ABŞ-da yaşayan azərbaycanlı alim, Quzey Dakota Dövlət Universitetinin riyaziyyat professoru Azər Əhmədov Azərbaycanın görkəmli elm xadimi, mərhum akademik Azad Mirzəcanzadənin xeyirxah əməllərindən yazıb.
Modern.az onun yazısını təqdim edir:
“1887-ci ildə Həbib bəy Mahmudbəyov Bakıda ilk rus-tatar məktəbini yaradır. Düz 100 il sonra, 1987-ci ildə, Həbib bəyin adını belə az qala heç kimin xatırlamdığı bir vaxtda, fotodakı bu adam, o məktəbi dirçəldir, Mahmudbəyovun adına texniki-humanitar lisey yaradır.
Mən də orta məktəbin son iki sinfini orda oxumuşam. O illərdə (1989-1991) o məktəbdəki atmosfer bəlkə Bakının heç bir məktəbində yox idi. Liseyimizə Elmlər Akademiyasının müxtəlif institutlarindan 10-dan artıq çox keyfiyyətli mütəxəssis (riyaziyyatçılar, fiziklər, kimyaçılar, tarixçilər, ədəbiyyatçılar) gəlib daimi əsaslarda dərs keçirdi, bir o qədəri də həftəlik gəlib məşğələlər aparırdı. Az qala hər həftə hansısa yazıçı, alim, musiqiçi, siyasətçi bizlə görüşə gəlirdi".
O, məktəbdən aldığı maaşını götürmürdü, iki yerə (səhv etmirəmsə) bölüb təqaüd verirdi.
Bir il ərzində o təqaüdü mənə də verdilər. Dəqiq məbləğ yadımda deyil, amma əhəmiyyətli bir məbləğ idi (maaşın yarısı), hər ay dərs hissə müdiri nağd pul şəklində mənə təqdim edrdi. Bir şeyi deyim ki, nə qədər ehtiyacım olsa da, o məbləği alıb-almamağım qətiyyən eynimə deyildi.
Maaşını “alıb yediyim” həmin o adama isə hansısa minnətdarlıq-filan nədir, göynən gedən vaxtlarımıydı, heç yanından keçəndə salam belə vermirdim. Yalnız illər sonra, üstündən 30 il keçəndə, anlayanda ki, hansısa xəbis bir mənfəət güdmədən başqası üçün vaxtını, enerjisini, pulunu sərf edən nə qədər adam var dünyada, Azərbaycanda… onda bir də xatırladım o adamı, Vikipedia-da arayıb oxudum ki, görüm neçənci ildə vəfat edib…
1992-ci ildən Ali Attestasiya Komssiyasının sədriyidi, 10 ilə qədər orda işlədi. Haqqında “elə adam qoyublar ki, ora”, “çətin adamdır” kimi sözlər eşidirdim. Sonra daha işləmədi, yerini “asan adamlar” tutdu.
Bir dəfə idarəsinə getmişdim bir iş üçün, qapısına şüar yazıb asmışdı, “aut bene, aut nihil” (ya yaxşı, ya heç nə – latınca).
Bir dəfə də idarəsinin yanından keçirdim, salam verdim. Məni yanına çağırıb dedi: “Elə uzun-uzadı mənə baxırsan ki, elə bilirəm gəlib məni döyəcəksən, salamı verəndə ver, keç get, adama çox baxma”.
Çox astadan danışan sakit bir tərzi, mehriban, dərin və xeyirxah baxışları vardı...".