Modern.az

Rusdilli azərbaycandilsizlər

Mədəni̇yyət

9 Yanvar 2022, 10:27

İbrahim Nəbioğlu

Bir neçə ay bundan əvvəl onları da Şuşaya aparmışdılar.

Facebook-dakı tək-tük paylaşımlarından gördüm. Gənc jurnalist tanışım hamı kimi şəkil çəkdirmişdi Cıdır düzündə, altına da “Şuşa, Vətən, Qarabağ” deyə bir şeylər yazmışdı.

Ancaq yazdıqları rus dilində idi.

Şərh yazmağı sevmirəm. Nadir hallarda kiminsə postuna nəsə yazıram.

Ancaq bu dəfə əlim “dinc durmadı”.

Belə bir şey yazdım: “Şuşanı Ana dilində sevmək lazımdır”…

Tələbə ikən bizim rektorun nəvəsi doğulmuşdu. Akademik, Sosialist Əməyi Qəhrəmanı, Nazirlər Soveti sədrinin 1-ci müavini olmuş bu tanınmış insanın nəvəsinə “İqor” adı qoydular. Aramızda deyirdik ki, bəs baba nəvəsini necə sevəcək, necə nəvaziş göstərib başını sığallayacaq…
Bir qazaxlı qrup yoldaşımız belə yamsılayırdı rektoru: “A bala, ay İqor, ay İqor, ay ağrın alem, gəl bir bavan səni maç eləsin”…

Nədənsə bu İqor gəldi gözümün qabağına o anda.

“Şuşanı Ana dilində sevmək lazımdır” cümləsini bu düşüncə ilə yazdım.

Mənə qısa bir cavab yazdı o saatca. Sözündən belə çıxdı ki, “əşşi, əcəb edirəm, əsas məsələ dil deyil…”

Əslində isə sözündən heç nə çıxıb eləməmişdi. Mən də elə buna görə baş qoşmadım…

3-4 gündür hamının fikri, diqqəti qazaxıstanlı qardaşlarımızın yanındadır.

Dünən gecə də son xəbərlərə göz atırdım.

Birdən Facebook-un xəbər lentində yuxarıda bəhs etdiyim tanışımın bir qrup azərbaycanlı yoldaşı ilə rus dilindəki yazışmaları çıxdı qarşıma.

Sökürdülər rusları… “Siz işğalçısız, filan-fəsməkan, qazax xakıq belədir- elədir” deyə atəş püskürürdülər ruslara.

Ruslardan biri də qayıdasan ki, “Növbə sizə çatacaq”.

Bizim rusdilli azərbaycandilsiz də özünü itirdi. Nə cavab verəcəyini bilmədi.

Handan hana yazdı ki, “Это мы еще посмотрим”…

Vəssalam, bundan artıq heç nə deyəmmədi.

Köməyə digər azərbaycanlılar yetişdilər.

Onlar da nəsə işğal, demokratiya və s. kimi şeylər yazdılar.

Ancaq ruslar sürü kimi şığıdalar bizimkilərin üstünə. Həm də nə şığıdılar.

Bizim dəstə onları “okkupant” adlandırdı ki, vurucu kontr-zərbə də məhz o “оккупант” sözündən sonra gəldi.

Bir rus qadın yazdı ki, “biz okkupant isək, niyə okkupantların dilndə danışırsız, niyə öz dilinizi bilmirsiz?”…

Mənim o anda nələr hiss etdiyimi yəqin ki, təxmin edərsiz.

Gecə saat 1 idi, başladım cavab yazmağa ruslardan birinə.

Əvvəlcə profilinə baxdım.

MGİMO-dan məzun, intelligent görünüşlü bir adam idi.

Yazdıqları, düşüncələri, şovinist baxışlarını oxuyanda ürəyim ağrıdı.

Şuşanı Ana dilində sevə bilməyən “intellektuallarımıza” yazığım gəldi.

Ruslardan birinin şərhi isə daha ağrılı və acı idi:

“Bakı nefti də öz Vətəninə qayıtmalıdır. Doğma limanına. Yaşasın Rusiya”

Cavab yazmaqdan vaz keçdim.

Varsın özləri versinlər onların cavabını.

Nə də olsa Dostoyevskini orjinaldan oxuyublar axı.

Şuşanı Ana dilində o qədər sevən var ki…

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı