Modern.az

“İsmayıl”ın “Fəryad”inda sönən CEYHUN

“İsmayıl”ın “Fəryad”inda sönən CEYHUN

Mədəni̇yyət

9 Aprel 2020, 09:28

Əvəzedilməz kino aktyoru mərhum Ceyhun Mirzəyevin doğum günüdür


30 il əvvəl Ceyhun Mirzəyevin adı çəkiləndə ilk olaraq “Ögey ana” filmi və balaca İsmayıl yada düşürdü. O, ekran qəhrəmanını elə gözəl və inandırıcı yaratmışdı ki, baxanlar bu  uşaqdakı istedada heyranlıqlarını gizlətmirdilər. 90-cı illər nəsli üçün isə “Ceyhun Mirzəyev” adı “Fəryad” filmi ilə bərabər çəkilir. İndiki nəsilin yaddaşında o, artıq böyüyərək doğma torpaqlarını qorumağa gedən İsmayıl kimi yadda qalıb. Bütün hallarda Ceyhun Mirzəyev iki epoxanı bir-birinə bağlaya bilən sənətkar saymaq olar. 

Bu istedadlı aktyorun bu gün 74 yaşı tamam olur.

Ceyhun Mirzəyev 9 aprel 1946-cı ildə Ağdamın Abdal-Gülablı kəndində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib. Moskvada da təhsil alıb. Onun 48 illik ömrünün 35 ilə yaxını kino ilə bağlı olub.

Lap ilk filmi milli filmlərin incilərindən sayılan “Görüş” filmi olub. Şıxəlinin otaqda uşaqları “vermir, necə yəni vermir” deyə qovma səhnəsini xatırlayırsınzmı? Həmin an ekranda əks olunan 11 yaşlı Ceyhundur. 12 yaşında isə isə “Ögey ana”ya dəvət almışdı.  İsmayıl obrazı onun üçün böyük kinoya gedən yolları taybatay açdı.

Ceyhun Mirzəyev kinostudiyada müxtəlif peşələrdə çalışıb. Assistent də olub, rejissor köməkçisi də işləyib, aktyorluq da edib, üstəlik rejissor kimi filmlər də çəkib. “Mozalan” satirik kinojurnalı üçün süjetlər çəkib. “Mozalan”ın bədii rəhbəri olub.

Ceyhun Mirzəyev həm də güclü parodiyaçılıq qabiliyyətinə malik olub. Belə ki, o, bir dəfə söhbət etdiyi adamın səsini, danışıq formasını o dəqiqə yamsılamağı bacarırmış. Hətta “Mozalan”ın başlığında səslənən vızıltı səsi də ona məxsus olub.

Vaqif Mustafayevlə birgə çəkdikləri “Bəyin oğurlanması” kinokomediyası isə kino tarximizdə heyərətamiz populyarlıq qazanan film olub.

Ceyhun və Lidiya Mirzəyevlər 1973-cü ildə ailə qurublar və Cəmilə adlı bir qızları dünyaya gəlib. Lidiya Mirzəyeva ədliyyə sistemində işləyib, baş ədliyyə müşaviri olub

Ceyhun Mirzəyevin son quruluş verdiyi filmi “Fəryad” olub. Özü bu filmini görə bilmədi. Amansız ölüm ona imkan vermədi ki, heç olmasa filmin premyerasında iştirak etsin. Studiyada çəkiliş vaxtı özünü pis his edən Ceyhun evə güclə çatdırılıb. Həmin gün Ceyhun Mirzəyev “Fəryad”  filmi haqqında hazırlanacaq televiziya proqramında iştirak etməli idi. Amma  ikinci dəfə keçirdiyi insult onun ölümünə səbəb oldu.
Nə filmin sonunu, nə də 47 yaşını görə bilən aktyor öz qalibiyyətini “Fəryad”ın timsalında seyr edə bilmədi.

C.Mirzəyev 1993-cü il martın 5-də (47 yaşının tamamına 1 ay qalmış) vəfat etdi. Ceyhun Mirzəyevin həyat yoldaşı Lidiya Mirzəyeva 11 iyun 2015-ci il tarixində dünyasını dəyişib.








Whatsapp
Bizə yazın!
Keçid et
İbrahim Rəisinin öl*mündə sirli məqamlar