Modern.az

Vermədiyim sualın CAVABI

Vermədiyim sualın CAVABI

20 Aprel 2022, 09:30

Unudulmaz sənətkarımız Ağasadıq Gəraybəylinin xatirəsinə
 

1987- ci ilin payızı idi. Bir gün iş elə gətirdi ki, işlədiyim “Bakı” qəzetinin tapşırığı ilə qüdrətli sənətkarımız, kinomuza Ağabala (“Bəxtiyar”), Rüstəm bəy (“O olmasın, bu olsun”), Sərdarov (“Qızmar günəş altında” ) ...kimi ölməz obrazlar bəxş edən Ağasadıq Gəraybəylinin qonağı oldum.

Ustadın yaşı o vaxt artıq 90-nı keçmişdi, amma teatrla əlaqəni kəsməmişdi, bu yaşında da alqışlar altında səhnəyə çıxır, tamaşalarda oynayırdı (!).
 

Ağasadıq müəllim evdə tək idi və çox dilxor, narahat, bir az da köməksiz görünürdü. Hiss elədim ki, vəziyyət, necə deyərlər, “ruscadır”, dağ boyda kişini belə çətin duruma salan nə isə ciddi bir səbəb var. Az sonra hər şey aydın oldu – demə, bir neçə gün imiş Ağasadıq müəllimin gözləri öz işığını demək olar ki, tam itiribmiş və o, indi ətrafında olan hər şeyi, o cümlədən məni də yalnız qaraltı kimi görürdü...
 

Çətin vəziyyətə düşmüşdüm, bilmirdim teatrla bağlı cavabını almağa gəldiyim sualı bu vəziyyətdə səsləndirim, ya yox. Necə deyərlər, keçi can hayında, qəssab piy axtarır.
 

Amma Ağasadıq müəllimin az qala ağlamsına-ağlamsına dedikləri mənim vermədiyim 1 yox, bəlkə də 5 sualın cavabı oldu:
 

- O gün teatra təzə tamaşanın stolarxası məşqinə getmişdim. Elə əyləşib məşqə başlamışdıq ki, gördüm rolumun sözləri yazılmış dəftəri unudub evdə qoymuşam. Hirsimdəm hər 2 əlimlə başıma necə qapaz endirdimsə, həmin andaca gözlərimə qaranlıq çökdü...
 

...Ağasadıq müəllimin dedikləri sənətə həsr olunmuş uzun bir ömrün tragikomediya üslubunda oynanılan son – final səhnəsi idi...və ustad o səhnəni də bütün rolları kimi təbii oynamışdı...


Düz 1 il 1 ay sonra aktyor vəfat etdi...
 

Məzarının nuru əskilməsin, ustad!
 


Əlisəftər Hüseynov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər