Modern.az

“Xoca”nın bacası...

“Xoca”nın bacası...

Mədəniyyət

7 Noyabr 2012, 10:16

ORADAN BAXSAQ,  VƏTƏNPƏRVƏRLİK VƏ HUMANİZM QILAFINA BÜRÜNMÜŞ KOSMOPOLİTİZM VƏ  SİYASİ  KONYUKTURA GÖRƏRİK...

“BURADA YALNIZ BİR AD YADDA QALMALIDIR: AYAZ!..”  

Məmləkətimizdə və ümumiyyətlə dünyada tərəfsiz baxış problemi yaşanır. Yəni, çox nadir şəxslər hər hansı bir hadisəyə, prosesə, o cümlədən əsərə  müstəqil, heç bir şəxsi və ya qrup mənafeyinə söykənmədən, yalnız Allah rizası üçün münasibət bildirir.  Belə müstəqil baxışlar isə ya media tərəfindən işıqlandırılmır, işıqlandırılsa da üstünlük təşkil edən digər qərəzli fikirlər arasında  kölgədə qalır... Demokratiyadan, fikir azadlığından dəm vuran müasir dünyada əslində həm maliyyə, həm də informasiya diktaturası hökm sürür. Nəticədə dünyanı Allahın əlindən alıb idarə etməyə(əstəgfürullah!) mənasız cəhdlərdə bulunan qüvvələr kimi istəsələr, məşhurlaşdırır, kimdən xoşlanmasalar, qara sıyahıya salırlar... Hakim güclərin ssenarisinə uyğun gəlməyincə heç kəs özbaşına hədsiz varlana, yaxud   məşhurlaşa bilməz. Kimsə müstəqil şəkildə müəyyən həddədək məşhurlaşsa belə, uzun müddət gündəmdə qalması mümkün deyil...

Hər hansı sənət əsərinə, kinofilmlərə də münasibət belədir. Əsəri kimin yazması və  hansı qüvvənin ssenarisinə uyğun yaratması önəmli rol oynayır. “Xoca” filmini ixtisasca əla kinematoqraf olan sadə bir gənc çəksəydi, onu yuxarılarda heç kəs bəyənməz, heç  bir kinoteatra da buraxmazdılar, buraxılsa da, haqqında yüzlərlə tənqidi məqalələr dərc olunar, müsahibələr verilər, bir sözlə, gözdən salınardı...

Aqil Abbasın çəkdirdiyi “Dolu” filmi haqqında tənqidi fikirlər çox səslənir, ancaq Vahid Naxışın “Xoca” filmi barədə fevral ayından bəri kinodramaturq  Eldəniz Quliyevdən başqa tanınmış bir mədəniyyət xadiminin, yaxud köşə yazarının tənqidi fikrinə rast gəlməmişəm. Görünür, bu da ondan irəli gəlir ki, Aqil Abbasın yalnız daxili dayaqları, Vahid Naxışın isə həm də beynəlxalq “arxası” var... Judnalistlər Elbrus Ərud, Aydın Xan “Dolu”nu “yıxıb sürüyüb”,  amma oxşar mənfi məqamlarla yanaşı, digər xoşagəlməz cəhətləri də olan “Xoca” haqqında bir kəlmə də söyləməyiblər...

Aqil Abbas özü də  yazıçı Anarın və kinodramaturq Eldəniz Quliyevin “Xoca” filmi barədəki fikirlərinə, eləcə də “Dolu” filmi haqqındakı tənqidlərə yarımçıq münasibət bildirib. Bilirəm ki, Aqil müəllimin ürəyindən çox şeylər keçib, amma təəssüf ki,  söyləməyib...

Elbrus Ərud “Dolu”nun nöqsanlarla dolu olduğunu, Aydın Xan filmdə bölgəçiliyin, “qarabağizm”in, “ağdamizm”in yer aldığını göstərir. Amma heç kəs demir ki, “Xoca”da da kifayət qədər uyğunsuzluqlar və anaxronizmlər(əsərin bəhs etdiyi dövrlə uyğungəlməyən detallar) var. Və  filmdə ən başlıcası iki mənfi cəhət yer alıb: kosmopolitizm (milli  və dövlət müstəqilliyini, milli adət və ənənələrin üstünlüyünü inkar edən baxış) və siyasi konyuktura(hər hansı siyasi qüvvənin marağını əks etdirmək). 
Müəlliflər hadisələrə, müharibəyə guya bəşəri baxımdan yanaşaraq “dünyanı sevgi xilas edəcək”   xəttinə önəm verirlər. Nəticədə  Xocalı faciəsinin bir sıra həqiqətləri kölgədə qalır. Vahid Naxış rəhmətlik qardaşı Çingiz Mustafayevin 20 il əvvəl lentə aldığı gerçəklikləri sadəcə, malalayır... Haykların sionist-xristian birliyinin dəstəyi ilə dinc müsəlmanlara, Azərbaycan türklərinə qarşı törətdiyi vəhşiliklər,  insan cəsədlərinin başına gətirdiyi amansız oyunlar qabarıq şəkildə nəzərə çarpdırılmır... Halbuki,  erməni terrorizminin həqiqətlərini dünyaya çatdırmaq baxımından Xocalı soyqırımından bəhs edən  filmdə mütləq bir və ya bir neçə erməni terrorçusu obrazı yaradılmalıydı ki, yerli və xarici tamaşaçının nifrət obyektinə çevrilsin. Amma filmdə heç bir erməni adı da vurğulanmır. Və nəticədə “Xoca”da   tamaşaçının nəzərləri daha çox Bakıdakı toy mərasiminin sahibi  iri, ətli sifətindən tamahkarlıq,  millətin, Qarabağın taleyinə laqeydlik yağan Ayaz İlyasoviçə yönəlir. Və beləliklə, o, filmdə əsas nifrət obyektinə çevrilir. Elə siyasi konyuktura da əsasən bu obrazda cəmlənib. Məhz  Ayaz obrazını yaratmaqla “Xoca”nın müəllifləri iki məsələdə udublar; birincisi, ölkə daxilindəki dayaqlarını möhkəmlədərək filmin daha çox reklam edilməsinə şərait  yaradıblar, ikincisi isə “Xoca”nın beynəlxalq aləmə çıxmaq şansını artırıblar... Ortabab bir tamaşaçıya da bəlli olur ki,  səhv etmirəmsə, restoran müdiri kimi təsvir edilən Ayaz İlyasoviç əslində Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibovun bədii hiylə yolu ilə yaradılmış obrazıdır. Yəni, hüquqi baxımdan heç kəs sübut edə bilməz ki, Vahid Naxış filmdə qəsdən Ayaz Mütəllibov haqqında  mənfi rəy yaradıb. Ancaq detallar hər şeyi açıq göstərir. Artıq filmin 22-ci dəqiqəsində köməkçilərindən birinin restoran müdirinə “Ayaz İlyasoviç”-deyə müraciəti “xoruzun quyruğunu” göstərir. Filmə ilk dəfə kinoteatrda baxarkən bir çoxları kimi  mən də bu müraciəti məhz “Ayaz Niyazoviç” kimi eşitdim. Filmdə cəmi bir dəfə səsləndirilən bu müraciətdə səslərin alliterasiyası,  oxşar səslənişi tamaşaçını müəlliflərə lazım olan hədəfə yönəldir. Bundan başqa Ayazın  qızının toyunda geymək üçün hazırlatdığı ağ “dvuxbortnı” kostyumdan danışarkən “bunu  Bakıda ilk dəfə mən geyməliyəm”- deməsi   hakimiyyətdə olduğu dövrdə eks-prezident barədə xalq arasında gəzən şayiələrdən birinə söykənir. Və film boyu eks-prezidentin ağ kostyumdakı şəkillərinin dəfələrlə nəzərə çarpdırılması həlqəni qapayır... Filmin 42-ci dəqiqəsində Ayaz İlyasoviçin tamadaya xitabən  “Burada yalnız bir ad yadda qalmalıdır: Ayaz!..” söyləməsini  isə “Xoca”nın leytmotivi adlandırsaq, yanılmarıq...  

Əsərdəki anaxronizmlərə gəldikdə ən çox gözə çarpan Ayaz İlyasoviçin qızının toyunda iştirak edən erməni dostları arasında  guya o zaman Bakının   Şaumyan rayonu prokurorluğunun məsul işçisi olan Arturun və oğlu Seyranın nümayiş etdirilməsidir... Heç kəs demir ki, cənab Vahid Naxış, axı 1992-ci ilin fevralında – ermənilərlə müharibənin qızğın çağında Bakıda nə Şaumyan rayonu vardı, nə də orada işləyən vəzifəli ermənilər... Bu, ağ yalan da siyasi konyukturanın bariz nümunəsidir...

Kimsə Xocalı faciəsində o zamankı dövlət başçısı Ayaz Mütəllibovun hüquqi və  mənəvi məsuliyyət daşıdığını inkar edə bilməz. Amma söhbət filmdə həqiqətlərin necə əks etdirilməsindan gedir. Dolayı, məkrli üsulla  xəyanətkar obrazı yaratmaqdansa,   hakimiyyətdə qalmaq istəyən qüvvələrlə yanaşı, hakimiyyətə gəlmək istəyən qüvvələrin də  Xocalıdakı  soyqırıma optimal şərait yaratmasını ifadə etmək mümkün idi...

“Xoca”nın mənfi cəhətləri barədə söhbəti uzatmaq olar. Filmi kino mütəxəssisləri, o cümlədən Eldəniz Quliyev daha düzgün və ətraflı təhlil edə bilərdi. Təəssüf ki, o, fikirlərini açıq şəkildə, arqumentlərlə göstərmədiyindən münasibətində qərəzçilik nümayiş etdirib. Elə ona Vahid Naxışın əvəzinə cavab verən Mir Şahin də qərəzçiliyə və eyni zamanda jurnalistə yaraşmayan təkəbbürə yol verib... O, Eldəniz  Quliyevi guya  tanımadığını və  kinodramaturqun fikirlərini Ağ Evin qarşısındakı bir dilənçinin fikirləri kimi heçə saydığını söyləyib... Əvvəla, bu gün dövlətli olan bir kəsin sabah dilənməyəcəyinə heç bir qüvvə zəmanət verə bilməz... İkincisi də,  dilənçi də Allah bəndəsidir və  dilənçilərin çoxunun keçmişini, kimliyini, mənəvi simasını bilmirik. Azərbaycanda bir sıra şairlər, yazarlar, alimlər, eləcə də  Qarabağ döyüşçüləri var ki, vicdanları təmiz olduğundan, yalan demədiklərindən,  həqiqətin başına ip dolayıb sürüməklə, batilin gözünə həqiqət qatıb reytinq qazanmaqla müstəqillik,  Vətən, millət,  Qarabağ idealları üzərində  karyera qurmadıqlarına görə bu gün maddi baxımdan dilənçi gününə düşüblər... Belə çıxır ki,  “Xoca” haqqında bir fikir söyləsələr, onlara da belə saymazyana üstdən aşağı baxacaqsınız?.. Bu, bütövlükdə xalqa  təkəbbürlü baxışın nümunəsi deyilmi?..Diogen də Afina sarayları ətrafında dilənçi kökündə yaşayardı, amma öz məntiqi ilə dünyaya meydan oxuyan  İskəndərə dərs verərdi... Həzrət Əli(ə.s.) buyurur ki,  sözə kimin dediyinə görə yox, mənasına görə dəyər ver...

Hər halda “Xoca”   iyirmi ildən sonra sırf Xocalı faciəsi  haqqında ik bədii film olduğundan onun çəkilişində zəhmət çəkmiş hər kəs; yaradıcılar, aktyorlar alqışa layiqdir. Amma bir tamaşaşı kimi bu soyqırımı haqqında filmi  başqa cür görürdüm...

...Keçmişdə evlərin bacası olardı: oradan içəri baxsan, evdəki hər şey aydın görünərdi... Elə hər şeyin məcazi mənada bir bacası var... Hər bir prosesə, hadisəyə çəpəki, yanakı, yarımçıq, gözüqıpıq yox, düz baxmaq lazımdır ki, ondakı həqiqətləri, mahiyyəti görə biləsən... “Xoca”nın müəlliflərinə yox, özünə bacasından – üstdən aşağı, düz baxmağa çalışdım... Sizlərə də bu filmə, eləcə də onun haqqında mənim yazdıqlarıma belə baxmağı və nə gördüyünüzü açıq söyləməyi təklif edirəm...  

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi