Azərbaycanın Əməkdar elm xadimi, tanınmış tarixçi-şərqşünas, professor Solmaz xanım Rüstəmovaya-Tohidiyə
Azərbaycanın görkəmli, vətənpərvər oğlu, Novruz bayramının respublikamızda ilk dəfə dövlət səviyyəsində keçirilməsinə nail olmuş Şıxəli Qurbanovun xalq qarşısında misilsiz xidmətinə, o dövr üçün müstəsna cəsarətli təşəbbüsünə kiminsə ortaq edilməsinə yol vermək olmaz!
Hörmətli Solmaz xanım! Mən Sizi neçə illərdir ki, Azərbaycanın görkəmli tarixçisi kimi tanıyır, xalqımızın keçmişini doğru-düzgün, obyektiv əks etdirən məqalələrinizi, televiziyadakı bir-birindən maraqlı çıxışlarınızı həmişə diqqətlə izləyirəm. Bir taixçi alim kimi Sizə böyük rəğbətim, ehtiramım var. Hətta dünən axşam bayram süfrəsi arxasında da Sizin haqqınızda xoş fikirlər söyləmişəm.
Ancaq dünən səhər kompüter arxasına keçərkən Sizin Modern.az saytında dərc olunmuş “Vəli Axundovun razılığı olmasaydı, Şıxəli Qurbanov Novruzla bağlı heç nə edə bilməzdi” adlı açıqlamanızı oxuyub, çox təəccübləndim və təəssüfləndim. Açıqlamanın Sizin tərəfinizdən - obyektivliyinə, prinsipiallığına heç vaxt şübhə etmədiyim tanınmış tarixçi alimin verdiyinə inanmaq istəmədim.
Vəli Axundovun da Bakıda ilk Novruz şənliyi keçirilməsinin təşəbbüskarı, dolayısı ilə həm də özünü arxa planda saxlayıb (hər ehtimala qarşı – Moskvanı “qıcıqlandırıb”, vəzifəsini itirməmək üçün), iştirakçısı olduğunun səsləndirildiyi iddia yəqin ki təkcə məni yox, 1967-ci il Novruz bayramını xatırlayan minlərlə, on minlərlə yaşlı nəsil nümayəndələrini də narahat edib. Vaxtilə respublikada geniş səs-sədaya, görünməmiş sevincə səbəb olmuş həmin bayram günü böyük izdihamın önündə gedən, paytaxt sakinləri ilə bayram tonqalı başında olan da vəzifəsinə görə “suyu üfləyə-üfləyə içən” Vəli Axundov deyil, poeziyası ilə, maraqlı pyesləri əsasında hazılanmış tamaşaları ilə (“Sənsiz” yaddaşlara xüsusilə həkk olunub. Onun bütün Bakını bürümüş insan selinin, böyük bir izdihamın iştirakı ilə dəfni də dahı sənətkarımız Bülbülün ifasında “Sənsiz” romansının sədaları altında keçmişdi) xalqın qəlbinə geniş yol tapmış, Moskvanın gizli və açıq qadağalarına baxmayaraq, Novruz bayramını xalqa qaytarmaqla milyonların sevimlisinə çevrilmiş Şıxəli Qurbanov olmuşdu. Həmin izdihamlı, sevinc-fərəhli Novruz günlərini əks etdirən nə foto-şəkillərdə, nə də kino-fraqmentlərdə V.Axundov bir epizodda belə gözə dəymir. Halbuki, o bayramın təşkilatçılarından biri də o özü olmuş olsaydı, respublikanın birinci şəxsi kimi foto-şəkillədə daha çox görünərdi.
Vikipediya-da 1967-ci ilin Novruz bayramının keçirilməsi ilə bağlı yazılıb: "Mərkəzi Komitənin birinci katibi Vəli Axundov Şıxəli Qurbanovu təhlükəli işlər gördüyü barədə xəbərdarlıq etmişdi. Şıxəli Qurbanov isə öz hərəkətlərinə görə özü cavab verəcəyini demişdi”.
Hörmətli Solmaz xanım! Yazısınız kİ, “o zaman Azərbaycan KP MK-nın 1-ci katibi Vəli Axundov "icazəsini" (Moskvadan – R.O.) alandan sonra 1967-ci ildə Azərbaycanda Novruzun - Baharın gəlişininin rəsmi qeyd olunması haqda sərəncam imzalayır. Müvafiq sənəd var və bu iş o zaman Az.KP MK-da İdeologiya şöbəsinin rəhbəri Şıxəli Qurbanova tapşırılır. Yazıçı, tanınmış ziyalı olan Şixəli Qurbanovun rəhbərlik edən şəxs kimi bütün təşkilatçılarla sıx ünsiyyətdə olması və bu bayramın geniş miqyasda, böyük təntənə ilə keçirilməsi tədbiri birbaşa onun adı ilə bağlayır və məşhurlaşdırır. Təbii ki, haqqı var idi, milli ruhdan irəli gələn bir şövq və səmimiyyətlə görmüşdü bu işi.”
Bəli, Solmaz xanım, etiraf etdiyiniz kimi, Şıxəli Qurbanov bu işi “milli ruhdan irəli gələn bir şövq və səmimiyyətlə görmüşdü.” Və təbii ki, bunu Şıxəli Qurbanov olmadan həmin səviyyədə Vəli Axundov təşkil edə bilməzdi.
Bir də ki, axı, o, respublika rəhbəri kimi Novruz bayramı ilə bağlı müvafiq sərəncam imzalamışdısa, niyə Şıxəli Qurbanova “təhlükəli işlər gördüyü barədə xəbərdarlıq etmişdi?”. Bu, onun özünü Moskva qəzəbindən sığortalamaq üçün deyildimi? Və məhz bu səbəbdən V.Axundov həmin ilin Novruz bayramında xalq arasına çıxmamış, gözə dəyməmişdi? (Xalqımızda böyük ruh yüksəkliyi yaratmış həmin günləri o vaxtın 10-cu, buraxılış sinfi şagirdi kimi mən çox yaxşı xatırlayıram).
Vəli Axundovun Şıxəli Qurbanovla ehtiyatlı davranışının Azərbaycanda çoxlarına məlum olan başqa bir ciddi səbəbi də vardı. Respublika rəhbəri kimi o, son illərdə Şıxəli Qurbanovun həm görkəmli şair-dramaturq kimi, həm də öz sadəliyi və səmimiyyəti ilə xalqa daha yaxın olduğunu, daha çox sevildiyini, populyarlığını görərək, yəqin ki bundan daxilən narahatlıq keçirmiş, tezliklə özünün respublika rəhbərliyindən uzaqlaşdırılaraq, yerinə özündən 9 yaş cavan olan ideoloji şöbə müdirinin təyin olunacağından ehtiyat etmişdi. Və məhz bu səbəbdən, “özünüqoruma” instinkti ona güc gəlmiş, buna görə də Şıxəli Qurbanova “təhlükəli işlər gördüyü” barədə xəbərdarlıq etmiş və yəqin ki bu barədə Moskvanı da “vaxtında” məlumatlandımışdı.
Təbii bir sual doğur: əgər V.Axundov həqiqətən Novruz bayramının dövlət səviyyəsində keçirilməsi ilə bağlı müvafiq sərəncam imzalamışdısa, nəyə görə Ş.Qurbanova xəbərdarlıq etmişdi?
Bir faktı da unutmaq olmaz. Əgər Novruz bayramı V.Axundovun sərəncamı və təşəbbüsü ilə təşkil edilmişdisə, nəyə görə bununla bağlı respublika rəhbəri yox, məhz Şıxəli Qurbanov Moskvaya “duel”ə çağırılmşdı? Şıxəli Qurbanov o zaman Novruz bayramının tarixi ilə bağlı 22 səhifəlik izahat yazaraq sübut etmişdi ki, bu milli bayram heç də dinlə əlaqəli deyil. Onun geniş və son dərəcə əsaslandırılmış, məntiqli izahatından sonra Kreml bosslarından biri ilə Şıxəli Qurbanov arasında xoş ünsiyyət yaranmış və ona Bakıya qayıtmaq, yaxın günlərdə respublika rəhbəri olacağı barədə təklifi gözləmək tövsiyə edilmişdi. Ancaq Bakıda belə bir plana qarşı çıxaraq, Ş.Qurbanovun aradan götürülməsinə çalışırdılar. V.Axundov vəzifəsindən getmək fikində deyildi.
Müqayisə etməyə ehtiyac varmı ki, o zaman respublikanın bu iki tanınmış dövlət xadimindən hansı daha çox vətənpəvər idi, bütün varlığı ilə xalqı üçün çalışırdı?
Danılmaz bir fakt: çoxlarına məlumdur ki, Vəli Axundovun dissertasiyası üzrə elmi rəhbəri erməni olub və o, dissertasiyanı Bakıda, Moskvada yox, Yerevanda “müdafiə” eləyib. “Uğurlu müdafiə” müqabilində ondan Azərbaycan KP MK-nın birinci katibi kimi Ermənistanla həmsərhəd olan Qazax rayonunun xeyli yararlı, münbit torpaq sahələrinin onlara verilməsi tələb olunub. V.Axundov da həmin torpaqları dədə malı, dissertasiya “şirinliyi” kimi ermənilərə bağışlayıb. (Xalqa qarşı zülmkar, qaniçən olmadığına görə vaxtilə ona böyük rəğbətim olub. Ancaq əzəli torpaqlarımızın bir hissəsini ermənilərə peşkəş etdiyinə görə onu bağışlaya bilmirəm).
Qaldı ki, o tarixi Novuz bayramından keçən cəmi iki ay ərzində (qəsdən öldürülməsinə qədər) Şıxəli Qurbanova qarşı təşkil olunmuş üç sui-qəsd və sonda diş həkimi tərəfindən əvvəlcədən yoxlanmadan (“prob” iynəsiz) zəhərli iynə vurularaq öldürülməsi - xalq arasında deyilənlərə görə, hamısı Vəli Axundovun gizli tapşırığı ilə olub. Həmin diş həkiminin (təəssüf ki, sonralar Vəfa Quluzadənin qaynatası olub) belə bir qəsd etməsini onun hər cür mənəviyyatsızlığa yol verə bilən bir həkim olduğu da sübut edir. Belə ki, bir şahmatçı xanım gizli söhbətlərinin birində o cəllad “həkim”lə bağlı vaxtilə belə bir sirri açıb demişdi ki, həmin adam onların evinə gəlib-gedən qohumlarından olub. Bir dəfə qızın ata-anası evdə olmayanda onlara gələn həmin yaşlı diş “həkim”i qızı guya əvvəlcə qohumu kimi əzizləyərək, üz-gözündən öpmüş, sonra da ehtirasını boğa bilməyərək, divana yıxıb, zorlamaq istəmişdi. O vaxt 15 yaşı olan qız onun əlindən güclə qaçıb qurtara bilmişdi.
Vikipediya-dan: 1967-ci il may ayının 24-də Şıxəli Qurbanov dişlərini müalicə etdirmək üçün həkimə müraciət edir. Həkim onun dişinə iynə vurarkən Şıxəli Qurbanovun halı pisləşmiş və o, gözlənilmədən dünyadan köçmüşdü. Hələ bu gün də onun ölümünün o vaxt dövlət səviyyəsində hazırlandığı şöylənilir. O zaman vəzifədə qalmaq istəyənlər bunu qəsdən təşkil etmiş, xalqın sevimlisi olan o görkəmli şəxsiyyətə bilərəkdən zəhərli sianid turşusu vurdurmuşdular.
Hömətli Solmaz xanım, Sizə olan böyük hörmət və rəğbətimi saxlayaraq, onu demək istəyirəm ki, bütün digər müsbət keyfiyyətlərinə baxmayaraq, Vəli Axundovun (onun qardaşı, vaxtilə Sumqayıtın “mer”i olmuş Kamal Axundov xalq arasında çox böyük hörmət-nüfuza malik idi) Novruz bayramının yox, Şıxəli Qurbanovun bir rəqib kimi aradan götürülməsinin təşkilatçısı olduğuna hələ də şübhələr var. Yəni ki, Novruz bayramının 1967-ci ildə Azərbaycanda dövlət səviyyəsində təşkilinin təşəbbüskarı da, onun ilk və son qurbanı da başqa heç kəs yox, xalqımızın unudulmaz, vətənpərvər oğlu Şıxəli Qurbanov olmuşdu.
Hörmətlə, Rəhman ORXAN,
Azərbaycanın Əməkdar jurnalist