Nazirlər Kabineti dekabrın 13-dən etibarən hamam xidmətləri göstərən obyektlərin fəaliyyətinin bərpa olunması ilə bağlı qərar qəbul etdi. Hamam xidmətləri göstərən obyektlərin xidmətlərindən yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, yalnız COVID-19-a qarşı ən azı 2 doza peyvənd olunmuş və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi olan, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olan şəxslər istifadə edə bilər.
Maraqlıdır, Bakıdakı hamamların statistikası varmı?
Modern.az-ın əməkdaşı bu sualla Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib.
İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdir müavini İsrafil Kərimov Modern.az-a deyib ki, hazırda paytaxtda meriyanın tabeliyində olan hamam yoxdur.
O, bakıdakı bütün ictimai hamamların özəl obyektlər olduğunu qeyd edib: “Hamamların statistikası bizdə yoxdur. Çünki onların hamısı özəl obyektlərdi. Kim harda istəsə, hamam aça bilər”.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən də hamamlarla bağlı statiska öyrənə bilmədik.