Bakıdakı ən böyük xəstəxanalardan biri hesab olunan Kliniki Tibbi Mərkəzi böyük əksəriyyət “Semaşko xəstəxanası” adı ilə tanıyır. Baxmayaraq ki, tibb ocağının adı illər öncə dəyişib, amma hələ də çoxları bura“Semaşko xəstəxanası” deyir.
Sanki “Semaşko” adını unutmaqda çətinlik çəkirik, ya da bunu istəmirik...
Ən qəribəsi hələ də bu ada mətbuatda da geniş yer verilməsidir. Məsələn, ötən il Mərkəzin direktoru dəyişəndə, əksər KİV-lər xəbəri belə başlıqla yaydılar: “Semaşko”ya yeni direktor təyin olundu.
Elə indi də bu xəstəxana ilə bağlı hansısa məlumat yazılanda jurnalistlər Kliniki Tibbi Mərkəzin adının qarşısına mötərizədə “Semaşko” sözü qeyd edir.
Taksi sürücüləri də bu ünvanı “Semaşko xəstəxanası” kimi tanıyırlar.
Bəs bizlərə yad olan bu Semaşko kimdir, aramızda necə məşhurlaşıb?
Modern.az saytı “Bakının köhnə yerləri” rubrikasında vaxtilə paytaxt sakinləri arasında məşhur olmuş və hələ də unudulmayan ismlərdən bəhs edir.
Bu dəfə Kliniki Tibbi Mərkəzin adından “qopmaq istəməyən” Semaşkonun kimliyindən bəhs edirik.
Öncə onu qeyd edək ki, adı çəkilən tibb ocağı XX əsrin əvvəllərində Bakı milyonçusu Ağa Musa Nağıyev tərəfindən tikdirilib.
Musa Nağıyev 1900-cü illərdə Moskva, Peterburq, Hamburq, Berlin və digər böyük şəhərlərdə xəstəxana tikinti layihəsini həyata keçirməklə məşhurlaşan memar Bayevi Bakıya dəvət edir. Dəvəti qəbul edən memar Bakıya gələrək qısa müddətdə xəstəxananın layihəsini hazırlayır və bu layihə milyonçu tərəfindən bəyənilir. Memarın təklif etdiyi layihə böyük sahəni əhatə edir və tikinti işləri təxminən 10 il davam edir.
Tarixi mənbələrdə bildirilir ki, 1914-cü ildə tikintisi başa çatdırılan xəstəxanada 250 çarpayı cərrahi xəstəliklər, 400 çarpayı daxili xəstəliklər, 250 çarpayı infeksion xəstəliklər, 50 çarpayı dəri-zöhrəvi xəstəlikləri və 50 çarpayı əsəb xəstəliklərindən müalicə olunacaq xəstələr üçün nəzərdə tutulub.
Xəstəxananın tikinti materiallarında antibakterial materiallardan - gümüş tozundan, xüsusi kafeldən istifadə olunub. Tavanın 5 metrə yaxın hündürlüyü, pəncərələrin çox geniş, böyük olması və s. bu kimi şərtlər milyonçunun istəyi əsasında qurulub.
Təəssüf ki, məşhur milyonçunun vəsaiti ilə tikilən bu tibb ocağı çox qısa bir müddətdə - 6 il Ağa Musa Nağıyevin adını daşıyıb. Sovet işğalının ardından isə xəstəxananın adı dəyişdirilib.
Belə ki, 1920-ci ildə xəstəxanaya Rusiyanın ilk səhiyyə komissarı Nikolay Semaşkonun şərəfinə onun adı verilib.
Beləliklə, xəstəxana 1920-ci ildən 1990-cı illərə kimi “Semaşko” adı ilə tanınıb və ötən 70 ildə Azərbaycanda məşhurlaşıb.
Nikolay Semaşko 1874-cü ildə Rusiyanın Lipetsk vilayətində pedaqoq ailəsində dünyaya gəlib. 1891-ci ildə Yelets gimnaziyasında təhsil alıb, daha sonra təhsilini Moskva Universitetinin Tibb fakültəsində davam etdirib. 1906-cı ildə miqrant kimi İsveçrəyə köçüb, Cenevrədə yaşayıb, orada məşhur inqilabçı Vladimir Leninlə görüşüb. 1907-ci ildə Semaşko 2-ci Beynəlxalq Ştutqart Konqresində Cenevrə bolşevik təşkilatının nümayəndəsi olub. Tiflisdə izlənilən Sarra Raviçin Semaşkoya məktub göndərməsi səbəbilə onu həbs ediblər. Bəzi mənbələrə görə 377 gün həbsdə qalıb.
N.Semaşko 1913-cü ildə Serbiya və Bolqarıstan sosial-demokratik hərəkatında iştirak edib.
1917-ci ildə oktyabr sosialist inqilabından sonra o, Moskva Sovetində tibb-sanitar şöbəyə rəhbərlik edib.
1918-1930-cu illərdə isə Semaşko Rusiyanın xalq səhiyyə komissarı olub.
Semaşko 1949-cu il-də Rusiyada vəfat edib və Moskva qəbirstanlığında dəfn olunub.
Keçmiş SSRİ dövründə onun adı əbədiləşdirilib. Semaşkonun adı Sovet İttifaqın məkanındakı bir çox şəhərlərdə tibb ocaqlarına verilib. Bakıda da həmçinin…
Azərbaycan müstəqilliyini bərpa edəndən sonra Semaşkonun adı Bakıdakı xəstəxanadan götürülüb. Sonrakı illərdə bu müəssisə “1 saylı Şəhər Xəstəxanası”, “1 saylı Klinik Tibbi Mərkəz” adı altında fəaliyyətini davam etdirib.
Hazırda bura Kliniki Tibbi Mərkəz adlanır. Tibb ocağı icbari tibbi sığortanın tətbiqi ilə yenidən formalaşdırılıb. İndi Kliniki Tibbi Mərkəz 10 korpus və köməkçi tikililərdən ibarətdir. Təxminən 12 ha əraziyə malik Mərkəzdə ümumilikdə 40-a yaxın tibbi şöbə fəaliyyət göstərir.
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) 27 aprel 2021-ci il tarixli qərarına əsasən, Ş.Ələsgərova adına 5 saylı Kliniki Doğum Evi, Ə.F.Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanası və 3 saylı Uşaq Xəstəxanasının ona qoşulması yolu ilə “Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxsi yenidən təşkil olunub
A.Qorxmaz