Modern.az

İctimai xadimlərin Yeni il ARZULARI

İctimai xadimlərin Yeni il ARZULARI

1 Yanvar 2022, 10:09

Ötən il bir çox sahələrdə problemlər, xoşagəlməz hadisələrlə yadda qaldı. Yeni ilə yeni ümidlə daxil olan hər kəs bütün neqativ halların ötən ildə qalmasını arzulayır.

Modern.az saytı müxtəlif sahədə çalışan ictimai xadimlərin Yeni il arzularını təqdim edir:


Yeni ildə torpaqlarımızın bərpası istiqamətində məhsuldar il olacaq
 

“Zəfər” Şəhid Ailələrinə Yardım İctimai Birliyinin sədri Sevinc Orucova 2022-ci ilin xalqımızın, dövlətimizin tarixində əlamətdar təqvimlərlə yadda qalmasını diləyir:



“Qarabağımızın yenidən qurulması, torpaqlarımızın dirçəlməsi yolunda böyük addımlar, naliyyətlər bizi gözləyir. Tezliklə insanlarımız işğaldan azad olunan torpaqlarımıza geri qayıtsın. O torpaqları daha çox insanların ziyarət etmək imkanı yaransın.  Biz artıq 2020-ci ildən sonra təqvimləri qürurla, fəxrlə vərəqləyirik. Çünki şanlı zəfər tarixini yaşayırıq. Hər bir azərbaycanlının haqqıdır ki, bu tarixi qürurla, fəxrlə yaşasın, o torpaqları ziyarət etsin. Əminəm ki, yeni ildə torpaqlarımızın bərpası istiqamətində məhsuldar il olacaq. Hamımız səfərbər olaraq Azərbaycanın işğaldan azad olunan bölgələrini dirçəldəcəyik. Hər bir azərbaycanlını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə təbrik edirəm. Bu qələbədə hər birimizin payı var. Şəhidlərimizin ruhu şad olsun. Onların sayəsində biz alnı açıq gəzirik, bu bayramları qürurla qeyd edirik. Hər birinin ruhu qarşısında ehtiramla baş əyirik. Əminəm ki, bizi qarşıda daha gözəl illər gözləyir. Övladlarımız bundan sonra Qarabağda qürurla, fəxrlə gəzəcəklər. Daim şəhidlərimizi yad edəcəyik. Onlar hər zaman bizim ürəyimizdədilər. Hər birinin ruhu şad olsun”.


Azərbaycan hər kəsin arzuladığı bir ölkəyə çevrilsin
 

“Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu geridə qalan ilin dadının doyunca çıxarıldığını bildirib:



“Çünki qələbə ili idi və bu qələbə ilini  hər kəs illər boyu arzulamışdı, ləzzətlə də yaşadıq. Amma hər bir başlanğıcın sonu var. Yəni eyforiya gərək bizi qanadına alıb, ölümə aparmasın. Bu eyforiyadan ayılıb, real iş görmək zamanıdır. Arzu edərdim ki, Azərbaycan bütün sahələr üzrə inkişaf etsin. İstərdim ki, kəndilisi, fəhləsi, şəhərlisinin normal yaşayış təminatları olsun və Azərbaycan hər kəsin arzuladığı bir ölkəyə çevrilsin. Biz burada cazibəli bir ölkə görək. Görək ki, hər yerdən insanlar gəlir, turizm bərpa olunur, teatrlar işləyir, yeni filmlər çəkilir, incəsənət sahəsi inkişaf edir. Yeni ildə bunları arzu edirəm. 

Kitabla bağlı özümüzə ilk olaraq onu arzu edərdim ki, ən az 500 ədəd yeni kitab  nəşr edək. Oxucuların kitaba daha çox vaxt ayırmasını arzulayıram. Əmin olsunlar ki, yeganə dayaq, istinad nöqtəsi, onları yüksəldən kitabdır. Hər kəs kitaba və özünə investesiya qoysun. Bu da yalnız kitabla başlayır, davam edir. Bütün uğurların təməlində kitab, bilgi dayanır. Hər kəsin bir kitab vaxtı olsun. Eyni zamanda, aktiv diskussiyalarda iştirak etsinlər. Həm bizimlə, nəşriyyatla, həm də cəmiyyətdə oxuduqları kitablar haqqında geniş müzakirələr təşkil etsinlər”.
 

Medianın özündə də mənəvi sahədə problemlərin olacağı istisna deyil
 

Media eksperti, teletənqidçi Qulu Məhərrəmli bu gün Azərbaycanda keyfiyyətli media məsələsinin gündəmdə olduğunu deyib:
 

“Yola saldığımız il onu göstərdi ki, mediada problemlər getdikcə ciddi şəkildə qabarır. Bu problemləri yalnız ləyaqətli, peşəkar jurnalistlərin, dürürst media menecerlərinin hesabına aradan qaldırmaq mümkündür. Qarşıdan çətin, ağır, bir il gəlir. Hesab edirəm ki, təkcə iqtisadiyyatda yox, medianın özündə də mənəvi sahədə problemlərin olacağı istisna deyil. Ona görə bütün ləyaqətli, vicdanlı, dürüst jurnalistlərə can sağlığı, mətanətli olmağı arzu edirəm. Hamımıza medianın problemlərini birgə həll etməyi, vətənin abadlığı, millətin salamatlığını, dövlət intizamının lazımlı bir səviyyədə olması üçün səylərimizi əsirgəməməyi arzulayıram. Hər kəsi yeni il münasibətilə təbrik edirəm”.
 

Zorakılıqsız həyatı seçsinlər
 

"Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova Yeni ildə qadınlara və xalqımıza xoşbəxtlik, sağlamlıq arzu etdiyini deyib:
 


“Gözəl həyatları olsun, qadınlarımızın erkən yaşlarda öz hədəfləri olsun. O hədəflər ki, onların gələcəyini təmin edəcək, ailəsini möhkəm edəcək, dünyaya gətirdiyi uşaqların həyatının hormonal inkişafına kömək edəcək. Hədəfsiz yaşamaqla inkişaf olmur. Mütləq şəkildə hədəfləri və bu hədəfə çatmaq üçün addımları olsun. Həm ailəsinə, həm cəmiyyətə xeyir gətirsin. Öz ayaqları üzərində dayanmağa iqtisadi gücləri olsun. Zorakılıqsız həyatı seçsinlər. Ailə qurmağa tələsməsinlər. İstənilən halda hər bir xanımın arzusu ailə qurmaqdır. Arzuladıqları o ailə hər bir qadına, kişiyə xoşbəxtlik gətirsin. Ailə içərisində bir-birlərini əzməsinlər. Səbrli, dözümlü olsunlar. Fikirlərini ifadə etməyi öyrənsinlər və ən əsası ərə getmək xatirinə arzularını gizlətməsinlər. Arzularını, hədəflərini əvvəlcədən bəyan etsinlər. Öz aləmlərində düşündüklərini şəffaf etsinlər. O halda hədəflərinə, arzularına doğru-dürüst çatacaqlar”.

 

Səhiyyəmiz daha da inkişaf etsin
 

Radioloq həkim Aydın Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə hər kəsə can sağlığı arzu etdiyini bildirib:
 


“Arzulayıram ki, yeni ildə pandemiya təhlükəsi həm ölkəmizdən, həm də dünyadan sovuşsun. Səhiyyəmiz daha da inkişaf etsin. Mövcud problemlər, icbari tibbi sığortanın tətbiqi ilə bağlı müəyyən çatışmazlıqlar aradan qalxsın. Səhiyyə işçiləri olaraq xalqımızın sağlamlığının keşiyində daha üzüağ, alnıaçıq dayanaq”.

 

Yeni ildə əsas istəklərdən biri qiymət artımının səngiməsidir
 

İqtisadçı-ekspert Natiq Cəfərli Azərbaycan vətəndaşlarının yeni ildən müxtəlif arzuları, gözləntiləri olduğunu söyləyib:
 


 

“Əsas gözləntilərdən biri sosial-iqtisadi vəziyyətdə daha uğurlu bir ilin olmasıdır. Bu ilin iqtisadi problemlərindən biri qiymət artımı, inflyasiyanın çox böyük surət alması idi ki, bu da insanların real gəlirlərinin azalmasına, gündəlik dolanışıqlarının çətinləşməsinə səbəb olan əsas amillərdən birinə çevrildi. Ən böyük arzu, istək və gözləntilərdən biri  gələn ildən inflyasiyanın cilovlanmasının hökumətin atacağı addımlarla mümkün olmasıdır. Qiymət artımı dayansın, heç olmasa azalsın. Bu il nəzərdə tutulan təqaüd artımı insanlara real gəlirlər şəklində geri dönsün. Əsas məsələ bundan ibarətdir. Çünki bu il maaş və təqaüdlərdə müəyyən artım olacaq. Amma inflyasiya eyni surətdə davam etsə, real gəlirlərin artımında müsbət dəyişiklik olmayacaq. Ona görə yeni ildə əsas istəklərdən biri inflyasiyanın cilovlanması, qiymət artımının səngiməsidir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?