Modern.az

“Şuşa ili”ndə elm və mədəniyyətin təbliği

“Şuşa ili”ndə elm və mədəniyyətin təbliği

Mədəniyyət

22 May 2022, 16:25

“Şuşa Azərbaycan şəhəridir. Şuşanın təməlini hamımız yaxşı bilirik, 1752-ci ildə Pənahəli xan qoymuşdur və gələn il biz Şuşanın 270-ci ildönümünü təntənəli şəkildə qeyd edəcəyik. İşğala baxmayaraq, Şuşa Azərbaycan ruhunu saxlaya bildi. Şuşaya gələn hər bir insan bunu görür. Hətta dağılmış vəziyyətdə, hətta işğal dövründə vandalizmə məruz qalmış şəkildə Şuşa öz ruhunu, öz qamətini saxlaya bildi, əyilmədi, sınmadı, bizi gözləyirdi, biz gəlməli idik və biz gəldik. Müzəffər xalq kimi gəldik. Danışıqlar yolu ilə yox, Ermənistan tərəfindən edilə biləcək hansısa güzəşt nəticəsində yox, döyüş meydanında, qan tökərək, şəhidlər verərək, fədakarlıq göstərərək gəldik və öz ərazi bütövlüyümüzü bərpa etdik və milli ləyaqətimizi bərpa etdik”.

 

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciəti zamanı bu fikirləri səsləndirən Ali Baş Komandan İlham Əliyev 2022-ci ili “Şuşa ili” elan etdi. 2022-ci il yanvarın 5-də isə Prezident bununla bağlı Sərəncam imzaladı.

 

Mühüm siyasi və tarixi əhəmiyyət kəsb edən bu sərəncam dövlət başçısının xalqımızın tarixi və mədəni dəyərlərimizə xüsusi diqqətinin, böyük ehtiramının göstəricisidir. 2022-ci ilin Azərbaycanda "Şuşa İli” elan edilməsi, həmçinin Şuşanın bu günü və gələcəyi ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsi üçün mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, bütün dünyaya verilən mesaj, Azərbaycanın Vətən müharibəsində şanlı Qələbəsinin təntənəsidir.

 

Bu il yalnız Şuşanın 270 illiyinin qeyd olunacağı tarix kimi simvolikləşmir. Həm də ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu Vaqif məqbərəsinin 40 illiyidir. Və yenə də bu il ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu, idealları və istiqlal təlimi ilə yoğurub hasilə gətirdiyi Yeni Azərbaycan Partiyasının 30 illiyidir. Bütün bu rəqəmlərin ayrılıqda hər biri və birlikdə hamısı Azərbaycanın bu günü deməkdir, qazanılan zəfər, müzəffər ordu və qalib Ali Baş Komandan deməkdir.   

 

Nazirlər Kabinetinin təsdiq etdiyi “Şuşa ili ilə bağlı Tədbirlər Planı”na əsasən, bu ilin may ayından başlayaraq, Azərbaycanın mədəniyyət paytaxtında genişmiqlaslı möhtəşəm tədbirlər təşkil edildi. Azərbaycan tarixinin, elm və mədəniyyətinin təbliğinin önə çıxdığı bu tədbirlərdə xarici ölkələrdən gələn qonaqlara ölkəmizin inkişafı, azad edilmiş ərazilərdə görülən işlər barədə ətraflı məlumat verildi, Qarabağ əhalisinin Böyük Qayıdışa hazırlaşdığı vurğulandı.

 

2022-ci il mayın 12-də V “Xarıbül­bül” Beynəlxalq Folklor Festivalının açılışı baş tutdu. Mərasimin açılışında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva, mədəniyyət, ictimaiyyət nümayəndələri, xarici qonaqlar iştirak etdilər. Festivala 10 ölkədən müxtəlif folklor üslublarında musiqiçilər, rəqs kollektivləri, həmçinin Azərbaycanın müxtəlif regionların­dan folklor kollektivləri qoşulmuşdu. Festival çərçivəsində Cıdır düzündə Azərbaycanda yaşayan müxtəlif xalq­ların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzu­sunda təqdim edildi, eləcə də, xalq mahnıları və klassik musiqidən ibarət proqram təşkil olundu.

 

Festival tədbirlərinə Azərbaycan, Mali, Türkiyə, Özbəkistan, Gürcüs­tan, Tunis, Misir və Pakistandan olan musiqiçilər, rəqqasə və müğənnilər dəvət edilmişdi. Üç gün ərzində festival səhnəsində təkcə Azərbaycanın deyil, həmçinin dəvət olunmuş digər ölkələrin ən yaxşı musiqi kollektivlərinin uğurlu çıxışları dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılandı. Onlar öz ölkələrinin folklorunu, xalq musiqisinin digər müasir musiqi janrları ilə sintezini məharətlə təqdim etdilər.

 

Festival çərçivəsində keçirilən tədbirləri dövlət rəsmiləri ilə ya­naşı, Azərbaycanın yaradıcı ziyalıları – yazıçılar, bəstəkarlar, jurnalistlər, habelə Şuşada xidməti borcunu yerinə yetirən Azərbaycan Ordusunun hərbi qulluqçu­ları çox qürur duya-duya, fəxarət hissi ilə izləyirdilər.

 

Bu gün Şuşa yenə öz beynəlxalq şöhrətini bərpa edir. Düşmən əsarətindən azad edilmiş Şuşa musiqimizin, muğamımızın sədaları altında müxtəlif mötəbər tədbirlərə ev sahibliyi edir. Mayın 12-14-də Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalı bunun əyani təsdiqidir. “Şuşa ili”nə həsr edilmiş tədbirlərin davamı növbəti aylarda da əks-sədası ilə seçiləcək. Çoxşaxəli fəaliyyət və beynəlxalq təəssürat deməyə əsas verir ki, bu tədbirlər davamlı keçiriləcək, xüsusilə Xarıbülbül Festivalına olan maraq artdıqca ildən-ilə digər ölkələrdən gələn qonaqların sayı daha da çoxalacaq.

 

Tarixdən bizə məlumdur ki, XVIII əsrin II yarısından Şuşa musiqi mərkəzinə çevrilib. Şuşada, Cıdır düzündə “Xarıbül­bül” Beynəlxalq Folklor Festivalının keçirilməsi Azərbaycan mədəniyyətinin, tarixi-mədəni irsimizin möhtəşəm təbliğinin, azad olunmuş torpaqlarda oyanışın hələ başlanğıcdır. Bundan sonra Azərbaycanda bayram bayrama qarışacaq, Böyük Qadışın təntənəsi uzun müddət dünyaya əks-səda salacaq.

 

 

Aysel Aslan

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” mövzusunda hazırlanıb.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər