Ukraynada "Miss Ukrayna-2022" gözəllik müsabiqəsinin qalibi seçilib.
Modern.az xəbər verir ki, "Miss Ukrayna -2022"nin qalibi adını Viktoriya Apanasenko qazanıb.
Yarışın Təşkilat Komitəsi Ukraynadakı genişmiqyaslı müharibə ilə əlaqədar bu il ənənəvi şoudan imtina edib.
“Ölkəmiz indi bayrama hazır deyil, amma dövlətimizdə baş verən hadisələrə diqqəti cəlb etmək üçün bütün mümkün vasitələrdən istifadə etməliyik. Ona görə də biz 70 illik tarixi olan və hər bir ölkədə yayımlanan məşhur müsabiqənin dünya finalında Ukraynanı təmsil etmək fürsətini əldən verməmək qərarına gəldik”, - "Miss Ukrayna-2022" müsabiqəsinin prezidenti Anna Filimonova bildirib.
Ukrayna gözəli seçilən 28 yaşlı Viktoriya Apanasenko informasiya cəbhəsində ölkəsinin qələbəsi uğrunda fəal mübarizə aparır və könüllülük fəaliyyəti ilə məşğul olur.
Viktoriya Taras Şevçenko adına Kiyev Milli Universitetinin Psixologiya fakültəsini sosial iş ixtisası üzrə bitirib, əlavə olaraq peşəkar modeldir və hazırda Ukrayna brendlərini fəal şəkildə təbliğ edir.
Ukrayna və İngilis dillərini mükəmməl bilir. Uşaqlıqdan bədii gimnastika, bal və müasir rəqslərlə, rəsm çəkməklə məşğul olub, şeir və nəsr qiraəti müsabiqələrində iştirak edib. O, şeir yazır və şeir kitabını çapa hazırlayır.
“Silahlı Qüvvələrimizin etibarlı arxası olmaq çox vacibdir. Xalqımızı yaşatmaq və Rusiyanın vəhşiliyini dayandırmaq üçün başqa ölkələrin dəstəyinə ehtiyacımız var. Belə çətin və dəhşətli bir zamanda Ukraynanın beynəlxalq arenada səfirlərindən biri olmağın, ölkəmizin bütün qadınlarının səsi ilə çıxış etməyimin fərqindəyəm. Mən öz qələbəm üçün deyil, ölkəmin qələbəsi üçün yarışmağa gedirəm”, - deyə Apanasenko bildirib.