“Facebook-da mənim adıma səhifə açırlar, amma mən deyiləm, mənimlə əlaqəsi yoxdur”
Zahirən cavan görünür. 52 yaşı olmasına baxmayaraq. Cəld danışır, cəld hərəkət edir. Bunun müqabilində səbr və təmkinini də qoruyur. Bəlkə də buna səbəb onun yaş hüdudu tanımadan balacadan böyüyə hər kəsin müəllimi olması və onların sevgisini qazanmasıdır. Bunu elə belə demirəm, dediyimin sübutu var: Mənsum İbrahimovun məşq zamanı tələbələrini hətta danlayarkən belə üzündə xoş bir təbəssüm əskik olmur.
Mənsum İbrahimov:
– Kim başlamaq istəyir.
Məşqə başlayıb, seçimi yenə də uşaqların özünə buraxır.
– Mən – tələbələrdən biri deyir.
Kaman çalınır, qaval səsi otağı bürüyür. Amma bunlar Mənsum İbrahimovun 11 yaşlı tələbəsi Mirpaşanın səsinin məlahəti qarşısında arxa plana keçir. Düzünü desəm, heç vaxt bu cür səsi canlı olaraq dinləməmişdim. Xoşa gəlimli səs görünür məni çox uzaqlara aparmışdı ki, birdən qapının döyülməsi hamı kimi məni də arxaya çevrilməyə məcbur etdi.
– Salam, Mənsum müəllim, bizi tanıdınız, bu da qızım... Muğam öyrənmək üçün sizin tələbəniz olmaq istəyir...
İçəri daxil olan kişi sSöhbətin girişindən sonra mənim otaqda olduğumu görüb utana-utana xanəndəmizə pulun nə qədər olacağını soruşur.
Ustad xanəndəmiz əsl ziyalı kimi cavab verir:
– Heç kim deyə bilməz ki, Mənsum İbrahimov muğama görə kimdənsə pul alır. Mən muğam üçün əziyyət çəkirəm. Heç kimdən pul ala bilmərəm.
Cavabının müqabilində yenə sevgiylə təşəkkür alan Mənsum İbrahimov bu səfər həmişə ki, təbəssümü ilə bizə tərəf çevrilir.
– Buyurun, jurnalist xanım, başlayaq.
– Muğam öyrənmək üçün gələnlərin sayı çoxdur?
– Həddindən artıq. Məsələn, Lamiyə Novruzova artıq estrada müğənnisi kimi tanınır. Bəzi insanlar mənfi yanaşır ki, estrada oxuyanlar niyə muğam oxuyur? Amma mən buna müsbət yanaşıram. Çünki estrada müğənnisi xanəndə deyil, amma onun muğamı öyrənməsi çox müsbət haldır. Ən azı o, savadlı bir müğənni olacaq. Mənim yanımda hər kəs təmənnasız gəlib muğamı öyrənə bilər. Azərbaycanın bütün bölgələrindən burada uşaqlar var və hamı da bilir ki, burada sənət öyrədilir. Bu yolu Üzeyir bəy qoyub, mən qoymamışam. Mən o yolu davam etdirirəm. Allahıma da xoş gedir, savabdır. Müəllim işləməyin özü tamam başqa bir zövqdür. Burada həm öyrənirsən, həm də muğamları təkrar edirsən, özün öyrənirsən. Məndən sonra gələn tələbə müəllimindən də qabağa getməlidir. Çünki o zaman inkişaf olacaq. Oğul atadan qabağa gedir, tələbədə müəllimdən qabağa. Hər kəs özünü düşünsə, onda necə olacaq. Müəllim kim ola bilər? Tərifini belə deyək, müəllim odur ki, başqasının uğuruna sevinə bilir. Başqasının uğuruna sevinməyən, içində paxıllıq olan insan dərs deyə bilər, amma müəllim ola bilməz. Bizim məhsulumuz ifaçıdır. Əgər mənim yanıma gələn 20 tələbədən ən azı altı nəfəri məşhur olmursa, müsabiqələrdə yer tuta bilmirsə, deməli yaxşı müəllim deyiləm.
– Ən yaxşı tələbələriniz kimlərdir?
– Mənim ən yaxşı tələbələrim artıq mənim sənət yoldaşlarım olub, Opera və Balet Teatrının solistləridir. Onlar artıq dövlət tədbirlərində tanınırlar. Xalq tərəfindən sevilirlər. Elə özünüz də bir neçəsini burada gördünüz. Təyyar Bayramov ən nümunəvi tələbidir. Bu gün əməkdar artistdir, Aygün Məhərrəmova, Pərvaz, Mirpaşa Şükürov, Elməddin İbrahimli, Elşad Aydınoğlu, Xəyalə Abdullayeva, Aidə Əliyeva, Günay İmamverdiyeva, Qızılgül Babayeva, Cabir Həsənov və digərləri.
30-a yaxın tələbəm var ki, onlar artıq populyardırlar. “Solo” verilişində elə hər gün bir tələbəm oxuyur. Yəni demək istəyirəm ki, artıq hara gedirəmsə, öz tələbəmə rast gəlirəm. Həm efirdə, həm toyda, tədbirdə, yəni hər yerdə. Buna çox sevinirəm. Hansısa bir rayondan uşağın səsi xoşuma gəlirsə, onu sinfimə gətirirəm, dərs deyirəm. Mənim işim təkcə dərs deməklə bitmir, onları efirə çıxarıram, müsabiqələrdə hazırlaşdırıram, işə düzəldirəm, valideyn kimi qayğısında qalıram. Tələbələrimi nə etsəniz də, başqa ifaçının sinfinə getməzlər. Çünki müəllimindən qayğı görür. İki ildir ki, artıq mən yeni layihəyə start vermişəm. Hər ilin sonunda mənim “Gəncləşən muğam” adlı layihəm var. Heydər Əliyev Sarayı ilə müqaviləmiz var. Onlar Sarayın səhnəsini bizə verirlər. Mən həm səhnəyə tanınmış ifaçıları çıxardıram, həm də tanınmamış – səhnədə ilk addımlarını atan tələbələri. Keçən il həm də başqa ustadların tələblərini də səhnəyə çıxartdım. Çalışıram ki, burada muğam oxuyan ifaçı gedib sonradan estrada oxumasın, restoranlarda olmasın, ciddi yerlərdə oxusunlar, sənətləri olsun, məcnunlar, leylilər yetişsinlər.
– Gənc nəsillə əvvəlki nəsil arasında hansı məqamlarda təzadlar yaranır?
– Mən buna təzad deməzdim, amma gənclərdə bəzən görürsən ki, tənbəllik yaranır. Onun da yaranmasının səbəbi odur ki, efirə çıxırlar və tənbəlləşirlər. Amma bunu da hamısı haqqında demək olmaz. Mən sizə deyim ki, çox gözəl səsli uşaqlarımız var, gözəl gəncliyimiz yetişir. Heç vaxt sənətimizə bu qədər gənc axını gəlməyib. Əlbəttə, içində təbii ki, ələnənlər də olacaq. Onların hamısı xanəndə ola bilməz. Hərdən qulağıma çatır ki, yaşlı nəslin nümayəndələri deyir, bu qədər oxuyan olar? Narahat olmağa dəyməz. Hərənin öz yeri var, amma sənətdə ən yaxşılar qalacaq.
– Çox vaxt gənclər öz müəllimlərini yamsılayırlar.
– Bu normaldır. Muğam sənəti şifahi sənətdir. Tələbə müəllimin ağzından öyrənir, müəllim nə oxuyur, tələbə də onu təkrar edir. İlk vaxtlar müəllimini təkrar edəcək. Amma zaman keçdikcə sərbəst ifa edib özünü tapır. Sxemi bir müəllimdən öyrənmək lazımdır. Muğamın sxemini öyrəndikdən sonra, get əlli nəfəri dinlə, zənginləş. Onlara qulaq as və öz yerini yap. Muğam böyük bir sənətdir.
Mən Ağdamda doğulmuşam, gözümü açanda muğamı eşitmişəm. Sənətə gəlişim təbii bir şey olub. Uşaq vaxtı mən elə bildirim ki, hamı oxuyur. Çünki hamının səsi var idi. Qarabağ muğamın səs bazasıdır. Azərbaycanın digər bölgələrindən də ifaçılar var, təbii ki, amma ümumi, çoxluğu götürəndə Qarabağ bazadır. O məkan, o bölgə sənətin məbədgahıdır.
– Bəs Avropada muğamı necə qarşılayırlar? Onların tərifi səmimidir?
– İki il bundan öncə biz bu layihəni Londonda keçirdik və konsertimizin sonunda Vasif Adıgözəlovun “Qarabağ şikəstəsi” oratoriyasını səsləndirdik. Aygün Bayramova və tələbəmiz Elməddin İbrahimli ilə birgə. London orkestri də bizi müşayiət edirdi. Təsəvvür edin ki, salonda əsasən İngiltərə parlamentinin üzvləri idi, yəni protokol konsert idi. Ziyalılar, tanınmış şəxslər də iştirak edirdi və səfirliyimizin nümayəndələri. Bunu Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Tale Heydərov təşkil etmişdi. Əsəri 70 nəfər ingilis çalmağa başladı. İngilislərin necə soyuqqanlı xalq olması hamıya məlumdur. Onlarda belə bir qayda var ki, ifa bitməmiş heç bir reaksiya vermirlər. Hələ biz oxumamış, orkestr musiqini səsləndirməyə başlayanda, gördük ki, bütün salon ayaqdadır. Mahnı bitənə qədər hər kəs ayaq üstdə dinlədi. Bitəndən sonra isə 5 dəfə bizi səhnəyə gətirdilər. Səfirimiz Fəxrəddin Qurbanov gəlib dedi ki, bizim neçə ildir edə bilmədiyimiz işi siz bir mahnı ilə edə bildiniz. Daha sonra 2011-ci ildə oktyabrında Danimarkanın Kopenhagen şəhərində “Womex The World Music Exno” festivalında iştirak etdik. Dünyada çox məşhur musiqi festivalıdır. İlk dəfə idi ki, Azərbaycan həmin festivalda iştirak edirdi və 45 dəqiqə bizə vaxt ayrılmışdı. Biz çıxış edən zaman bizim nümayəndələrin əlində Azərbaycan bayrağı var idi. Çıxışımızı bitirdikdən sonra bir danimarkalı jurnalist çıxdı səhnəyə, bizim diasporun nümayəndələrinin birinin əlindən bayrağı aldı, dizini qoydu yerə, əyildi və bayrağı öpdü. Sonra dedi ki, mən bu xalqın qarşısında baş əyirəm. Bu, muğamın qüdrətidir!
– Qeyd etdiniz ki, Leyli və Məcnunların sayı nə qədər çox olsa, o qədər yaxşıdır. Amma Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə müsahibələrinin birində qeyd edib ki, ““Opera və Balet Teatrının səhnəsində “Koroğlu”, “Leyli və Məcnun” nə qədər olar? Onlar gözəl, dahi əsərlərdir. Amma biz bunları artıq əzbərləmişik. Operamızda yalnız əzbərlədiyimiz əsərlər oynanılır. Yeni əsərlər yoxdur”.
Səhnəmizin Məcnunu bu haqda nə deyə bilər?
– Bu sözləri onun öz dilindən eşitməsəm, inana bilmərəm. Çünki Firəngiz xanım həmişə bizimlə səfərlərdə olur. O, Üzeyir bəyi sevən bir şəxsdir, özünü onun yolunun davamçısı bilir.
– Bəs “Məcnun” öz tamaşaçılarından razıdırmı?
– Əgər bir az efirdə tamaşanın reklamı gedirsə, tamaşaya bilet tapılmır. Məni ən çox sevindirən odur ki, daha çox gənclər gəlir. Sizi də dəvət edirəm, gəlin, özünüz görün. Sonuncu dəfə tamaşa sentyabrın 23-də Nəzakət Teymurova ilə olmuşdu. Zal tam dolu idi, tamaşadan sonra bəlkə də zalın yarısı ağlayaraq getdi. Bu, əsərin gücüdür, ondan doymaq, yorulmaq mümkün deyil. Bu əsəri 2008-ci ildə UNESCO-nun öz səhnəsində oxumuşuq. Qətərdə mədəniyyət naziri həmkarı Əbülfəs Qarayevlə birgə səhnəyə çıxdı və dedi ki, mən Bakıda bu əsəri gördüm və Qarayevdən xahiş etdim ki, Azərbaycan mədəniyyət günlərində bu əsəri Qətərdə də ifa etsinlər. O qeyd etdi ki, tamaşanın bəzi sözlərini başa düşməsə də, ağlayıb.
Yəni biz dünyanı ancaq muğamla təəccübləndirə bilərik, rokla, popla yox. Çünki heç kimi yamsılamırıq.
– Artıq neçə illədir ki, biz sizi ekrandan görürük. Amma görünüşünüzdə heç bir dəyişiklik yoxdur.
– Səhnə insanı dəyişməməlidir. O görünüşünə də, hərəkətinə də fikir verməlidir. Yəni hər zaman formada olmalıdır. Hətta 1 kq artıq çəkin olanda, o səhnədə bilinir. Tələbələrimə də həmişə deyirəm ki, çalışın, hər zaman formada olun.
– Boş vaxtlarını necə keçir?
– Boş vaxt heç olur ki? Olanda da ancaq ailəmlə, uşaqlarımla birgə vaxtımı keçirmək istəyirəm. Ailəmə çox bağlı insanam. Övladlarım yanımdadırsa, deməli hər şey yerli yerindədir.
– İnternetlə, virtual aləmlə aranız necədir?
– Hər axşam xəbər portallarına girirəm, hər gün ölkədə gedən prosesləri izləyirəm. Amma Facebook-da və digər sosial şəbəkələrdə yoxam. Mənim adıma səhifə açırlar, amma mən deyiləm. Heç bilmirəm fanatlar açır, ya başqa kim, amma mənimlə əlaqələri yoxdur. Mən elə sizin sayt vasitəsilə demək istəyirəm ki, açılan səhifələr mənə aid deyil. Həm vaxtım yoxdur, həm də sosial şəbəkələr vaxt çox aparır. Ora girsən xəstələnirsən.
– Qarabağlı kimi ATƏT-in Minsk Qrupunun fəaliyyətindən razısınızmı?
– Yox. Bizə nəticə lazımdır. Artıq 20 il keçib üstündən. Mənim torpağım qayıtmalıdır. Ya imkan verin özümüz qaytaraq, öz hüququmuzdan istifadə edərək torpağımız alaq. Mən niyə güzəştə getməliyəm ki? Azərbaycan Qarabağı heç cür güzəştə gedə bilməz. Biz Qarabağ problemini öz övladlarımıza qoya bilmərik. Qarabağsız muğam da yox olur. Artıq səslər səpələnib şoran bölgələrinə. Gərək o torpaqda yaşayasan ki, səs də ola. Ən azından bu gün Üzeyir bəyin ruhu çox narahatdır. Torpağımız bizdən küsüb, o xarabalıqlar bizimlə barışacaq?!
– Yaxın vaxtlarda tamaşaçıları konsert gözləyirmi?
– Fikrimdə var. Həm “Gəncləşən muğam” adlı tədbirimiz də var, amma konsert haqda da düşünürəm. 2012-də olmasa, 2013-cü ilin birinci yarısında mütləq olacaq.
– Mənsum müəllim həmkarlarının konsertinə getməyə vaxt tapır? Özü bilet alır, ya dəvət edirlər?
– Hər zaman gedirəm. Demək olar ki, dəvət edirlər. Bu artıq ənənədir.
– Necə düşünürsünüz, muğam ifaçısı toya getməlidirmi?
– Getməlidir. Toyda kim oxumalıdır bəs? Mən arzu edirəm ki, mənim övladımın toyunda Arif Babayev oxusun.
– Ailənizə vaxt ayıra bilmirsiniz. Bəs övladlarınıza görə valideyn iclasında iştirak etmisinizmi?
– Yox. Amma vaxtım olanda məktəbə gedib dərsləriylə maraqlanıram. Artıq iki övladım dövlət qulluqçusudur. Hər ikisi də Bakı Dövlət Universitetini qırmızı diplomla bitiriblər. Biri Xarici İşlər Nazirliyində, o biri isə Milli Məclisdə işləyir. Bir qızım Tibb Universitetinə 664 balla qəbul olub, hazırda ikinci kursda oxuyur. Sonuncu övladımın – oğlumun 8 yaşı var. Onların yaxşı təhsil almalarında analarının xidməti daha çoxdur. Çünki həyat yoldaşım müəllimədir. Mən səfərlərdə çox oluram, ona görə də çox vaxt ayıra bilmirəm. Amma anaları hər an onlarla məşğul ola bilir. Onu da deyim ki, övladlarım heç vaxt məndən, mənim adımdan istifadə etmirlər.
– Övladlarınızdan yolunuzu davam etdirən istəyən olub?
– Sonbeşik arada oxuyur. Amma düzünü deyim ki, istəmirəm. İstəyirəm ki, onlar başqa sahələrdə olsunlar. Bir ailədən bir nəfər bəsdir. Mən iradəm və səbrimin hesabına dözmüşəm. səbirli insan həmişə həyatda qazanır. Muğam müsabiqələrində həmişə mənə deyirlər ki, “nə vaxt baxıram sən elə həmişə gülümsəyirsən”. Bu mənə elə də rahat başa gəlmir. İnanın canlı efirdə, saatlarla səhnədə olmaq asan iş deyil. Orada haqlı və haqsız işlər də olur, əsəblərim dözmür.
Sevinc İltifatqızı