Modern.az

İTV-nin keçmiş rəhbəri bu fotodan DANIŞDI: “Bizə hörmət edirlər...”

İTV-nin keçmiş rəhbəri bu fotodan DANIŞDI: “Bizə hörmət edirlər...”

Mədəniyyət

2 Sentyabr 2022, 14:00

Avqustun 29-da İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İctimai Televiziya və İctimai Radio) fəaliyyətə başlamasının 17 iliyi qeyd olunub. İTV-nin ad günü ilə bağlı təşkil olunan tədbirdə iştirak edən şəxslər arasında telekanalın sabiq rəhbərləri İsmayıl Ömərov və Cəmil Quliyev də olub. Onların İctimai Televiziya və Radio Yayımları Şirkətinin hazırkı Baş direktoru Balakişi Qasımovla birgə çəkilən fotosu sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb və bu addım həmrəylik kimi qiymətləndirilib.

 

Modern.az-ın əməkdaşı Cəmil Quliyevlə əlaqə saxlayaraq, tədbirdə iştirakı, həm də İTV-nin fəaliyyəti ilə bağlı onun fikirlərini öyrənib. 

 

Əməkdar incəsənət xadimi bildirib ki, İctimai Televiziya bu gün Azərbaycan teleməkanında avanqarddır. Burada verilişlər rəngarəng və kreativdir: "Ən əsası İTV mədəniyyətə, sənətə çox yüksək diqqət yetirir. Sənət adamı olduğum üçün İTV-də mədəniyyətə, incəsənətə aid verilişlərin çoxluğu məndə xoş təəssürat yaradır".

 

C.Quliyevin sözlərinə görə, vaxtilə rəhbərlik etdiyi telekanal həqiqətən İctimai televiziya rolunu oynaya bilir:

 

“İTV bütün sahələrə diqqət yetirir. İdman, zəngin ictimai-siyasi verilişlər kanal üçün çox mühüm rol oynayır. Həmin verilişlər həqiqətən də maraqlıdır. Bu verilişlər zövqlə, mənayla hazırlandığı üçün geniş izləyici auditoriyasında özünə böyük rəğbət qazana bilib. Bir sözlə, İTV İctimai televiziya rolunu oynamağı bacarır. Ümumiyyətlə, bu gün mənim İTV-yə olan münasibətim çox müsbətdir”.

 

Bundan əlavə, C.Quliyev İTV-nin onun dövründəki fəaliyyəti ilə indiki durumu müqayisə edib, həmçinin sosial şəbəkələrdə müzakirə olunan fotosundan danışıb:

 

“Bu gün İctimai Televiziya daha çevik, rəngarəng və azaddır. Daha uğurlu layihələr həyata keçirilir. İTV bu gün daha geniş texniki imkanlara malikdir. Həm də İTV yeni inkişaf mərhələsindədir. Ən əsası bu gün İTV-nin keçmişinə çox böyük hörmət var. O televiziyada çalışdığımız üçün bizə böyük hörmət bəslənir. Bu, çox təqdirəlayiqdir. Mən bütün kollektivə və rəhbərliyə yeni yaradıcılıq uğurları arzu edirəm”.

 

Qeyd edək ki, kinorejissor Cəmil Quliyev 2013-2018-ci illərdə İTV-yə rəhbərlik edib. Hazırda telekanalın rəhbəri Balakişi Qasımovdur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər