Modern.az

Mərkəzi Bankın rəhbərliyinə gətirilən Taleh Kazımov məşhur şəxsin oğludur

Mərkəzi Bankın rəhbərliyinə gətirilən Taleh Kazımov məşhur şəxsin oğludur

Mədəniyyət

13 Aprel 2022, 12:23

Mərkəzi Bankın İdarə Heyətinin üzvü təyin edilən Taleh Kazımovun tərcümeyi-halına ictimai maraq onunla bağlı əlavə məlumatların tirajlanmasına səbəb olub. 
 

Modern.az xəbər verir ki, Taleh Kazımov 1 iyul 2015-ci il tarixində PAŞA Bankın Baş icraçı direktoru və İdarə heyətinin sədri vəzifəsinə təyin olunub. 
 

Maliyyə sektorunda peşəkar karyerasına 2004-cü ildə Bank Standard-da Xəzinədarlıq departamentinin aparıcı mütəxəssisi qismində başlayıb, daha sonra isə Uçotun idarə olunması və büdcə planlaşdırılması seqmentinin rəhbəri, Korporativ kreditləşmə seqmentinin direktor müavini vəzifələrində çalışıb. Eyni zamanda, 2006-cı ildə "Ernst and Young" şirkətində auditor vəzifəsində də işləyib.
 

Ali təhsilini 2000-2004-cü illərdə Azərbaycan Texniki Universitetinin "Avtomatlaşma və Kompüter mühəndisliyi" fakültəsində alıb. Həmçinin, o, Azərbaycan Dövlət Neft Akademiyasında Biznesin idarə edilməsi ixtisası üzrə magistr dərəcəsinə və ABŞ-ın Georgia State Univercity-ində maliyyə sahəsində Biznesin idarə edilməsi ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. Bundan başqa, T.Kazımov 2010-cu ildə London Biznes Məktəbinin (Böyük Britaniya) və 2012-ci ildə Harvard Biznes Məktəbinin (ABŞ) yüksək ixtisas proqramlarını (“Senior Executive Programme”) müvəffəqiyyətlə bitirib.


Taleh Kazımov Elman Rüstəmovun yerinə Mərkəzi Bankın İdarə Heyətinin üzvü təyin edilib. Onun Mərkəzi Bankın rəhbəri təyin ediləcəyi gözlənilir.

Qeyd edək ki, Taleh Kazımov ziyalı ailəsində doğulub. Onun atası Tahir Kazımov uzun illər polis sistemində çalışıb.

Tahir Kazımov Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. O, 1968-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Filalogiya fakültəsini bitirib. Daxili İşlər Nazirliyinin Akademiyasında təhsil alıb. 1967-1997-ci illərdə Daxili işlər Nazirliyində müxtəlif vəzifələrdə işləyib.

Polis polkovniki olan Tahir Kazımov Qaradağ rayon Polis İdarəsində rəis müavini, İmişli və Masallı rayonlarında polis rəisi vəzifələrində çalşıb. Hüquq-mühafizə orqanlarında son iş yeri Bakı Metropoliteninin polis rəisi vəzifəsi olub.

 

1998-2004-cü illərdə Azərbaycan Milli Aerokosmik  Agentliyində direktor müavini vəzifəsində işləyib. 2004-cü ildən Prezident yanında Ali Attestasiya Komissiyasında şöbə müduri olub.

Qarabağ müharibəsi veteranı olan Tahir Kazımov bu ilin mart ayında 80 yaşında dünyasını dəyişib. 
 

Mərhum 1965-ci ildən bədii yaradıcılıqla məşğul olub. Onun “Səsin sehri” əsəri səhnələşdirilib, “Taleyin qisməti beləymiş yəqin” dörd kitabdan ibarət  olan romanının birinci kitabı ssenariləşdirilib və on seriyalı televiziya filmi çəkilib.

T.Kazımovun “Qisas” romanı türk və özbək dillərinə tərcümə edilərək çap olunub. “Qisas” romanı əsasında 32 seriyalı telefilm çəkilib. 

 

Mərhumun “Müsibət” sənədli romanı 1988-1994-cü illərdə Azərbaycanda cərəyan edən ictimai-siyasi hadisələrə həsr edilib. 
 

“Qisas”, “Talelərini özləri yazanlar...” romanları ilə tarixi faktlara, sənədlərə əsaslanan müəllif erməni xəyanətkarlığını, əsasən 1915, 1918-1920, 1988-1994-cü illərin soyqırımlarını bədii təsvirlə oxucuların diqqətinə çatdırmağa çalışıb.
 

T.Kazımovun bir çox şeirlərinə bəstəkarlar musiqi bəstələyib.
 

Taleh Kazımovun əmisi Qəzənfər Kazımov isə məşhur elm adamıdır. Filologiya elmləri doktoru, professor olan Qəzənfər Kazımov uzun illər N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində dekan vəzifəsində çalışıb. 

 

Taleh Kazımovun babası Şirin Kazımov İkinci Dünya Müharibəsində həlak olub.


A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər