Modern.az

“Əbu-Bəkr” məscidinə yeni imam seçiləcək 

“Əbu-Bəkr” məscidinə yeni imam seçiləcək 

10 Dekabr 2019, 14:50

“Bakının Nərimanov rayonunda yerləşən Əbu-Bəkr məscidinə imam, məscidin icması tərəfindən seçiləcək”.

 

Bunu Modern.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.

 

“İmamı kollektiv şəkildə seçmək üçün məscid daxilində icma müəyyənləşdirilir. İcma Qafqaz Müsəlmanlar İdarəsinə bu barədə müraciət göndərir, sonradan onların rəyi bizə bildirilir. İcma qediydiyyata alındıqdan sonra kimin icma sədri olması məlum olur. Din xadiminin təsdiq olunması məsələsi isə Qafqaz Müsəlmanlar İdarəsinin səlahiyyətləri çərçivəsindədir”.



S.Heydərov deyib ki, məscidin minarəsi əyildiyi üçün hələlik bu istiqamətdə işlər gedir:

 

“Ekspertlər əyilmənin qarşısını ala bilsə və yaxud minarə yenidən sökülüb yığılsa, məscid fəaliyyət göstərəcək, icma müəyyənləşəcək. Ümumiyyətlə məsciddə icmanın yaradılması gündəmdə idi, sadəcə qəzalı vəziyyət yarandı deyə iş uzandı”.

 

Qeyd edək ki, “Əbu Bəkr” məscidi bağlanana kimi orada imam hacı Qamət Süleymanov olub.

 

2008-ci ilin 17 avqustunda “Əbu Bəkr” məscidinə terror hücumu olandan sonra bu dini ibadətgahın fəaliyyəti məhdudlaşdırılmışdı. O zaman məscidə atılan qumbaranın partlaması nəticəsində 2 nəfər ölmüş, 18 nəfər yaralanmışdı. Yaralananlar arasında məscidin imamı Qamət Süleymanov da var idi.



“Əbu Bəkr” Küveyt Xeyriyyə cəmiyyətinin dəstəyi ilə inşa edilib. Məscid daha çox sələfilərin namaz qıldığı məkan kimi tanınmışdı.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?