O, “Hollivud”dan yeni təklif alıb
Məşhur “Kurtlar Vadisi Pusu” teleserialının baş qəhrəmanı Polad Alemdarın dublyorunun azərbaycanlı olduğunu çoxları bilmir.
Modern.az-ın məlumatına görə, bu filmdə Polad Alemdarın bütün riskli hərəkətlərini azərbaycanlı gənc Babək Həsənzadə yerinə yetirir. 22 yaşlı kaskadyor Babək Həsənzadə “Kurtlar Vadisi Pusu”da maşından tullanmaq, hündür yerlərdən atılmaq, partlayışların mərkəzində olmaq, alovun içinə girib-çıxmaq kimi çətin hərəkətləri dublyor aktyor olaraq, Polad Alemdarın əvəzunə icra edir.
O, ”Kurtlar Vadisi Fələstin” filmində də çətin və riskli hərəkətləri yerinə yetirməklə ekran əsərinin yaradıcı heyətinin rəğbətini qazanıb. B.Həsənzadənin sözlərinə görə, bütün dünyada məşhurlaşan "Kurtlar Vadisi Pusu" teleserialında oynamaq ona zövq verir. Gənc kaskadyor bu filmdə çəkilişlərə görə, yaxşı qonarar aldığını söyləsə də, məbləği açıqlamayaraq, bunun kommersiya sirri olduğunu deyib.
Babək Həsənzadə bildirib ki, o, “Hollivud”dan və Almaniyadan filmlərə çəkilmək üçün yeni dəvətlər alıb. Gənc kaskadyor bu dəvətləri müzakirə etdikdən sonra dəyərləndirəcəyini deyir.
Lənkəran Özəl Türk Liseyini bitirən Babək Həsənzadə daha sonra Türkiyədə Fatih Universitetində təhsil alıb.
Gənc kaskadyor Azərbaycanda da səviyyəli bir filmdə oynamaq arzusunda olduğunu vurğulayıb.
A.Qorxmaz