci plana keçə bilər. Ananız bu barədə öz tövsiyələrini verirmi?
- Keçən ilə kimi israrlar olurdu, biz hər dəfə fərqli mövzulardan söhbət etsək belə, nəticə olaraq eyni sözləri deyirdi. Mən onsuzda ailə haqqında fikirlərimi yuxarıda qeyd eləmişəm, anam da artıq bunları bilir və fikirlərimə loyal yanaşır.
Namidə BİNGÖL