Modern.az

Kiminsə üzdəniraq əməli yanğınsöndürənlərin nüfuzuna kölgə sala bilməz - Polkovnik

Kiminsə üzdəniraq əməli yanğınsöndürənlərin nüfuzuna kölgə sala bilməz - Polkovnik

18 Avqust 2022, 10:39

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətində baş vermiş məlum hadisə, intim videoların yayılması utanc yerimiz olsa da, bu olaylara söykənərək əl-ayağa düşən, fürsəti əldən verməyərək Azərbaycan yanğınsöndürənlərnin, həmçinin FHN-nin imici haqqında böyük həvəslə mənfi rəy yaratmağa cəhd göstərənlərin canfəşanlığı da təəssüf doğurur. İlk növbədə onların diqqətinə çatdırmaq istərdik ki, kiçik bir yanğının söndürülməsində belə iştirakı olmayan Zaur Mirzəyev bu xidmətdə özünə yer etməyə müyəssər olsa da, o, Azərbaycanın yanğından mühafizə xidmətinin təmsilçisi və siması ola bilməz.  


Azərbaycanın yanğından mühafizə sistemi tarixinin elmi araşdırıcısı, bu sahə ilə bağlı bir sıra kitbların müəllifi olaraq və nəhayət 25 ildən artıq bu xidmətdə çalışmış əməkdaş kimi cəsarətlə və tarixi faktlara istinad edərək söyləyə bilərəm ki, yanğından mühafizə xidməti daim xalqla bir olub. Milli məfkurəsi, mənəvi-əxlaqi dəyərləri ilə xalqımızın bütün keşməkeşli yollarında onunla birgə addımlayıb. XIX əsrin sonunda, XX əsrin əvvəllərində çar zülmünün ağrılarını yaşayıb, erməni millətçilərinin XX əsrin ilk onilliklərində törətdiyi vəhşiliklərə sinə gərib, 30-cu illərin repressiyalarına məruz qalıb, II Dünya müharibəsi illərində alman faşizmi ilə mübarizədə həm arxa, həm də ön cəbhədə fədakarlıqlar nümayiş etdirib, müharibədən sonrakı ağır illərdə öz inkişaf tempini nəinki azaltmayıb, hətta keçmiş SSRİ kimi nəhəng bir dövlətdə qaliblər sırasına çıxaraq bu ölkənin yüksək mükafatlarına layiq görülüb. Xarici ölkələrdə baş vermiş ən iri və mürəkkəb yanğınların söndürülməsində qəhrəmanlıqlar nümayiş etdirən Azərbaycan yanğınsöndürəni dünyanın diqqətini cəlb edib.


SSRİ dağıldıqdan sonra Azərbaycan xalqının tarixi sınaqlara çəkildiyi  1990-cı il qanlı 20 Yanvar hadisələrində belə Azərbaycan yanğınsöndürənləri ölümün gözünə dik baxaraq şərəf dolu xidməti vəziflərini ləyaqətlə icra ediblər. 


Azərbaycan yanğınsöndürənləri xalqımız ikinci dəfə müstəqilliyimizə qovuşarkən daim dövlətçilik ənənələrinə sadiq qalıb, ulu öndər Heydər Əliyevin milli ruha köklənmiş uzaqgörən siyasətinin həyata keçməsi, müstəqil Azərbaycanın çiçəklənməsi, qüdrətlənməsi üçün əllərindən gələni əsirgəməyiblər.  


Azərbaycanın yanğından mühafizə xidməti yarandığı gündən bəri yüzlərlə, minlərlə yanğın hadisəsində odu ram edərək dövlət və şəxsi əmlakı, insanları yanğın kimi dəhşətli fəlakətdən qoruyaraq qəhrəmanlıqlar göstərib, bu şərəfli yolda canlarından keçiblər. 


Azərbaycanın yanğından mühafizə xidmətini alçaldıcı, istehza dolu sözlərlə hədəfə alanlar unutmasınlar ki, onlarla Azərbaycan yanğınsöndürəni yanğın təhlükəsizliyini təmin edərkən həlak olub, xəsarət alıb, 1-ci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalıb. 


Zəfər dolu 44 günlük 2-ci Qarabağ müharibəsində yanımızda olan qardaş Türkiyədə 1999-cu ilin avqustunda və sonralar baş vermiş  mürəkkəb yanğınların söndürülməsində Azərbaycan yanğınsöndürənlərinin iştirakı, yüksək fədakarlıq və peşəkarlıq nümayiş etdirmələri, ən çətin məqamlarda həyatlarını təhlükə altına qoyaraq ön sıralarda olmaları, mütəşəkkillikləri ilə xarici həmkarları arasında qısa bir müddətdə fərqlənmələri və nüfuz qazanmaları Azərbaycan xalqının adına baş ucalığı gətirərək yanğın təhlükəsizliyi xidməti tarixinin ən şanlı səhifələrindəndir. Bu tarixin yaradıcılarını “yoldan ötənlərə” – Zaur Mirzəyevə görə məsxərəyə qoymaq insafdanmı? Sıralarında çalışdığı neçə-neçə ləyaqətli xanım əməkdaşın ailəsinə şübhə toxumu səpmək, faciələrə rəvac vermək ədalətdənmi?


Müstəqil respublikamızı inamla, sürətlə işıqlı gələcəyə aparan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin prezidentlik fəaliyyətinin bütün dövrlərində prioritet istiqamətlərindən biri də xalqın təhlükəsiz yaşamasına təminat verməsidir. Bu istiqamətdə həyata keçirilən işlərdə FHN-nin, o cümlədən Azərbaycan yanğınsöndürənlərinin təqdirəlayiq xidmətləri danılmazdır. Bu gün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti özünün qəhrəmanlıq, fədakarlıqlarla zəngin tarixi ənənələrini yaşatmaq üçün yanğınların söndürülməsinin, qəza-xilasetmə işlərinin yüksək peşəkarlıqla təşkil olunması istiqamətində zəruri olan bütün tədbirləri həyata keçirir. Zaur Mirzeyev kimi Dövlət Yanğından Mühafizə Xidmətində  özünə yer eləmiş “yad cisimlər”in bəd əməlləri isə heç bir vaxt Azərbaycan yanğınsöndürəninin   nüfuzuna, onun şərəfli tarixinə ləkə ola bilməz


FHN-nin, həmçinin Azərbaycan yanğınsöndürələrinin imici haqqında mənfi rəy yaratmağa cəhd göstərənlər Zaur Mirzeyevi rəhbər işçi təqdim etməklə daha da “sanballı əsər” yaratmağa cəhd göstərirlər. Onlara tövsiyəmiz budur ki,  yanğınlar zamanı  sıravi yanğınsöndürənlərlə birgə Dövlət Yanğından Mühafizə Xidmətinin Rza Xudiyev, Əkbər Novruzov, Nəzər Baxışov, Azad Əliyev, Xudat Nəbiyev və s. rəhbər işçilərinin ön xəttdə  alovu ram edərək vətənpərvərlik nümunəsi sayıla biləcək  xidməti fəaliyyətlərindən də yazsınlar.  
 

Məlum hadisələrlə bağlı son günlər FHN-dən, həmçinin Azərbaycan yanğınsöndürələrindən yazıb canfəşanlq edənlərə sual veirirk:


44 günlük zəfər müharibəsində möhtərəm prezidentimiz, müzəffər Ali Baş Komandanımız İlham Əliyevin səsinə səs verərək Tərtər düşmən raketlərinə məruz qalıb yanğınlara qərq olarkən  qəhrəmanlıq, yüksək vətənpərvərliklə, sözün həqiqi mənasında ölüm saçan mərmilərin caynağında rayonun yanğın təhlükəsizliyini təmin edən Tərtər rayon Dövtət Yanğından Mühafizə Xidmətinin rəisi, daxili xidmət polkovniki Mübariz Əliyevdən və onun timsalında onlarla, yüzlərlə fədakar, xidmət zamanı şəhidlik zirvəsinə ucalmağa belə  hazır olan yanğınsöndürənlərimizdən niyə yazmırdınız? Niyə kitablar mövzusu ola biləcək qəhrəmanlıqları da təbliğ etmirsiniz?


Bu gün “şok hadisə yapmaq” eşqi ilə FHN-nin qapılarını döyənlər  zəhərli  qatı tüstünün və amansız alovun içərisinə məhz birinci olaraq atılan, həyatlarını təhlükə  altına qoyaraq insanlara ilk yardım əlini uzadan, onları xilas edən və nəhayət, yanğınlar zamanı  Uca Allahdan imdad diləyən analara  xilaskarlıq missiyası ilə sonsuz sevinc bəxş edən yanğınsöndürənlərimizin xidmətlərini nədən yanğın yerinə gəlib işıqlandırmırsınız?


Ucuz sensasiya axtaranlara sual veririk:  Daşqın, subasma, zəlzələ, bina uçqunu, güclü yağışlar nəticəsində selaparma, yer sürüşmələri, çöl-meşə yanğınları, respublikanın  magistral yollarında baş verən qəza hadisələri və s. fövqəladə halların nəticələrinin aradan qaldırılmasında FHN əməkdaşlarının əsl kişilik məktəbi olan xidmətlərindən niyə bəhs etmirsiniz?


Bəli, yaxşıları da görməyi bacarmalıyıq  və tam əminliklə unutmamalıyıq ki, Zaur Mirzəyev kimilərinin əməlləri Azərbaycanın yanğından mühafizə xidmətinin nüfuzuna xələl gətirə bilməz və nəhayət, fərqində olmalıyıq ki, Zaur Mirzəyevin əxlaqsız əməllərini tirajlanması bir çox ailələrdə faciələrə səbəb ola bilər.


Sonda isə hamının eşidəcəyi bir səslə yanğın söndürənlərimizə müraciət edirəm:


Azərbaycan yanğınsöndürəni! Sən qəhrəmansan, sən fədakarsan, halal çörəyinlə yaşayansan! Kiminsə üzdəniraq əməli  sənin nüfuzuna kölgə sala bilməz.
 

Hikmət Xudiyev,
Əməkdar jurnalist, istefada olan daxili xidmət polkovniki

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər