ABŞ-ın 101 yaşlı sakini növbəti ad gününü qeyd edib və uzunömürlülüyün qeyri-adi sirrini açıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Jozefine Gellner 9 aprel 1921-ci ildə ABŞ-da anadan olub, lakin uşaqlığının bir hissəsini Venesiya yaxınlığındakı İtalyan kəndində keçirib. Vətənə qayıtdıqdan sonra məktəb təhsilini başa vurmamaq, toxuculuq fabrikinə işləmək qərarına gəlib. Daha sonra qadın tibbi alətlər istehsal edən Ethicon şirkətində işə düzəlib və 1993-cü ildə təqaüdə çıxana qədər orada çalışıb.
İndi 101 yaşlı Gellner Pensilvaniya ştatının Tamakva şəhərindəki qocalar evində yaşayır.
Uzunömürlülüyünün səbəbini o, uşaqlıqdan orqanizmində hər şeyə qarşı immunitet yaranması ilə əlaqələndirir.
“Mən İtaliyada yaşayanda biz daim çirkli qidalar yeyirdik. Kartof da, digər tərəvəzlər də çirkli idi. Ayaqqabı geyinmirdik, əlimiz həmişə çirkli olurdu. Məndə hər şeyə qarşı immunitet yaranıb!” – deyə qadın bildirib.
Uşaqlığının ağır keçməsinə baxmayaraq, qadın İtaliyadakı həyatı məhəbbətlə xatırlayır. Onun sözlərinə görə, o vaxtlar insanlar bir-birləri ilə daha yaxşı rəftar edir və çətinliyə düşən hər kəsə kömək etməyə çalışırdılar.
Qocalar evinin işçiləri Gellnerin ən fəal qonaqlardan biri olduğunu və onunla çətinliklə ayaqlaşa bildiklərini söyləyib. Uzunömürlü qarının özü rifahından şikayətlənmir.
“Mənim yaşıma qədər çox az adam yaşayır. Mən özümü əla hiss edirəm”.