Modern.az

“Sarı gəlin” müğənnilərimizi ayırdı: kim ermənilərlə birgə oxumaq istəyir? - SORĞU

“Sarı gəlin” müğənnilərimizi ayırdı: kim ermənilərlə birgə oxumaq istəyir? - SORĞU

Mədəniyyət

1 Noyabr 2012, 17:45


Rusiya Azərbaycanlıları Federal Milli Mədəni Muxtariyyəti (“AzərRoss”) və  Rusiya Erməniləri İttifaqının Moskvada “Rusiyanın Azərbaycan və erməni diasporu: millətlərarası dialoq” mövzusunda  keçirdiyi dəyirmi masada “Sarı gəlin” adlı müsiqi festivalının keçirilməsi məsələsi razılaşdırılıb. Festivalın keçirilməsi ilə bağlı noyabr ayının 16-da diasporların yenidən daha geniş tərkibdə toplaşacağı gözlənilir. Festivalın nə vaxt keçirilməsi haqqında hələ ki, dəqiq tarix məlum deyil.
Bu, ermənilərin növbəti hiyləsi deyil ki? Bəs görəsən belə bir  festival keçiriləcəyi təqdirdə, Azərbaycanın tanınmış mədəniyyət nümayəndələrinin ora qoşulacağı gözlənilirmi?
Mövzu ilə bağlı Modern.az mədəniyyət nümayəndələrinin fikirlərini öyrənib.

Azərbaycan estradasının tanınmış simalarından olan müğənni Azərin belə bir addımın düzgün olmadığını deyib:

“Mən bu fikri düzgün hesab etmirəm. Əgər bu festival “Sarı gəlin” adı ilə bütün dünya musiqiçiləri arasında keçirilsə idi, o başqa məsələ. Amma bugunku vəziyyətdə, Azərbaycan və erməni diasporları arasında anlaşılaraq, belə bir festivalın keçirilməsi artıq bizi şübhələndirir ki, “Sarı gəlin” bizimdir, yoxsa  yox? Xeyir ola ki, biz ermənilərlə “Sarı gəlin”i ortaya qoyub onun festivalını keçiririk? O ermənilərlə ki, bu gunə qədər dünyanı öz yalanları ilə dağıdırdılar ki, “Sarı  gəlin” onlarındır. Artıq bunun çəkişməsini etmək belə, gülməlidir. Mən bu məsələyə çox pis baxıram. Bu artıq gec qalmış bir məsələdir. “Eurovision“la bağlı Azərbaycana qatılan butun müsabiqə iştirakçılarının hamısı “Sarı gəlin”i oxuyurdu. Buna bütün dünya mediası da şahid oldu. Bu o deməkdir ki, “Sarı gəlin”in artıq Azərbaycan mahnısı olması qəbul edilib. Düşünürəm ki, diasporlar tərəfindən atılan bu addım çox səhv addımdır. Bu festivala qoşulmaram”.

Müğənni Azər Zeynalov
da öz  həmkarı ilə eyni fikirdədir: “Belə bir addım düzgün sayıla bilməz. Bu, artıq  “Sarı gəlin“ musiqisini şübhə altına alır. Təbii ki, bu festivalda iştirak etmərəm”.                                   “

Musiqiçi Sevda Ələkbarzadə isə belə bir festivalın yalnız Azərbaycanda keçirilməsinin tərəfdarıdır: “Doğrusu, bununla bağlı mənim informasiyam yoxdur. Amma  istərdim ki, bu festival yalnız azərbaycanlılar tərəfindən keçirilsin. "Sarı gəlin" türk dünyasına aiddir, bizim musiqidir. Ona görə də bütün dunya bu musiqinin bizim olduğunu bilməlidir. Bizim musiqiçilərin də vəzifəsi odur ki, bu mahnını bütün dünyada azərbaycanlıların xalq musiqisi kimi təmsil etsin”.

Müğənni Abbas Bağırov belə bir festivalın keçirilməsini yaxşı qarşılayır: “Bu festivalın keçirilməsinə yaxşı baxıram. Niyə də getməyim? Azərbaycana və Azərbaycandan kənarda yaşayan azərbaycanlılara dəstək olmaq üçün bu festivala qatılaram”. 

Muğam ustası Aygün Bayramova da festivalın keçirilməsini müsbət qarşılayıb: “Məncə, bu, yaxşı fikirdir. Ermənilər həmişə deyir ki, “Sarı gəlin” onlarındır. Amma hamı bilir ki, bu, onların mahnısı deyil, onlar bir oğru millətdir. Mənim vaxtım olarsa, niyə də iştirak etməyim?".

Bəstəkar Firudun Allahverdi də belə bir festivalın keçirilməsini yaxşı hal hesab edir: “Bu informasiyanı ilk dəfədir ki, sizdən eşidirəm. Bütün hallarda bunu ümumən, yaxşı hal hesab edirəm. Yəqin ki,  insanların bir-birilə döyüşməyindənsə, bir yerdə mahnı oxumaları hər iki tərəf üçün xeyirli ola bilər. Amma mən bir az da bu məsələyə skeptik yanaşmağa məcburam”.
F.Allahverdi festivalın keçiriləcəyi məkanla bağlı qeyd edib ki, Moskvada yaşayan azərbaycanlılar və ermənilər arasında problem yoxdur:
“Onların əslində heç festivala da ehtiyacları yoxdur. Mən dünyanın əksər ölkələrində görmüşəm ki, azərbaycanlılar və ermənilər nəinki bir yerdə yaşayırlar, bir yerdə mahnı da oxuyurlar, çox rahatdırlar. Ona görə də regiondan kənarda belə tədbirlərin keçirilməsini iki ölkə arasında sülh prosesinə müsbət təsirinin çox olacağına bir az şübhə edirəm, ola bilər ki, bir az olsun. Bu, müəyyən bir stimul ola bilər. Azərbaycanlılar və ermənilər arasındakı konflikti azərbaycanlılar və ermənilərin özləri həll etməlidirlər. Bütün tədbirlər də bu regionda keçirilməlidir. Regiondan kənarda olanda ya qrafik dəyişikliklər olur, ya da kimlərinsə maddi maraqları olur. Amma burada keçirilsə, daha yaxşı olar. Mən bunu müsbət qarşlayıram,  amma bundan böyük bir xeyir gələcəyinə şübhə edirəm “-deyə bəstəkar bildirib.

Təqdimatı Muğam Mərkəzində olmuş “Sarı gəlin” filminin ssenari müəllifi İdris Heydərli də məsələyə münasibət bildirib:
“Erməni tarixini yaradan öncə fransız alimləri, daha sonra ruslardır. Metodoloji olaraq təməlləri onlar hazırlayıblar. Əgər istəsələr, “Sari gəlin”i deyil, ağlımıza gələn və gəlməyən nə olursa-olsun, onu erməniləşdirə bilərlər. Bu nağıllar bitməyincə, “Sarı gəlin”ə nə don biçsələr, geyinmək zorundayıq. Moskvada erməni və Azərbaycan icmalarının görüşündə səsləndirilmiş fikir də buna bənzər bir cəhddir”.

Nihadə Eyyubova

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi