Ömrümüz boyu həyat pəncərəmizdən çox adam keçir: yadımızda qalanı da olur, qalmayanı da. Elə biz özümüz də hamının yadında qalmırıq. Bu, təbiidir. Hamı tərəfindən sevilmək arzusu, bəlkə də, elə ən arzuolunmayan arzudur...
Amma o... O, hamının yadında qalmağı bacarıb! Bəli, bacarıb! İstedadı, böyük sənəti, sənətkarlığı, özünə və sənətinə verdiyi dəyərlə... Hər kəsin göz, könül və səs yaddaşında bir ZEYNƏB var – nəğməkar ZEYNƏB... İllər keçəcək, əsrlər dəyişəcək, nəsillər bir-birini əvəz edəcək və onu hələ çoxları tanıyacaq, sevəcək və yaddaşında qoruyacaq. O, təkcə dünyanın xoşbəxti deyil. O, öz keçmişinə də, gələcəyinə də çox qiymətli əmanəti olan bəxtəvərlərdəndi...
Onun haqqında sadəcə danışmaq mümkün deyil. Çünki o, sadə deyil. Onun sənətində onun kimi məşhur olan, sevilən, əzizlənən ikinci xanım müğənni yoxdur. Sənəti tək özünə məxsus olmayıb! O, səsi və sənəti ilə bütün dünyaya məxsusdur! “Azərbaycan maralı” nahaq yerə “Dünyanın Zeynəbi” olmayıb ki...
Əbəs yerə “Azərbaycan maralı” demədim. İlk dəfə münsiflər heyətinin qarşısına bu xalq mahnısı ilə çıxıb və bəyənilib. O vaxtdan bu nəğməyə könül bağlayıb, indi də deyir ki, “Bu mahnı sənətimdə mənimlə birlikdə addımlayır, ondan ayrılmayacağam...”. Muğama da bütün varlığı ilə bağlanıb. Bəxti üzünə gülüb, şansı gətirib, Seyid Şuşinskidən dərs alıb. Qadın sənətkarlar arasında “Çahargah” muğamını da ilk dəfə o, ifa edib. Xalq artisti Şəmsi Bədəlbəyli məhz bu ifanı dinləyəndən sonra onu Opera və Balet teatrına dəvət edib. 1961-ci ildə teatrın səhnəsinə Leyli kimi çıxıb – Leylinin Leylisi kimi, Məcnunun Leylisi kimi və həm də sənətin Leylisi kimi. Operanın yaddaşlardan silinməyn ən parlaq Leylisini yaradıb. İnsanlığın dərdi, faciəsi olan, başı bəlalı Leyli onun aktyorluq məharətini də üzə çıxarıb. Gənc Zeynəb tək səsi ilə deyil, hərəkətləri, hətta baxışları ilə də məsum Leylinin iztirablarını, ağrılarını ustalıqla çatdırıb tamaşaçılara. Sanki tamaşaçının gözləri önündə elə gözəl və bədbəxt Leylinin özü olub... Sonra Əslini oynayıb. Hər iki obraz sənətkarın yaradıcılığının qızıl səhifəsidir...
...“Mahnı ömrün bir hissəsidir, oxumalarım mənəvi sərvətimdir” deyən Zeynəb xanım 56 ildir ki, nəğmələrin ağuşundadır. Ömrü büsbütün nəğmələrə bürünüb. O, nəğmələrə bəzək verib, nəğmələr ona, ikisi bir-birinə yaraşıb. Şaqraq, bənzərsiz səsiylə musiqimizi zənginləşdirib, səhnəmizi gözəlləşdirib, dünyanı dolaşıb. Və harada olmasından, hansı millətin nümayəndələrinin qarşısında çıxış etməsindən asılı olmayaraq, “Azərbaycan” adını və musiqisini ürəyində qürurla daşıyan bu xanım konsertinə də “Azərbaycan” mahnısıyla başlayib. Azərbaycanı tanıdıb, mədəniyyətimizi təbliğ edib, möhtəşəm salonlarda ona diqqət kəsilənlərə Azərbaycandan danışıb, onu sevdirib, ona ucalıq gətirib. Daha bir böyük xidməti də o olub ki, hələ dünyamızın qarmaqarışıq vaxtlarında üz tutduğu ölkələrdə xaricə səpələnmiş qərib azəriləri toplayıb başına, onlara da təsəlli olub. Səsini, nəğmələrini onlara Vətən havası kimi sovqat aparıb, həsrətlərini ovudub, nisgillərinə məlhəm olub...
Dünyanın 60-dan çox ölkəsində özünə, səsinə güvənərək səhnəyə çıxan Zeynəb xanım, hələ üstəlik Yaponiyada yapon mahnısı oxuyub, Rusiyada rus, Türkiyədə türk... Səsi ilə bahəm nikbinliyi, xoş ovqatı, müsbət enerjisi, aurası də insanlara ruh verib. O, səsi ilə bərabər geyimi ilə də milliliyini, xalqının milli ruhunu aparıb hər yerə. Hər yerdə də onu ayaqüstə qarşılayıb, ayaüstə alqışlayıb, ayaqüstə yola salıblar. Ümumittifaq Melodiya Şirkətinin “Qızıl Val”ını alan ilk azərbaycanlı müğənni olub. O vaxt şirkət onun mahnıları yazılmış iki milyon val buraxıb. “Xalqlar dostluğu” ordeninə layiq görülüb. “Azəri bülbülü”, “Nəğmələrin şahzadəsi”, “Dünyanın Zeynəbi” deyiblər ona. Etiraf etməliyik: Zeynəb Xanlarova konsert salonlarını lərzəyə sala bilən tək-tək sənət adamlarındandır...
Və bu gün hansı mərtəbədən tərif desək, hansı yüksək mükafatı bağışlasaq, ona və sənətinə yaraşar. Əslində, halal haqqı olan adları, titulları çoxdan qazanıb. Onları sadalamağa isə vaxt çatmaz. Heç buna gərək də yoxdur. “Şöhrət” ordenini ümummilli lider Heydər Əliyev sancmışdı yaxasına. Bununla qürur duyur sənətkar. “İstiqlal” ordenini isə Prezident İlham Əliyevdən aldı. Bu, bir tərəfdən sənətə, sənətkara dövlət qayğısının davamını təsdiq edirsə, digər tərəfdən onun sənətinin böyüküyündən, ölümsüzlüyündən, zaman keçsə belə öz dəyərini itirməməsindən xəbər verir. Almaz cilalandıqca qiymətini artırdığı kimi, onun sənəti də illər keçsə də, təravətini, qiymətini itirən deyil...
“Zeynəb musiqimizdə hadisədir, mərhələdir və onun varlığıyla fəxr etməyə dəyər!” Bu, SSRİ xalq rəssamı Tahir Salahovun fikridir.
Qoy ucalsın pərdə-pərdə o şux səsin, Zeynəb xanım,
Məhəbbətdən heykəlin var ürəklərdə, Zeynəb xanım...
Bunu isə çox-çox əvvəl xalq şairi Süleyman Rüstəm qoşub Zeynəb xanıma. Bəli, səsi, nəğmələri ona sonsuz məhəbbət, sevgi qazandırıb. Bu məhəbbət, bu sevgi halal haqqıdır onun...
Dünya boyda adı olan Zeynəb Xanlarova evinin, ailəsinin də sevimli, cəfakeş, qədirbilən xanımı olub – bu, xatir üçün deyilən söz deyil. Görənlər deyirlər, dadlı yeməklər bişirib, gözəl süfrə açıb... Özünə özünəyaraşan paltarlar tikib – bunu isə hamımız görmüşük... Dünyaya gözəl övladlar gətirib...
...O, həm də bir xalq elçisi oldu, öz xalqının, millətinin vəkili seçildi. Hələ respublikamızın müstəqilliyindən əvvəl 11-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı kimi bu kürsüdən də insanların xeyrinə istifadə etdi. Onu öz istiqlalını, azadlığını qazanmış Azərbaycanın Milli Məclisində deputat statusunda görmək də insanları sevindirdi. Bu qüdrətli sənətkarın məqamında dediyi bir söz, bir kəlmə belə kara gəldi, təsirsiz qalmadı...
...Zeynəb xanım elə bir də ona görə sevimlidir ki, xalqın sevincinə, kədərinə heç vaxt biganə olmayıb. 20 Yanvar faciəsindən sonra uzun müddət səhnəyə çıxmadı, şəhidlərə yas saxladı... 2007-ci il noyabrında sükut buzunu sındırdı. Uzun fasilədən sonra yenidən səhnəyə çıxdı: eyni gözəllik, eyni təravət, eyni şövqlə... Səsinə, sənətinə eyni güvənclə, Azərbaycanına eyni məhəbbətlə... İlk konserti üçün isə yad bir diyarı yox, Türkiyəni seçdi. Bu konsert özü dediyi kimi: “Bir millət, iki dövlət”in can Türkiyəsi”nə sürprizi idi. Möhtəşəm konsert salonlarında öz ansamblının müşayiəti ilə saatlarla canlı oxudu, retro mahnıları bir-birinə caladı, İstanbulu, Dənizlini doyumsuz nəğmələri ilə fəth etdi, türk heyranlarını bir daha valeh etdi. Virtuoz sənətkarın adı qardaş ölkədə dillərə düşdü, hər kəs bu konsertdən danışdı, “Dünyanın Zeynəbi İstanbulda” qəzetlərin manşetini bəzədi...
“Bir konsert də bizə qıymazsınızmı? Bu konsert üçün dodağı yeddi yerdən çatayanlar var” deyə öz yurdunda da ondan incik düşdülər, gileyləndilər. Canlı korifey bu haqlı umu-küsünü də cavabsız qoymadı, çox intizarda saxlamadı öz heyranlarını. Bu dəfə doğma səhnəyə – Heydər Əliyev Sarayının səhnəsinə çıxdı. Onun üçün çoxdan qəribsəyən bu səhnə iki gün sərasər Azərbaycanın ən böyük nəğməkar qızını alqışladı...
Bu konsertlər “dünyanın xoşbəxti”nin nə qədər təkrarsız olduğunu da bir daha sübut etdi...
Bu konsertlər, həm də çoxlarına ötüb-keçən illəri xatırlatdı. O illəri ki... Orta nəsil hər dəfə mötəbər dövlət tədbirlərinin sonunda mütləq onu görməyə adət etmişdi. Hamı bu məqamı böyük səbirsizliklə, intizarla gözləyərdi. Zeynəb xanım çoxdan uzaq düşmüşdü o tədbirlərdən, o bəxtəvərliyi çox görmüşdü onu sevənlərə...
...O illərin lentindən səslənən nəğmələriniz, bilsəniz, nə qədər doğmadır, Zeynəb xanım. Vallah, bu nəğmələri indi heç kim sizin kimi oxuya bilmir və oxuya da bilməz. Çünki o nəğmələr sizin boy-buxununuza biçilib, sizin səsinizə köklənib. Çünki o nəğmələri oxumaq üçün Zeynəb olmaq lazımdır. Oxuyun, Zeynəb xanım. İndi də oxuyun! Sizə hər şeydən, hər şeydən çox oxumaq yaraşır! Oxuyun, sizə susmaq yaraşmır, susmağa haqqınız yoxdur! Oxuyun, Azərbaycan adlı bu əziz məmləkətin bütövlüyünü, əbədiliyini, möhtəşəmliyini yenə də bütün dünyaya çatdırın. “Şuşanın dağları”nı oxuyun, Zeynəb xanım, oxuyun ki, bizi Qarabağa aparan yolları qısaltsın. Adətiniz üzrə, qanadlarınızı açıb oxuyun, bütöv Azərbaycanı ağuşunuza alıb oxuyun! “Azərbaycan” deyə oxuyun ki, ürəyimizin yarasının qaysağını qoparsın, tərpətsin bizi! Vallah, bu nəğmələr aparacaq bizi Qarabağa! Bu nəğmələr də ermənilərə qarşı ən kəsərli silahımızdır! Və bu nəğmələr indi lazımdır, indi gərəkdir! Pərdə-pərdə yayılıb diyar-diyar dolaşan o şux, o ölümsüz, o əbədiyaşar nəğmələrinizdən bir çələng hazırlayın Qarabağa aparmağa! Oxuyun, heyranlarınız da mütləq sizə qoşulacaq...
Əslində, belə bir vədiniz də var. Unutmamısınız ki: “Qarabağda QƏLƏBƏdən sonra “Azadlıq meydanı”nda konsert verəcəyəm!”...
İnanırıq: bu dəfə də öz sözünüzü tutacaqsınız, Zeynəb xanım! Axı, siz Zeynəbsiniz!.. Hər kəs kimi olub, hər kəsə bənzəməyən Zeynəb... İnşallah, bu möhtəşəm konsert olacaq! Mütləq olacaq!..