Bu gün Azərbaycan Kinematoqrafiyaçılar İttifaqının sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyovla vida mərasimi keçirilib. Nizami Kino Mərkəzində keçirilən mərasimə qatılan sənət nümayəndələri mərhum rejissorla bağlı xatirələrini bölüşüblər.
Modern.az-ın məlumatına görə, mərasimi açıq elan edən yazıçı Çingiz Abdullayev Rüstəm İbrahimbəyovun böyük şəxsiyyət olduğunu bildirib:
“Rüstəmin bir sözü var idi, onu tez-tez təkrarlayırdı, deyirdi ki, əgər ləyaqətlə yaşasan, sənin dəfninə ləyaqətli insanlar gələcək. Gəliblər, buradadırlar”.
Ç.Abdullayevin sözlərinə görə, Rüstəm İbrahimbəyov hər zaman öz sözünü deməyi bacarıb:
“Bu gün biz, nəinki ədəbiyyatımızın, həm də milli kinomuzun əfsanələrindən biri olan, xalqımızın böyük şəxsiyyəti Rüstəm İbrahimbəyovu son mənzilə yola salırıq. O, dünyada 6 ölkənin mükafatını almış yeganə adamdı”.
Mərasimdə çıxış edən Mədəniyyət naziri Anar Kərimov Rüstəm İbrahimbəyovun fəaliyyətinin təkcə kino ilə məhdudlaşmadığını, teatr sənətinə də öz töhfələrini verdiyin söyləyib:
“O, bir neçə dövlətin mükafatlarına layiq görülüb, hələ sovet vaxtlarında Əməkdar artist adına layiq görülüb. Müstəqil Azərbaycan dövləti onu "Şöhrət" ordeni ilə təltif edib. Biz fəxr etməliyik ki, Azərbaycan torpağının belə bir oğlu olub. Rüstəm İbrahimbəyovun Azərbaycan sənətinə gətirdiyi yeniliklər, daim Azərbaycan xalqının qəlbində yaşayacaq”.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar da mərasimdə çıxış edib: “Rüstəmin əsərlərini bizim yaşatmağımız lazım deyil, bu əsərlər özləri yaşayacaq”
Xalq rəssamı Fərhad Xəlilov isə “Rüstəm İbrahimbəyovun hər dəfə Bakıya gəlişi bayrama, sənət bayramına çevrilirdi. O, hərtərəfli gözəl insan idi” deyə görkəmli yazıçı ilə bağlı çıxışında deyib.
Dünya şöhrətli dramaturqun keçdiyi həyat yolundan söz açan Xalq artisti Fərhad Bədəlbəyli göz yaşlarına hakim ola bilməyib.
“Onunla bir süfrə arxasında oturmaq böyük xoşbəxtlikdir. Hər çıxışında, sözündə böyük məna var idi. O həmişə yaltağlığa nifrətlə baxırdı. Həqiqəti deyər, heç kimdən çəkinməzdi. Amma eyni zamanda sadə idi. Ona görə də hamı onu sevirdi”.
Xalq artisti Rasim Balayev isə İbrahimbəyovu Azərbaycan mədəni mühitinin dünyaya bəxş etdiyi iki nəhəng simadan biri adlandırıb:
“Rüstəm sözün əsl mənasında dünyəvi sənətkar, böyük insan idi. Onun yubileyi Moskvada keçirilmişdi, Rüstəmin nə dərəcədə hörmət, izzət sahibi olduğunu mən bir daha orada gördüm. Rüstəm Şərq aləmində Oskarı olan yeganə sənətkar idi”.
Xatırladaq ki, R.İbrahimbəyov martın 10-dan 11-nə keçən gecə, 6 aya yaxın müalicə aldığı Moskva xəstəxanasında vəfat edib. Onun cənazəsi martın 15-də Azərbaycana gətirilib.
Mərhum bu gün I Fəxri Xiyabanda dəfn edilib.
Elmar Hüseynov