Modern.az

Hamburqda ilk gün

Mədəni̇yyət

9 Sentyabr 2022, 21:42

İbrahim Nəbioğlu

(Almaniya, Hollandiya və Belçikaya səfər qeydlərim - 1)


Bir neçə gün sonra kiçik qızımın məzuniyyət törənidir.
 

Almaniyanın şimalına, Hamburqa gəlmişik bu səhər. Bazar günü buradan Hollandiyanın şərqinə – Groningenə hərəkət edəcəyik. Qızım bu şəhərdəki eyniadlı, tarixi Groningen universitetindən məzun olur. Onun və ailəmizin həyatındakə bu önəmli və sevincli günü birgə yaşamaq üçün bu səyahətə çıxmışıq...


***

Sovetin hər şeyi tərs-məshəb idi.
 

Biz yazıqlar məzuniyyət nəmənədir, onun törəni nədir, bilmədik.
 

5-ci kursun ortasında “́Elmi kommunizm”dən (fənnə bax e) dövlət imtahanı verən kimi basdılar bizi 3 aylıq hərbi kurslara. “Tətbiqi riyaziyyat” məzunları matematik olmadan leytenant oldular. 3 ay Naxçıvanda anamızı ağlatdılar 45 dərəcə istidə, Bakıya qayıdan kimi də diplomumuzu verdilər ki, di gedin, adam olun. Bəzilərimiz adam olduq, bəzilərimiz matematik, çox azımız isə hər ikisindən olduq.
 

***
 

Alster gölünün kənarında yerləşən otelimizə yerləşəndən sonra şəhərə çıxırıq.
 

Almaniya ilə bağlı çox sayda yazılarım, silsilə məqalələrim var. Yoldaşıma deyirəm ki, bu səfər yol qeydləri yazmayacam. Ancaq…
 

Hamburqda digər alman şəhərlərindən fərqli olaraq heykəl azdır. Birdən qarşımıza Gotthold Lessing-in heykəli çıxır. Deyirəm burda bir mistika var – görkəmli alman yazıçı, filosof və alman ədəbiyyatının ilk mühüm tənqidçisi idi. Lessing (1729 – 1781) həm də qəzetçi idi.
 

Heykəlin önündə şəkil çəkdirərkən dönüb onun yaşadığı illərə baxıram – min yeddi yüzüncü illər. Demək, almanlar 400 il əvvəl də qəzeçilik edirlərmiş. “Yox, bunları yazmaq lazımdır”, – deyə düşünürəm. Və çantamdan böyük qızımın 4 il əvvəl ad günümdə hədiyyə etdiyi “Faber–Castell” bloknotunu çıxarıb ilk qeydlərimi etməyə başlayıram. Bloknotun üstündə “since 1761” yazılıb, yəni Nürnberg yaxınlığında qurulmuş bu əfsanəvi dəftərxana ləvazimatı şirkəti 400 ilə yaxındır ki, yazı-pozu işinə nəhəng töhfəsini verir.
 

Sənət əsərinə bənzəyən bloknotumda “yağ kimi” yazan qara “rotring” karandaşımla etdiyim bu günki qeydlərimdən bəziləri…
 

Axşam həyat yoldaşım sürpriz etmək üçün məni Hamburq filarmoniyasına aparacaqdı.
 

Bir də baxdıq ki, filarmoniya dəyib bir-birinə. Dünən axşam tanınmış opera sənətçisi Anna Netrebkonun konserti varmış. Ukrayna məsələsində tutduğu nataraz mövqeyinə görə tamaşaçılar opera divasını fitə basaraq, “protest” ediblər. Keçmiş olsun Anna Netrebkoya, nə də olsa bizim milli gəlinimizdir…
 

Dedim, gəl klassik musiqini saxlayaq məzuniyyət törənindən sonraya.
 

***
 

Mərkəzdəki “Alsterpavillon”da özümə qara “Dukstein” sifariş vermişəm, onun qarışıq dadının kefini çıxarıram. O əsnada dostum Məmməd Musyaev zəng edir. Almaniyaya olan sevgimi bildiyindən məni cırnatmaq istəyir. “Necədir Hamburq?”, – soruşur. Ağızdolusu ilk təəssuratlarımı danışıram. Telefon xəttinin o biri ucunda qımışdığını hiss edirəm, ara verib bir hadisə danışır:
 

“Bir dəfə səhərə yaxın saat 04-də telefonum çaldı. Vaqif Səmədoğlu idi, Fransadan zəng edirdi. Dedi, qağa, səncə Strasburq yaxşıdır, ya Toğana? Ağzımı açana qədər rəhmətlik özü cavab verdi ki, Toğana”…
 

Doyunca gülüb sağollaşdıq.
 

Qeydlərimi edəndən sonra düşündüm ki, mən Hamburqla Toğananı müqayisə etməyim. Ancaq istəyirəm deyim ki, gəlin almanlar kimi yaşayaq. Bunun üçün isə əvvəlcə onlar kimi dürüst olmağı və onlar kimi çalışmağı öyrənməliyik…


 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü