12 aprel dünyanın bir sıra ölkələrində Kosmonavtika günü kimi qeyd olunur. 1961-ci ilin bu günündə ilk dəfə olaraq Sovet İttifaqı vətəndaşı Yuri Qaqarin kosmosa uçub. "Vostok" kosmik gəmisi ilə orbitə çıxan kosmonavt 1 saat 48 dəqiqə ərzində Yer kürəsi ətrafında dövr edib və uğurla Yerə enib.
SSRİ Ali Sovetinin 9 aprel 1962-ci il tarixli qərarı ilə 12 aprel - Ümumdünya Aviasiya və Kosmonavtika günü elan edilib.
Ancaq Yuri Qaqarin kosmosa uçan ilk canlı deyildi. Modern.az-ın məlumatına görə, kosmosa ilk canlının göndərilməsi Qaqarindən hələ xeyli əvvəl - 1957-ci il noyabrın 3-də baş tutmuşdu. Həmin tarixdə Layka adlı it kosmosa göndərilmişdi.
O zaman SSRİ rəhbərliyi heyvanların kosmosa göndərilməsi ilə bağlı qərar verərkən bir neçə növ canlı ilə bağlı müzakirə aparılmış və sonda itin üzərində dayanılmışdı. Həm də sahibsiz itə üstünlük verilmişdi. Bu isə onunla ədsaslandırılmışdı ki, sahibsiz küçə iti daha dözümlü olur.
Laykanı da küçədən tapıb seçmişdilər. Layka adlı dişi köpək 10 itin arasından seçilmişdi. Kosmosa göndərilən vaxt onun təqribən 3 yaşı var idi.
Onu “Sputnik-2” peykində Baykonur kosmodromundan fəzaya qaldırmışdılar.
İtin üzərinə onun ürək döyüntüsü və başqa həyat əlamətlərini ölçən monitorlar taxılmışdı.
Sovet mütəxəssisləri nəzərdə tutmuşdular ki, Laykanın uçuşu bir həftə davam edəcək və bu zaman onun fiziki göstəriciləri üzərində müşahidələr aparılacaq.
O zaman SSRİ-nin bir heyvanı kosmosa göndərməsi dünyada etirazla qarşılanmış və heyvan haqları müdafiəçiləri müxtəlif ölkələrdə sovet səfirlikləri qarşısında aksiyalar keçirmişdilər. Bu aksiyalarda bir itlə belə davranış vəhşilik adlandırılmışdı. Çünki əvvəlcədən məlum idi ki, Layka kosmosdan sağ-salamat qayıtmayacaq.
Sovet İttifaqının televiziyaları isə düz bir həftə Laykanın sağ-salamat kosmosda dövr etdiyi barədə xəbərlər tirajlamışdı. Sonra isə rəsmi xəbər yaymışdılar ki, Layka uçuşun 7-cü günündə ölüb.
Amma çox-çox sonralar məlum oldu ki, bu, yalan informasiya imiş. Heç demə, Layka kosmosda cəmi iki saat sağ qala bilmiş və boğulub ölmüşdü.
Bu informasiya 2002-ci ildə aşkar olmuşdu. Həmin vaxt SSRİ-yə aid sənədlər açıqlanarkən məlum olmuşdu ki, kosmosa göndərilən it həddindən yüksək hərarət və təşviş nəticəsində elə uçuşun 1-ci günündə keçinib.
Laykanın uçduğu “Sputnik-2” peyki 1958-ci il aprelin 14-də Barbados üzərində Yer atmosferinə daxil olaraq yanmışdı.
Beləcə Layka adlı it təkcə SSRİ-də deyil, bütün dünyada məşhurlaşmışdı.
Bu uçuşdan sonra SSRİ-də “Layka” markalı siqaretlər, poçt markaları buraxıldı. Hətta onun şəninə şeirlər də yazıldı. 2008-ci ildə isə Moskvada Hərbi Tibb İnstitutunun həyətində Laykaya abidə qoyuldu.
Ə.Qafarlı