Azərbaycanın Əməkdar həkimi, mamalıq və ginekologiya sahəsində ultrasəs müayinə (USM) üzrə ilk mütəxəssis Gülər İbrahimova Əməkdar artist, mərhum aktrisa Vəfa Fətullayeva ilə bağlı maraqlı açıqlama verib.
Modern.az-ın məlumatına görə, Gülər İbrahimova məşhur aktrisada ilk dəfə xərçəng xəstəliyinin necə aşkarlanmasından danışıb:
“Elmi-Tədqiqat Mamalıq-Ginekologiya İnstitutu təzəcə acılmışdı. Xəbər gəldi ki,direktor Adilə xanım məni çağırır. Getdim... Kabinetdə sevimli xalq artisi Hökumə Qurbanova və qızı Vəfa xanım əyləşmişdilər. Adilə xanım Vəfa Fətullayevanı müayinə etməyimi xahiş elədi. O vaxtlar USM ölkəmizdə təzə-təzə tətbiq edilirdi. Mən də bu sahənin ilk həkimi idim.
Nə isə, Vəfa xanımı müayinə elədim, xoşagəlməz hallarla rastlaşdım. Bunu Adilə xanıma da dedim... Elə qışqırdı ki, özüm diksindim. "Sən nə danışırsan? Sən bilirsən o kimdir? Elə diaqnozdan şübhələnə bilməzsən... Dedim ki, Adilə xanım, xəstəlik kimliyə baxmır ki... bu ilkin fərziyyədir... başqa yerdə də yoxlansın”.
Çox təəsüf ki, sonralar diaqnoz təsdiqləndi... və biz Vəfa xanımı itirdik... Məkanı cənnət olsun!”.
Vəfa Fətullayeva 1945-ci il avqust ayının 25-də Bakıda dünyaya göz açıb. Vəfa xanımın atası Azərbaycan teatr sənətinin ilk tərtibatçı-rəssamı, xalq rəssamı Nüsrət Fətullayev, anası SSRİ xalq artisti, aktrisa Hökumə Qurbanova olub.
Vəfa Fətullayeva 1970-ci ildən Azərbaycan Dövlət Dram Teatrında çalışıb. Onun həyatı acı və çox kədərli olub.
Yaradıcılığının çiçəklənən dövründə ağır xəstəliyə - xərçəngə düçar olan əməkdar artist 21 may 1987-ci ildə - 42 yaşında vəfat edib.
Vəfa Fətullayevanın Zaur adlı şəxslə evliliyi uğursuz olmuş və ayrılmışdılar.
A.Qorxmaz