Gənc Tamaşaçılar teatrının aktyoru, rejissor Nicat Kazımovun Modern.az-a müsahibəsi.
– Hazırda yeni tamaşa hazırlamıram. İndi Gənc Tamaşaçılar Teatrında 2 tamaşam – “Qoca kloun tələb olunur” və “Hekayəti Şahzedeyi Xəzər” oynanılır. Birinci üç qoca sənət adamının taleyindən bəhs edir. İkinci tamaşa isə 10 yaşından yuxarı uşaqlar üçün nəzərdə tutulub. Bundan başqa, “Pəri cadu”, “Ana qaz” kimi tamaşalarım oynanılır. Ümumiyyətlə, teatrda 20-yə yaxın tamaşam var.
– Tamaşaçılar sizi əvvəlcə aktyor kimi tanımağa başladılar və sonradan rejissorluqla məşğul oldunuz...
– 1991-ci ildə Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsinə daxil olmuşam. Birinci kursdan da 2 il Gənc Tamaşaçılar Teatrında aktyor kimi işləmişəm. Ondan sonra Pantomima Teatr Studiyası açılıb və oranın ilk aktyorlarından olmuşam. 1996-cı ildə universiteti bitirmişəm və yenidən doğma teatrıma qayıtmışam. Qayıdanda da “Tık-Tık və Tuk-tuk” tamaşasını hazırlamışam.
– Siz həm də teleaparıcı kimi tanınırsınız. Amma yaşlı sənət adamları hesab edirlər ki, aktyorun teleaparıcı kimi çalışması onun özünü xərcləməsidir.
– 90-cı illərin əvvəllərindən dövlət televiziyasında diktor müsabiqəsi keçirilirdi. 3 min nəfərin içərisindən 3 nəfər qalib seçildik. Diktor olmaq istəmədim. Çünki elə olsaydı, gərək təhsilimi qiyabi şəkildə davam etdirəydim. Beləliklə, orda teleaparıcı kimi qaldım. Apardığım ilk veriliş 1992-ci ildə “Test proqramı” oldu. Bu, Gənclik Redaksiyasının əyləncəli, şou xarakterli bir proqramı idi. 1998-ci ilə qədər AzTV-də, daha sonra Space və İTV-də çalışdım. Hazırkı iş yerim ATV-dir. Mən aparıcılığa fərqli yanaşıram. Veriliş xoşuma gəlməsə, aparmaram. O ki qaldı yaşlı sənətkarların dediklərinə, əvvəla, teleaparıcılığın özü də aktyorluqdur. İndiyə kimi apardığım hər verilişdə bir obrazda olmuşam. Bunlar ayrı-ayrı rollardır. Mən verilişin strukturuna uyğun olaraq rol oynayıram.
– Teleaparıcılıq fəaliyyətiniz maddi duruma görə deyil?
– Hər zaman gizlətmədən demişəm ki, televiziyaya yalnız maddi duruma görə gedirəm. Teatrdakı məvacibim daha çox olsaydı, ayağımı qırağa atmazdım.
– Teatrda məvacibiniz nə qədərdir?
– İki ştatda işlədiyimdən 340-350 manat alıram.
– Hələ də eviniz yoxdur?
– Yoxdur.
– Bəs avtomobil?
– Var. Amma elə də bahalı deyil. Yaxınlarda maşınımı ustanın yanına aparmışdım. Dedi ki, siz belə maşın sürürsünüz? Cavab verdim ki, mənimçün maşın ayağımı yerdən götürmək, işlərimi görmək üçündür. Əlbəttə, imkanım olsa, mən də “Porsche” sürmək istəyərdim. Bu gün məndə 2002-ci ilin buraxılışı olan “RAV 4” avtomobilidirsə, buna da şükür!
– O maşını neçəyə almışdınız?
– İndiyə kimi 3 avtomobilim olub və hər üçünü kreditlə götürmüşəm. Bundan əvvəl “Vaz 2107” və “Pajero” avtomobillərim olub. Bu avtomobili 22500 dollara almışdım.
– Amma 8 il əvvəl həmin pula ev də almaq olardı.
– Axı mən bunu nağd pula almamışam.
– O formada ödənişlə ev də almaq mümkündür axı...
– Xeyr. İndi bu maşın 13-14 min dollaradır. Kim bu maşınımı götürüb əvəzində ev verirsə, razıyam. Aybaay da 200-300 manat kredit ödəyərəm.
– Bildiyimə görə geyimbazsınız... Elə qazancınızın da böyük hissəsi geyimlərə gedir.
– Elədir. Üzdə olduğuma görə yaxşı geyinmək vacibdir. Mənimçün geyimin qiyməti vacib deyil. Çox ucuz bir şey almaq olar ki, heç kim onun bu qədər ucuz olduğuna inanmaz.
– Bir geyimə ən çox nə qədər pul vermisiniz?
– Məsələn 80 manata gödəkcə almışam. Elə də olub ki, satışda 2 min manata olan “dublyonka”nı mənə 700 manata satıblar. Mənə hər zaman hörmət ediblər. Amma xaricdə daha çox keyfiyyətli mal almağa çalışıram.
– Sizin teatrda uğurlu alınan tamaşalarınızın əksəriyyətində daha yaşlı aktyor və aktrisalar rol alırlar. Bu gənclərə güvənməməkdir, yoxsa başqa bir səbəb var?
– Səhv edirsiniz, əksinə, mənim tamaşalarımda gənclər, cavanlar oynayırlar. 1996-cı ildən bu yana bizim teatra gələn bütün cavanlar birinci mənim tamaşalarımda rol alıblar. Yaşlı aktyorlarla az işləyirəm. Çünki götürdüyüm əsərlərdə onlara uyğun rol olmur. Məsələn, vaxtında xahiş elədim ki “Pəri cadu” tamaşasına 16 yaşdan aşağı tamaşaçılar buraxılmasın. Bu tamaşada baş rol ola Pəri Cadunun yaşı yazılmayıb. Doğrudur, bu rolu oynayan aktrisanın yaşı 40-dan çox olsa da, tamaşaçı ona maksimum 30-35 yaş verir. Məsələn, sonuncu “Qoca kloun tələb olunur” tamaşamda əsas rolları gənclər oynayır. Aralarında ən yaşlı mənəm ki, 70 yaşlı bir insanı oynayıram. Manaf Dadaşov və Elnur Kərimovun isə 31 yaşları var. Amma düşündüm ki, bu rolları cavanlar oynamalıdırlar. Çünki burada fiziki baxımdan hərəkətlər çoxdur. İndiyə kimi heç kəs mənim rol bölgümdən narazı qalmayıb. Bəlkə də teatrda bacardığım ən yaxşı iş rol bölgüsüdür.
– Yayda 40 yaşınız tamam oldu. Bu qədər tamaşaları, televiziya fəaliyyəti... Hələ də fəxri adınız yoxdur...
– 40 yaşımı benefis olaraq keçirdim. Çünki yubiley əllidən sonra sayılır. Açığı nə ad günümdə, nə də indi fəxri ad gözləyirəm. Versələr də sağ olsunlar, verməsələr də.
– Bu “sağ ol” narazılıq mənasındadır?
– Tamaşalarıma baxmısınız. Fəxri ad alsam mənə daha çox hörmət edəcəksiniz!?
– Yəni demək istəyirsiniz ki, fəxri ad heç nəyi dəyişmir?
– Bəli.
– Onda niyə fəxri ad üstündə dava gedir?
– Heç vaxt buna görə dava eləməmişəm. Mənimçün ilk növbədə işləməkdir. Gördüyüm iş tamaşaçıların, aktyorların ürəyincədirsə, məni qida ala bilirəmsə, nə xoş halıma. Bu yaxınlarda Çexiyada beynəlxalq “Teatr fanatları” festivalının jürisi kimi iştirak edirdim Avropa tamaşalarına qiymət vermək üçün dəvət alıramsa, mənə bundan yaxşı qiymət nə ola bilər ki? Həmin səfərin bütün xərclərinin teatrımızın direktoru Mübariz Həmidov teatrın hesabından ödədi. Çünki mən orda bütün Azərbaycan teatrını təmsil edirdim. Ondan əvvəl isə Moldovada festivalda jüri olmuşdum.
– Rejissor Nicat Kazımov üçün zövq alaraq çalışdığı 3 nəfər aktyor və aktrisa kimdir?
– Hansısa aktyordan ləzzət ala bilmirəmsə, o mənim ikinci tamaşamda rol ala bilməz. Amma davamlı işlədiyim aktyor və aktrisalar Elnur Kərimov, Vüsal Mehrəliyev, Naibə Allahverdiyeva, Manaf Dadaşov və Kəmalə Hüseynovadır. İstedadlı gənc aktrisalarımız da çoxdur. Məsələn, bu yaxınlarda beynimə yeni ideya gəlib. Adını belə çəkmək istəmədiyim əsəri xalq artisti Ağaxan Salmanlıyla işləmək istəyirəm. Aktyor olaq üçün fədailik, fanatizm lazımdır.
– Son illər Gənc Tamaşaçılar Teatrında aktyor-rejissor intriqası bitmək bilmir. Bildiyimə görə Bəhram Osmanovun gəlişindən sonra verdiyi açıqlamalar yenidən teatrda problem yaradıb. Yeni baş rejissordan nə gözləntiləriniz var?
– Teatrda heç bir narazılıq yoxdur. Hər bir ailədə hətta iki qardaş da yola getməyə bilər. Həm də 3 il əvvəl hansısa intriqaya gedirdimsə, indi yaşlanmışam və o şeylər mənə gülməli gəlir. Hər gün teatrdayam, Bəhram Osmanovla da heç bir problem yoxdur. Yanvar ayından sonra tamaşa hazırlayacağam. Bir yerdə otururuq, söhbətləşirik. Fikrimi öyrənir ki, hansı tamaşaları hazırlamaq istəyirəm. Mən də öz istəklərimi bildirmişəm. İşləmək istəyən adam başını aşağı salıb işini görməlidir. Cənnət Səlimovayla da anlaşılımazlıq vardı və özüm yaxınlaşıb məsələni yoluna qoydum.
İntiqam Valehoğlu