Doğulan hər uşaq nurdu-işıqdır,
Oğlanlar arxadır, qız yaraşıqdır...
Allah sənə rəhmət eləsin, şair, düz deyibsən, qeyrətli-təpərli oğlanlar ata-ananın gücü-taqəti, namuslu-ismətli qız uşaqları isə evlərimizin şöləsi-közərtisidir...
Elxanın dünyaya gəlişinə ailə üzvləri çox sevinmişdi. Anası Sevil xanım onun boyunu əzizləyəndə: “Balam düşmən toxmağıdır!”, – deyərdi. Aylar, illər bir-birini əvəz etdikcə, Elxan yaşıl pöhrələr kimi buğum-buğum böyüyüb qol-qanad açdı, yerişi-duruşu ilə doğmalarını sevindirdi.
Elxan 2006-cı ilin sentyabrında Cəbrayıl rayonu Xanış Rüstəmov adına Yuxarı Mərcanlı kənd tam orta məktəbin birinci sinfinə qədəm qoyanda bir daha ona xeyir-dua verənlərin üzlərini güldürdü. 2015-ci ildə oxuduğu məktəbin IX sinfini bitirdi. Ötüb keçən 9 il ərzində Elxan müəllimlərdən və oxuduğu kitablardan çox şeylər öyrənmiş, həyata, insanlara baxışı müəyyən qədər formalaşmışdı. Artıq bilirdi ki, Vətən xalqın sabahı, torpaq güzəranı, səddi-sərhəddidir. Ədəbiyyat müəllimindən eşitdiyi qiymətli kəlmələr yaddaşında dərin iz salmışdı:
“Uşaqlar, yaxşı yadınızda saxlayın, ulu Qorqud Dədəmiz deyib ki, torpağı əkib-becərməklə iş bitmir, gərək onu yadellilərdən qorumağı da bacarasan!”.
Oxuduğu kitablardan da Vətən, torpaq, ana təbiət barədə müdriklərin dediklərini unutmamışdı... Ağlı kəsəndən sonra camaatın doğma ev-eşiklərindən didərgin düşməsinin səbəbini də bilirdi. Hərdən özü-özünə sual verirdi: “Axı, bu murdar xislətli ermənilərin müqəddəs torpaqlarımızda nə işləri var? Onlar niyə çəkilib öz xarabalarında oturmurlar? Görəsən, biz nə vaxt o alçaqların dərsini verəcəyik?”.
Sonra da xeyli düşünüb, ürəyinin diqtə etdiyi sualları cavablandırırdı: “Yox, daha gözləməkdən kar aşmaz, düşmənin dişində şirə qalıb, biz dinmədikcə o, gündən-günə azğınlaşaraq üstümüzə yenidən ayaq açmaq fikrinə düşəcək. Bu işi belə qoymaq olamz. Hökmən onlardan şəhidlərimizin, torpaqlarımızın sinəsində sızlayan dərin yaraların, doğma yurd yerlərindən didərgin düşən qaçqın və köçkünlərin qisası alınmalıdır”.
Təhsil aldığı məktəbin direktoru Elsevər Kalbalıyev:
– Mənsub olduğu ailənin güzəranı o qədər də qəlbaçan olmadığından Elxan 2015-ci ildə IX sinfi bitirib, halal bir işin qulpundan yapışmaq istəyi ilə məktəbdən çıxdı. Uşaqlıq, yeniyetməlik vaxtlarında ata-anasının yurd yeri olan Cəbrayıl barədə söhbətləri, məktəbdə aldığı vətənpərvərlik tərbiyəsi, artıq gəncliyin astanasından içəri keçən Elxanın doğma torpaqlara yönəlik məhəbbətini alovlandırırdı.
Elxan 2018-ci ilin aprel ayında hərbi xidmətə çağrılmağına çox sevinir. 2019-cu ilin oktyabrında hərbi xidməti bitirib, geri qayıdır...
Əsgərlik həyatını yaşadığı müddətdə Elxan bərkdən-boşdan çıxdıqca möhkəmlənmiş, həyatın sərt üzünü dəfələrlə görmüşdü. Bununla belə, yurda keşik çəkən ərən oğulların yanına qayıtmaq istəyirdi. 2019-cu ilin noyabrında sənədlərini orduda müddətdən artıq xidmət etmək üçün “hərbi komissarlığa” verib arzusuna çatdı. Bir neçə həftəlik hazırlıqdan sonra xüsusi təyinatlı qüvvələrin tərkibində MAXE kimi fəaliyyətə başladı.
Vətən müharibəsində Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, Laçın və Şuşa uğrunda döyüşlərdə baş kəşfiyyatçı kimi çox fədakarlıqla iştirak etdi. Son 30 ilə yaxın zaman kəsiyi ərzində düşmənin viran qoyduğu yaşayış məntəqələrimiz geri alındıqca, Elxan üzləşdiyi xarabalıqlarda izləri qalan erməni vəhşətindən dəhşətə gəlirdi.
“İlahi, bu ikiayaqlı məxluqları niyə şeytani xislətdə xəlq eləmisən? Axı, bizim onlarla heç bir ədavətimiz olmayıb, bu faşist cildinə girən yaramazlar torpaqlarımızın hər qarışını murdarlasalar da, kin-küdurətləri yenə də soyumaq bilməyib. Allah evi kimi zaman-zaman əzizlədiyimiz məscidlərimizi dağıdıb, Tanrının himayəsinə sığınıb torpağın qoynunda uyuyan ölülərimizin qəbirlərindən də heyflərini çıxıblar!” - deyib haray çəkdi. Bir daha and içdi ki, düşməndən bütün gördüklərinin qisasını almaq üçün son nəfəsinə qədər çarpışacaq...
Andına sadiq qalan bu igid oğlan şanlı hərb tariximizin bundan sonra yazılacaq səhifələrində qürur hissiylə dönə-dönə xatırlanacaq Şuşa şəhəri uğrunda gedən döyüşlərdə əlbəyaxa olduğu xeyli sayda erməni yaraqlısını məhv etdi...
2020-ci ilin 6 noyabr tarixində növbəti döyüşlərdən birində ağır yaralanaraq komaya düşən Elxanı ölmüş bilib morqa yerləşdirdilər. Bundan 2 gün sonra bir valideyn şəhid övladının nəşini morqdan götürərkən xırıltı səsi eşidir. Bu, heç demə Elxanın səsi imiş. Həmin şəhid atası vaxt itirmədən bu barədə başqalarına da xəbər verir... Amansız taleyin gərdişinə bax ki, Elxanı ölümün pəncəsindən xilas etmək üçün yolla irəliləyən tibbi yardım maşını qəfildən minaya düşsə də, artıq çöhrəsində ölümün kölgəsi açıq-aşkar görünən bu igidi axır ki, Bakıdakı hospitala çatdıra bilirlər. Düz 40 gün xəstəxanada koma vəziyyətində qalan və iki dəfə ağır cərrahiyyə əməliyyatı ilə üzləşən Elxan Hüseynovu son nəticədə ölümün pəncəsindən xilas etmək mümkün olmur.
Şərəfli döyüş yolu keçən mərd və cəsur hərbçi Elxan Maarif oğlu Hüseynov 13 dekabr 2020-ci il tarixində şəhidlik zirvəsinə ucalır.
Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunması onun döyüşlərdə göstərdiyi qəhrəmanlığının ən bariz nümunəsidir. Allah şəhidimizə rəhmət eləsin!
Qələbənin-zəfərin dadı çox şirin, qürurverici olur, – deyənlər yanılmayıblar. İndən belə hər qarışı şəhid qanına boyanmış Qarabağ torpaqlarında yazağzı əlvan çiçəklər açılanda şəhidlərimizin müqəddəs ruhları dönə-dönə sevinəcək, onların qəhrəmanlığı sayəsində başımızı dik tutub gəzəcəyik!
Şəhid Elxan Hüseynov dünyadan vaxtsız getsə də, o, ömrünün davamını həzin-kövrək xatirələrdə yaşamaqdadır.
Bu əlamət şəhidimizi yaxından tanıyanların dediklərində də vurğulanmaqdadır: Döyüş yoldaşı Adil:
- Sentyabr ayının sonlarına yaxın döyüşlər başlamazdan bir az qabaq Elxan zəng eləyib mənə çatdırdı ki, qaqa, gedirəm Murova, zəng eləməsəm narahat olmayın. Mən özüm də oktyabrın 1-də könüllü olaraq cəbhəyə getmişdim. Arabir əlaqə saxlayır, bir-birimizdən hal-əhval tuturduq. Qismət elə gətirdi ki, Cəbrayılda təsadüfən Elxanla görüşdüm. Cəmisi beş-altı saat bir yerdə olduq. Sonra ayrı-ayrı istiqamətlərdə döyüşdüyümüzdən bir-birimizlə sağollaşıb ayrıldıq. Arada hərdən əlaqə saxlaya bilsək də, sonradan bir müddət əlaqə kəsildi. Yaralandığını Şuşada eşidib, evlərinə zəng edəndə xəbərin doğru olduğunu söylədilər...
Dekabrın 13-də Bakıdakı hospitalların birində öldüyünü eşidəndə Şuşadaydım, dəfninə özümü çatdıra bilmədim. Döyüş yoldaşlarının dediklərinə görə, Şuşanın həndəvərində – Laçın koridorunda ağır yaralanıbmış. Əvvəlcə onun öldüyünü zənn ediblər, ancaq sonra ağır komada olduğu bilinib. Allah ona rəhmət eləsin, çox qoçaq oğlan idi...
Əsgər dostu Səfər: – Elxan haqqında saatlarla danışa bilərəm. O, tamam basqa bir adam idi, – qorxmaz, cəsur və cəsarətli. Hələ hərbi təlimlər zamanı öz məharətini dəfələrlə sərgiləyib vətən
sevdalısı olduğunu göstərmişdi. Sentyabrin 27-də müharibə başlayarkən Murovdag ətrafindakı qanlı döyüşlərdən sonra Cəbrayıl istiqamətinə yola düşdük. Çox sevinirdi ki, oz ata yurdu Cəbrayıla bayraq sancıb. Cəbrayılda olanda qardaşı Orxan da gəldi. Mən Orxana onun qəhrəmanlıqları barədə məlumat verdim. Orxan da Füzulinin Cəbrayıl rayonu səmtində olan axırıncı kəndi uğrunda döyüşlərdə xüsusiylə fərqlənmişdi. Laçın ətrafında döyüşəndə də Elxanın qəhrəmanlığının şahidi olduq. Biz strateji əhəmiyyət kəsb edən bir yüksəkliyi alıb, orada mövqelərimizi məhkəmləndirmək istəyəndə, düşmən üç dəfə hücuma keçib, həmin yeri geri qaytarmağa çalışsa da, hər dəfə ağır itkilər verərək geriyə çəkilməyə məcbur olurdu. Düşmənin üçüncü həmləsi zamanı Elxan başından yaralandı.
Ağır döyüşlər zamanı peşəkar hərbçi və yenilməz əsgər olduğunu nümayiş etdirən Elxan Hüseynovla ailə üzvləri, yaxın dost-tanışları və doğma el-obası fəxr eləyə bilər. Elxan Hüseynov sanki elə anadangəlmə qəhrəman idi. Komandirləri ondan çox razı idilər. Həm Füzulinin bir sıra kəndləri geri alınanda, həm də ulu ata yurdu Cəbrayıl torpaqları azad ediləndə köksünün üstündə gəzdirdiyi üçrəngli bayrağımızı yüksəklikdə dalğalandırmışdı. Elxan kimi yenilməz övladları olan Vətən heç vaxt düşmən qarşısında xar ola bilməz. Biz Elxanı böyüdən, ona döşlərindən süd verən ananın qarşısında təzim edib, baş əyirik.
Sevil xanım Elxanın boyunu əzizləyə-əzizləyə böyütmüşdü. Günlərin birində sevimli oğlunu evləndirib, dünyaya göz açacaq bir körpəni bağrına basacağını düşünəndə sevinci köksünə sığmırdı. Elə Elxanın özü də ailə-uşaq sahibi olmaq arzusunda idi. Ancaq bu istəyinə rəğmən o, vətənpərvər bir gənc kimi əvvəlcə əzəli torpaqlarımızı düşmən caynağından xilas etməyi daha vacib hesab etdi və zəfər yolunun ilk yolçularından biri kimi şəhidlik zirvəsində əbədiyyətə qovuşdu...
İsmayıl İmanzadə,
Tariyel Abbaslı