Modern.az

Qəzada ölən deputatın 3 övladı onun yolunu davam etdirir - ANIM

Qəzada ölən deputatın 3 övladı onun yolunu davam etdirir - ANIM

12 Avqust 2016, 14:15

Belə deyirlər ki, insan 60 yaşını qeyd etməz. Çünki bunun düşər-düşməzliyi ola bilər. Bu məsəli elə-belə xatırlatmadım.

 

2013-cü ilin martında Milli Məclisin deputatlarından biri ağır yol qəzasında dünyasını dəyişmişdi.

 

Bu yazıda həmin şəxsdən - Milli Məclisin sabiq deputatı, mərhum Hikmət Atayevdən danışacağıq.

 

2013-cü ilin fevral ayının 4-də mərhum deputatın 60 yaşı tamam olur. Yaxınlarının, dostlarının çevrəsində 60 illik yubileyini qeyd edən deputat təsəvvürünə də gətirməzdi ki, bu, sevdiklərinin ətrafında keçirdiyi sonuncu doğum günüdür.

 

Həmin ilin mart ayında, doğum günündən təqribən bir ay sonra hər şey bir anın içində dəyişir.

 

Mərhum deputat Gürcüstandan Balakən istiqamətində hərəkət edərkən idarə etdiyi “VAZ-2106” markalı maşın “VAZ-21015 markalı avtomobillə toqquşur. Dəhşətli qəza zamanı deputat  Hikmət Atayev aldığı xəsarətdən hadisə yerindəcə vəfat edir.

 

Hikmət Atayev həm də Yaşadığı bölgədə həkim-cərrah kimi tanınırdı.

  

Mərhum Hikmət Atayevin həyat yoldaşı Kamalə Atayeva hazırda Zaqatala rayonunda yerləşən 1 saylı orta məktəbdə, eyni zamanda, 2 nömrəli rusdilli məktəbdə də rus dili müəlliməsi işləyir. Kamalə xanım deyir ki, övladlarının həkim olaraq atalarının yolunu getməsi heç də Hikmət müəllimin ciddi təşəbbüsü ilə gerçəkləşməyib.

 

“Artıq 3 il olar ki, Hikmət müəllim aramızda yoxdu. Onun ölümü ani oldu. Bu gün məni ovunduran və sevindirən odur ki, övladlarımız atalarının yolu ilə gedir. Halbuki, sağlığında övladlarının həkimlik ixtisasını seçmələri üçün təşəbbüs göstərməyib.

Sadəcə olaraq, Hikmətgilin ailəsi həkimlər ailəsidir. Atası uzun müddət ümumi cərrah işləyib. Anası stomatoloq olub. Övladlarımız gözlərini açıb ağ xalatlı həkimlər görüblər. Ola bilsin ki, uşaqlarımızdan üçünün də bu ixtisası seçmələri bundan irəli gəlir. Onların ixtisas seçimində biz qərar verməmişikdik”.

 

Kamalə Atayeva deyir ki, böyük qızı Zərif Atayeva  “Avrasiya” klinikasında ümumi cərrahdır. Eyni zamanda, Xəzər Televiziyasında “Həkim saatı” verilişini aparır. Oğlu İsmayıl bu il Tibb Universitetini bitirib. Rezidenturaya hazırlaşır. Ortancıl qızı isə rayon poliklinikasında stomatoloqdur. Ən kiçik övladı isə 10-cu sinfə keçib.


Mərhum deputatın oğlu və qızı

Hikmət Atayevin oğlu İsmayıl Atayevlə də əlaqə saxladıq. İsmayıl Atayev deyir ki, atası siyasətlə məşğul olsa da, daha çox həkim-cərrah kimi tanınıb.

 

“Atam daha çox cərrah kimi tanınırdı. Məncə, insanların da yaddaşında həkim- cərrah kimi qalıb. 

Atam nə vaxtsa siyasətə qatılması barədə bizimlə heç nə paylaşmayıb. Düzü, biz də ondan bu barədə heç nə soruşmamışıq. Atama qədər bizim ailədə siyasətlə məşğul olan olmayıb. Hər halda, atamı siyasətə gətirən səbəblər olub. Amma konkret olaraq bu barədə heç vaxt heç nə soruşmamışıq.

Təbii ki, ancaq  fərziyyələrimizi irəli sürə bilərik. Onun fikirləri barədə məlumatım yoxdur. Atamın siyasətə qatılmasını ailəmiz normal qarşılamışdı. Atamın hansısa qərarlarına qarşı xüsusi mənfi reaksiyamız olmayıb”.

 

İsmayıl atasının seçkilər öncəsi seçicilər qarşısında verdiyi vədlərdən də danışıb.

 

“Yadımdadır ki, seçkilər ərəfəsində rayonda belə söz-söhbət gəzirdi ki, “doktor deputat seçiləndən sonra rayondan gedəcək, həkimi itiririk” və sairə. Amma atamın o zaman belə bir çıxışı var idi ki, “mənim otağım xəstəxanada olacaq. Həm millət vəkili kimi, həm də həkim olaraq sizlərə xəstəxanada xidmət etməyə davam edəcəm”.

 

Atam seçki öncəsi dediyi sözü tutmuşdu. Deputat seçiləndən sonra deputat otağı xəstəxanada yerləşirdi. Saat 2-yə kimi  həm xəstələri, həm də seçiciləri ilə görüşlər keçirirdi. 2-dən sonra isə əməliyyatları başlayırdı”.

 

Atayevlər ailəsi onlarla əlaqə saxlayan insanlara xüsusi təşəkkür də edib.

 

“Atam dünyasını dəyişəndən sonra həm siyasətdəki, həm də siyasətdən kənar dostları bizimlə mütəmadi olaraq əlaqə saxlayır və maraqlanırlar. Onların hər birinə təşəkkür edirik”.

 

Namidə BİNGÖL

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI