Ötən gün Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsin yaradılması haqqında Fərman imzalayıb. Fərmana əsasən, Mədəniyyət Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxs yaradılıb.
Müəyyən edilib ki, Agentlik Azərbaycanda kinematoqrafiyanın inkişafının, o cümlədən yerli və müştərək kino istehsalının dəstəklənməsi, kino mədəniyyətinin təbliğinin təşkili, kinematoqrafiya müəssisələrinin və kino sənayesi iştirakçılarının fəaliyyətinin, eləcə də kinematoqrafiya sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması, Azərbaycan kinematoqrafiyasının dünya kinematoqrafiyasına inteqrasiyası sahələrində fəaliyyət göstərən, Nazirliyin tabeliyindəki kinematoqrafiya müəssisələrini idarə edən və onların fəaliyyətinə nəzarəti həyata keçirən publik hüquqi şəxsdir.
Yeni yaradılan Kino Agentliyindən gözləntilər nədir? İllərdir inkişaf edə bilməyən kino sahəsini yenidən canlandırmaq mümkün olacaqmı?
Azərbaycanın Xalq artisti, kino sənətinin görkəmli nümayəndəsi Rasim Balayev bununla bağlı fikirlərini Modern.az-la bölüşüb.
Aktyor hesab edir ki, Kino Agentliyinin yaradılmasını kino sahəsinin inkişafı baxımından müsbət hal kimi qiymətləndirmək olar. Xalq artisti əvvəllər də belə oxşar qurumun olduğunu xatırladıb:
“Kino sahəsi üzrə əvvəllər komitə fəaliyyət göstərirdi. Daha sonra nazirlikdə şöbə yaradıldı və bu formada işə davam etdilər. Məncə, kinoya nəzarət edən ayrıca qurum olmalıdır. Cənab Prezidentə təşəkkür edirəm ki, belə bir addım atdı. Gözləntilərim müsbətdir”.
R.Balayev vurğulayıb ki, Kino Agentliyində kino sahəsi ilə məşğul olan təcrübəli insanlar çalışmalıdır.
“Nazirlikdə kino sahəsinə nəzarət edən şöbə olanda, işlər çox çətin idi. Kino, film çəkilirdi, əgər nazir bəyənmirdisə, efirə verilmirdi. Prezident lazımi addım atdı, bundan sonrakı işlər sənət adamlarının qabiliyyətinə qalıb.
Agentliyin ayrıca büdcəsi olacaq və nəticədə daha çox məsuliyyətləri yaranacaq. Soruşacaqlar ki, sənə bu qədər pul ayırmışıq, gördüyün işlər hanı? Agentlik də çalışacaq ki, daha məsuliyyətli olsun”, - deyən Xalq artisti yaxın illərdə kino sahəsində müsbətə doğru dəyişikliklərin olacağına inandığını söyləyib.
Bundan əlavə, R.Balayev gənc aktyorlara dəstək göstərilməsinin vacibliyini önə çəkib. Onun sözlərinə görə, kino sahəsinin inkişafı üçün gənclərə dəstək vermək, onlara imkanlar yaratmaq vacibdir. Eyni zamanda peşəkar sənət adamlarını da unutmaq olmaz.