Modern.az

Komsomolu güllələyən Kələntər dayı - Arvadlar onu niyə döymək istəmişdilər...

Komsomolu güllələyən Kələntər dayı - Arvadlar onu niyə döymək istəmişdilər...

Mədəni̇yyət

22 İyun 2024, 09:48

Çoxları onu “Yeddi oğul istərəm” filmində oynadığı "Kələntər dayı" obrazı ilə tanıyır. Söhbət unudulmaz sənətkar, səhnədə oynadığı bir çox rolları ilə tamaşaçıların yaddaşında silinməz iz qoymuş mərhum Xalq artisti İsmayıl Osmanlıdan gedir... Bu gün onun ölüm tarixidir...


Modern.az-ın məlumatına görə, İsmayıl Osmanlı 11 aprel 1902-ci ildə Şəkidə yoxsul bir ailədə doğulub. Atası keçəçilik sənəti sayəsində ailəsini güclə dolandırsa da, övladlarının təhsilinə xüsusi fikir verib.
O, balaca İsmayılın elmə maraq göstərdiyini görüb, onun təhsil almasına xüsusi qayğı ilə yanaşıb.
İsmayıl Osmanlı ilk təhsilini Şəkidəki "Vətən" məktəbində alıb. Ancaq məktəbi sona qədər oxuya bilməyib. 11 yaşında atasını itirən İsmayıl məktəbdən uzaqlaşmalı olub. O, Şəki ipək fabrikində, dabbaqxanada işləməyə başlayıb. Gah əmisinin, gah da dayısının himayəsində yaşayan İsmayıl bir də məktəbə 1914-cü ildə gedib. Əmisi onu Şəkidəki rusdilli məktəb düzəldib. Lakin maddi çətinliklər səbəbindən İsmayıl bu məktəbi də atmağa məcbur olub.

Həyatın hər cür üzünü görən İsmayıl Osmanlı mükəmməl təhsil ala bilməsə də, mükəmməl aktyor olmağı bacarıb...

1920-ci ildə Şəkidəki Fəhlə-kəndli klubunun dram dərnəyinə üzv yazılıb. Burada aktyor kimi püxtələşən İsmayıl Osmanlı Gəncəyə qastrol səfəri zamanı diqqəti cəlb edir. Tezliklə Gəncə dram dərnəyinə dəvət alır.
1922-ci ildə Gəncəyə köçən aktyor 6 il buradakı həvəskarlar teatrında çalışıb. 1928-ci ildə Tiflis Dövlət Azərbaycan Dram Teatrına dəvət alıb. 1929-cu ildə isə həmişəlik Bakıya köçüb. 1930-cu ildə İsmayıl Osmanlının çoxdankı arzusu gerçəkləşib: o, dövrünün ən böyük sənətkarlarının çalışdığı Azərbaycan Dövlət Dram Teatrının truppasına işə qəbul olunub və həyatının sonuna qədər burada işləyib.

İsmayıl Osmanlı 4 may 1940-cı ildə Azərbaycanın Əməkdar artisti, 21 iyul 1949-cu ildə Xalq artisti fəxri adları ilə təltif olunub.


İsmayıl Osmanlının yaratdığı obrazlar xarakterlərinə görə bir-birindən fərqlənir.

Onun qəhrəmanları humanist, mehriban, hətta zalım, bəzən isə yazıq insanlardır.


İsmayıl Osmanlı o aktyorlardan idi ki, həm teatrda, həm də kinoda böyük həvəslə çalışıb, möhtəşəm ifaları ilə yaddaqalan obrazlar yaradıb.  Onun aktyorluq yaradıclığının əsasında təkcə rola daxil olmaq yox, həm də obrazları yaşamaq qabiliyyəti dururdu.

Görkəmli sənətkarın "Azərbaycanfilm"in istehsal etdiyi bir çox ekran əsərlərində oynadığı rolları yaşlı və orta nəsil tamaşaçılar böyük məhəbbətlə xatırlayırlar.

"Kəndlilər" filmində (daxili işlər naziri), "Bir məhəlləli iki oğlan"da (Mahmud), "O olmasın, bu olsun"da (Rza bəy), "Əsl dost"da (Usta Şirəli), "Yenilməz batalyon"da (dərzi Yusif), "Mən ki gözəl deyildim"də (poçt müdiri Şərif), "26-lar"da (Şahbazov), "Ulduzlar sonmür"də (Hacı Zeynalabdin Tağıyev), "Nəsimi"də (Nəimi), "Yeddi oğul istərəm"də (Kələntər) və sair filmlərdə yaratdığı obrazlar buna misal ola bilər.


“Mən ki gözəl deyiləm” filmindəki poçtalyon Şərif kişi... Sadə, səmimi, insanların dərdinə şərik olmağı bacaran bir insan...

“Dəli Kür” filmində faytonçu Məmmədəli kişi... Yoxsul, mərd, milli xarakterli azərbaycanlı obrazı…

“Nəsimi” filmində böyük hürufi şair Nəimi obrazı…  Mübariz, öz əqidəsinə sadiq şəxsiyyət…
 

Onun "Poçt qutusu" hekayəsinin motivləri əsasında çəkilmiş eyniadlı qısametrajlı filmdə yaratdığı avam Novruzəli obrazı 1968-ci ildə Zaqafqaziya və Ukrayna telefilmləri festivalında "Ən yaxşı kişi roluna görə" mükafatına layiq görülmüşdü...


“Hamam, hamam içində” ifadəsi ilə "Yeddi oğul istərəm" filminə damğa vuran Kələntər dayı... Gülləni Cəlalın ürəyinə tuşlamaqla tamaşaçıda nifrət oyadan obraz... Deyilənə görə, filmin təqdimatında Kələntərin Cəlalı güllələdiyi səhnəni izləyən gənc tamaşaçıların bəziləri dözməyib zalda ucadan Kələntəri söyürlər. Təqdimatın sonunda çıxış edən İsmayıl Osmanlı onların hamısına təşəkkür edir və tamaşaçıların hiddətli münasibətini Kələntər obrazının uğurlu alınmasında görür.

Yeri gəlmişkən, İsmayıl Osmanlının "Kələntər dayı" obrazı ilə bağlı maraqlı bir faktı da qeyd etmək lazımdır.

Bu haqda Modern.az-a filmdə Cəlal rolunu oynamış Xalq artisti Ənvər Həsənov danışıb:
 


“Mirpaşanın ölümündən sonra Cəlal Humayın arxasınca gedir, Kələntərə “bəsdir, bəsdir qoca!” deyəndən sonra ona şillə vurmalı idi. Amma mən vura bilmirdim. Aktyor İsmayıl Osmanlı məndən yaşca böyük idi deyə, bunu edə bilmirdim.  Həmin səhnəni 2-3 dubla çəkdik. İsmayıl dayı mənə dedi ki, “ay, Ənvər belə aktyorluq etmək olmaz. Bilirəm sənin mənə hörmətin var. Amma gərək sən elə şillə çəkəsən ki, mən onu hiss edəm”.

Bu sözündən sonra mən də ona elə bir şillə vurudum ki, kişinin ağzındakı protez dişi yerindən çıxdı. Dublu çəkdilər, razı da qaldılar. Amma mən çox narahat  idim. Özümdən böyük birinə doğrudan əl qaldrmaq mənə ağır gəlmişdi.

Bunu Şahmar Ələkbərova (Qəzənfər) söylədim. Ona bildirdim ki, həmin səhnənin filmə daxil edilməsini istəmirəm. Mənə dedilər ki, bu sənin roluna xələl gətirə bilər, filan-fəsməkan. Dedim yox eyy... Şahmar məndən böyük idi deyə, onunla məsləhətləşdim. Bu epizod mənim əqidəmə uyğun deyildi. Nə də olsa Kələntər dayı  məni böyüdüb boya-başa çatdrıb, mənim dayəmdir. Nəysə, 7 oğulun hamısı ilə qərara gəldik ki, rejissora müraciət edək ki, bu kadrı filmdən çıxarsın.

Rejissor Tofiq Tağızadə bizimlə razılaşdı ki, “sənin xahişinlə çıxarıram. Amma onu da nəzərə al ki, Kələntər sənin tüfəngini götürüb, sənin atını minib”. Mənim böyüklərə olan hörmətim nəticəsində o səhnəni filmdən çxıartdıq”.


İsmayıl Osmanının xatirələrindən:


“Bir axşam tamaşadan sonra teatrdan çıxıb evə gedirdim. Avtobusa təzə qalxmışdım ki, bir neçə orta yaşlı qadın məni dövrəyə aldı. İlk sözləri:

– Əlin qurusun! – oldu.

– Cəlalı Gəray bəyə necə satdın? – bir başqası həqarətlə söylədi.

Vəziyyətin nə yerdə olduğunu anladım. Artıq, bir neçə dəfə oxşar hadisə ilə qarşılaşdığım üçün özümü təmkinli aparmağa, cavab verməməyə çalışdım.

– Niyə cavab vermirsən, ay kaftar? Necə qıydın gül kimi uşağa?

Vəziyyət get-gedə gərginləşir, başqa sərnişinlər də bu qadınlara havadar çıxırdılar. Hələ yoluma bir neçə dayanacaq qalsa da, avtobus dayanan kimi düşdüm.

Ertəsi gün bu hadisəni teatrda sənət dostlarıma sarsılaraq danışdım. Düzü, adamların məni təhqir edəcəyindən, hətta daşa basacağından ehtiyat edirdim.

Gəray bəy rolunu böyük ustalıqla oynamış Həsanağa Turabov qoluma girib məni sakitləşdirdi:

– İsmayıl əmi, – dedi, – hər aktyora nəsib olmur oyandığı rola görə sevgi qazana bilsin.

– Nə sevgi, ay oğul? Az qala arvadlar məni parçalayacaqdılar.

– Elə aktyorun yaratdığı obraza nifrət, aktyorun özünə sevgidir də. Gör bir necə ustalıqla oynamısan ki, adamlar səni parçalamaq istəyirlər.

Mən də Şəki ləhcəsi ilə zarafata salıb:

– Ha indi saa nə var ki? Düşəydin o arvaddarın əlinə, onda bilərdin sevgi nədir, nifrət nə...”.
 

İsmayıl Osmanlı bu rolları ilə sübut edə bilmişdi ki, fərqli xarakterlər yaradan bilən dahi aktyordur. Onun sənətkarlığı sonrakı aktyorlar nəsli üçün örnəyə çevrildi...

Dahi aktyor 22 iyun 1978-ci ildə vəfat edib. Məzarı Fəxri xiyabandadır.


Ə.Qafarlı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var