Modern.az “Dahilərdən yazışmalar” adlı rubrikasından yeni bir material təqdim edir. Azərbaycan satirik şeirinin ən böyük nümayəndəsi, tənqidi realizm cərəyanının banilərindən olmuş Mirzə Ələkbər Sabirin ağır dönəmlərdə, həyatının ən ağrılı vaxtlarında dostları Abbas Səhhətə və Abbas Mirzə Şərifzadəyə yazdığı məktubları bu dəfə diqqətinizə çatdırırıq. XX əsrin əvvəllərində Azərbaycan aydınlarının üzləşdiyi çətinlikləri göstərməkdən ötrü məktublar çox əvəzsizdir. “Ürək qanı ilə yazılmış” məktubları dilinə toxunmadan sizə təqdim edirik:
I məktub
Qardaşım Səhhət!
Müalicədən ötrü Tiflisə gəldikdən sonra sənə məktub yazmamışam; zira ki, halım müsaid olmayıbdır. Mirzə Cəlil və Həmidə xanı cənablarından çox razıyam. Bilmirsən mənə nə qədər ehtiram edirlər! Bu neçə müddətdə təmam məxaricimi və zəhəmatımı mütəhəmmil olmuşlar. Mənim mehmanxana ya xəstəxanada yatmağıma razı olmadılar, öz evlərində mənzil vermişlər. Xülasə, bilmirəm nə dil ilə təşəkkür edim; Rəbbi-Təala həzrətləri əvəz versin. Bu qədər bil ki, öz evimdən artıq mənə pərəstariş edirlər. Doktorları cəm edib, konsultasiya yapdılar; doktorların bəzisi operasiya, yəni əməliyyati-cərrahiyyə icra etmək lazım bildi. Mənə təklif etdilər ki, ciyərindəki illər kəmalınca bizə məlum və müşəxxəs deyildir; razı olsan əməliyyati-cərrahiyyə yaparıq; ciyərlərindən kəsmək lazım isə, kəsərik, yox, lazım deyilsə, yenə kəsdiyimiz yeri tikib, əlac edərik.
Dedim:
– Bağışlıyasınız, dokrot əfəndilər! Mənim qarnım portmanat, kisə deyil ki, istədiyiniz kimi açıb qapayasınız. Bəlkə, kəsdiniz, sonra əmələ gəlmədi?
Mənim bu sözüm həkimlərin çox xoşuna getdi, gülüşdülər. Və buradakı əhibba da doktorların qəti söz vermədiyinə görə əməliyyat icrasına razı olmadılar. Hələlik daxili müalicə ilə müdara edirəm.
Mövla görəlim neylər. Neylərsə, gözəl eylər.
Baqi ixlas və iradət.
Qardaşın Sabir
15 iyun 1911-ci il.
***
II məktub
Ruhum, canım, Şərifzadə!
Bu gün bir həftədir Tiflisdəyəm. Şamaxı əhlindən bir namünasib yoldaşım dəxi var idi ki, onun işinə Tiflisdə surət verməyə aramızda olan qohumluq məni məcbur etmişdi. İşini bitiririk. Şimdi üç gündür ki, özü də getdi.
Faiq əfəndi məni artıq düşdüyüm mənzildə qoymayıb evə, yəni Mirzə Cəlil bəradərimgilə gətirdi. Üç gündür Mirzəgildəyəm. Sidqizadədən məxdumunuz Əbdüləzizdəb ziyadəsincə razıyam.
Bəradər! Sentyabrın birindən bu günə qədər xətəyəm. Üç ay Bakıd doktorlar qapısında, iki ay da Şamaxıda moqtorlar qapısında təzyin-həyat etdim. Dərdimə əlac bulamadım. Axir laəlac olub, müalicə üçün Tiflisə gəlmişəm. Görəyim burada sağala biləcəkmiyəm?
Doktor Rudnikovdan dava yeyirəm. Xəstəliyim qara ciyərimin böyüməsindən nəşət etmiş.
Şamaxıda ikən Mirzə Cəlildən məktub almışdım. Yazmışdı ki, fevralın on beşinə qədər Tiflisə gedəcəyik. Hələ bu vəqtə qəddər gəlməyiblər. Və Faiq əfəndi iki gündür ki, kəndə getdi.
Sizi arzu ediyorum. Tiflisə soyuqdur, peçin qırağından ayrılmayıram. Siz də kürsüdən çıxa bilməzsiniz zənn ediyorum. Pəs nasıl görüşəcəyiz, sağlıq olsun. Faiq əfəndi gedərkən mənə söylədi ki, Şərifzadəyə məktub yazdıqda məndən dua yaz və zimnən ixtar et ki, onun məktubuna cavab yazmaz isəm qiyamətmi qopar?
Baqi afiyət və səlamətlik üzə yaşamınızı niyaz edərək xətmi-kəlam ediyorum.
Qaraladığım sətirlərdən halım sizə məlum olar zənn ediyorum.
Ə. Sabir Tahirzadə Şirvani
Fevral 6, ruzi-yekşənbə, 1911
Cavab yazasınız riza ediyorum.
Arizi-qəmlər əlindən ki, başım şişmiş idi,
Zənn edərdim ona bəlkə edə çarə ciyərim;
Bəxti-mənhusimi gör, mən bu təmənnadə ikən
Başladı şişməye imdi üzü qarə ciyərim.
Hazırladı: Elmin Nuri