Modern.az

“Danışan Çarli Çaplin”imiz - Yaşar Nuri

“Danışan Çarli Çaplin”imiz - Yaşar Nuri

Mədəniyyət

22 Noyabr 2012, 15:30

Yaşar Nurini ilk dəfə nə vaxt görmüşəm? Bu mənhus xəbər çıxan gün nədənsə bu barədə düşündüm. Bağlayıb yaddışımın bir küncünə qoyduğum sovet uşqlığımın xatirələrini eşələyib tapdım: onu ilk dəfə uşaq vaxtı “Şir evdən getdi” filmində görmüşüdüm. Xoşbəxt sovet uşaqları üçün çəkilmiş bu şən filmdə Yaşar Rüstəmin atasını oynayırdı. Şiri evdə görən Yaşarın qorxudan dim-dik quran saçları həmişə məni güldürürdü.

Onun adı ailəmizdə xüsusi hörmətlə çəkilirdi. Mərhum atam onu sənətinin vurğunu idi. Uzaq 80-lərin isti xatirələr güzgüsünə baxdıqca xatırlayıram: “Qatarda” tamaşasındakı Dadaşov obrazına maraqla baxırdım. Uşaq ağlı ilə başa düşə bilmirdim ki, axı niyə bu hamını aldadan çəkməçidən kim olduğunu soruşmurlar? Atamdan “axı niyə?”-deyə israrla soruşurdum. O isə Dadaşovun tamaşadakı “haaa” frazasını təkrarlayıb gülürdü. Çox sonralar anladım ki, haqqı yeyən gözükölgəli adamlar qorxurlar “axı sən kimsən” sualını Dadaşova verməyə. Yaşarın “Dadaşov”u arzuları içində boğulmuş, ömrü boyu haqsızlıq görmüş bir insanın üsyanı idi. Yaşar bunu elə ustalıqla oynamışdı ki...

...Onun qəhrəmanları gülməli danışsalar da, yaşadıqları ömür faciəvidir. İstər Dadaşov, istərsə gənclik sevgisi ömrünü yandırmış İsrafil, sovet boşboğazlıqlarından və qəddarlığından bezərək,  içkiyə qurşanmış Mahmud Doktor və digərləri... Yaşar obrazlarının daxili kədərini çox gözəl oynayırdı.  

...Yaşarın əsas qəhrəmanları hər gün yanımızdan ötən sadə insanlardır. Onun tarixi fəth edən, pafos püskürən qəhrəman obrazları yoxdur. Yaşarın tamaşalarda, kinoda oynadığı obrazları biz hər gün ətrafımızda görürürk, bəziləri isə lap tanışlarımızıdır. Ona görə də Yaşar xalqa bu qədər doğmadır.

...Yaşar Nuri nədənsə mənə “danışan Çarli Çaplini” xatırladırdı: replikaları, mimikaları və gözləri ilə... Çaplinsayağı “kiçik adam”ların böyük dərdlərini açan Yaşarın sarkazm və istehzası öldürücü, yumoru şirin idi.   

Nikbinlik simvolu olan simasında qəribə bir işıq, insanı həyata bağlayan optimizm var idi. Dəyərli adam vəfat edəndə “xalqın kisəsindən getdi” deyirlər... Yaşar da getdi... “Xalqın kisəsindən” getdi...         

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi