Modern.az

Şəhidlik onların alın yazısıdır - FOTOLAR

Şəhidlik onların alın yazısıdır - FOTOLAR

12 Sentyabr 2022, 17:06

Həyatın şirinliyi çox yaşamaqda deyil, mənalı yaşamaqdadır


İş, sənət nöqteyi-nəzərdən yanaşsaq, hərbçi peşəsi hər zaman öz çətinliyi ilə seçilib.  Hər kəsin görə və bacara bilmədiyi peşə kimi əlçatmazlığı baxımından ona məhz “kişi sənəti” deyiblər.
 

Vətən müharibəsindən sonra  “Hərb işi” söz birləşməsi gündəlik ünsiyyətimizdə ən ağır çəkili söz kimi yer aldı, vətənpərvərliklə bağlı, eləcə də bir çox rəsmi tədbirlərdə xüsusən də gəncliyə xitabən onu daha çox işlətməyə başladıq. Və gəncliyimiz, ordumuz, əsgərimiz sözləri  biri-birini sinonim kimi əvəz etdi.
 

Qürurla deyə bilərik ki, bugünümüz dünəndən çox fərqlidir. Bu gün mübarizliyimizi, torpaq, yurd yanğımızı şüar kimi səsləndirmirik. Çünki günümüzün tələbi “sözünün eşidilməsini istəyirsənsə, güclü olmalısan”dır.
 

Gücümüzü, birliyimizi, həmrəyliyimizi iki il öncə dünyaya göstərdik. Qəzəbimizi körükləyənlər döyüş meydanında igid oğullarımızın qarşısında tir-tir əsib, gizlənməyə “siçan deşiyi” axtardılar. Can alıb, can verib, qan töküb yurd yerlərimizi düşməndən geri aldıq.  
 

Vətənimizin elə bir kəndi, şəhəri yoxdur ki, bu gün orda “qardaşını, oğlunu, ömür-gün yoldaşını, nişanlısını itirdi, onlar şəhid ailəsidir” cümləsi bayraq kimi dikəlməsin. O oğulların üz qoyduğu, uyuduğu torpağın üstündə son nəfəslərinə şahidlik edən üçrəngli bayrağımız da qürurla dalğalanır, əsən küləklərə, yağan yağışlara onların ömür yolunu pıçıldayır.
 

Hərbin ciddiyyətini bədii sözlə çulğalaşdırmağıma görə yəqin ki, məni qınamazlar və “Yağış dilində ağlamaq üçün bulud olmaq şərtdir” fikrimi “Ağlamaq buludların alın yazısıdır” ilə tamamlamaq istəyirəm. Bunu ona görə yazdım ki, sonrakı cümləni oxuyanda hansı mətləbə toxunduğumun fərqində olasınız.
 

Ehtiyacın hər üzünü görən ailələrdə doğulmaq da onların alın yazısı idi. Gücü gözlərinin yaşına çatıb təsəlli tapan valideynlərini qara gündən ağ günlərə çıxarmaq üçün soyuqda əli, ayağı donan, istidə alnının təri üz-gözünü yandıranların hekayəsini yazmaq ağır olsa da onların tarixdəki yerini daha da möhkəmlətmək üçün, unutmasınlar, unudulmasınlar deyə bunu etməliyik.
 

Süfrədə, yataqda, cərgədə, sırada yerləri boş qalsa da Vətən himni səslənəndə onu bizdən daha uca oxuduqlarına, üçrəngli bayrağa təzim edəndə bizdən bir addım öndə olduqlarına inanmalıyıq. Axı, şəhidlər ölmürlər...
 

Bəlkə də çoxumuz buna diqqət etməmişik. Onların alın yazısı idi torpaqlarımız uğrunda şəhidlik zirvəsinə ucalanların adına olan məktəblərdə təhsil almaq. Bəlkə də heç ağıllarına belə gətirməzdilər ki, zaman gələcək qısasını alacaqlarına and içdikləri igidlərlə adları qoşa çəkiləcək.



Vətən müharibəsində oktyabrın 5-də Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhid olan baş çavuş Əsgər Əhmədov şəhid Mehman Zöhrabov adına orta məktəbi bitirib.


Şuşanı azadlığına qovuşduranların cərgəsində yer alan şəhid baş çavuş Elvin Abbasov şəhid Mehman İcbərov və şəhid Səməd Xudaverdiyev adına orta məktəblərdə təhsil alıb.



Şəhid baş çavuş İsmayıl Qəsəbov şəhid Elşən Cəfərov adına orta məktəbin məzunu olub.


Baş çavuş Səid Cəfərov  da şəhid İlqar Səfərovun adını daşıyan məktəbi bitirdikdən sonra onun yolu ilə gedərək şəhidlik zirvəsinə ucalıb.


Murovdağ uğrunda döyüşlərdə şəhid olan çavuş Həsən Abdullayev  də taleyin hökmündən xəbərsiz şəhid Əhmədağa Babayev adına orta məktəbi bitirib.

Şəhid çavuş Elvin Məmmədov şəhid Ceyhun Məhərrəmov, şəhid çavuş Rauf Süleymanov şəhid Həsən Əliyev, şəhid çavuş Abas Şahbazov isə şəhid İmamverdi Əliyev adına orta məktəblərin məzunu olublar.


İnanıram ki, alın yazılarından xəbərsiz bu igidlərin haqqında yazılan kitabları dil açar-açmaz “Mən əsgər olacam” deyən körpələrimiz oxuyacaq və  onların adını daşıyacaq məktəblərdə təhsil alanlar böyük və qüdrətli Azərbaycan uğrunda mübarizə aparıb, döyüş, idman, elm meydanlarında bayrağımızı ucaldıb, himnimizi səsləndirəcəklər.  
 

Hafiz Təmirov,
polis polkovnik-leytenantı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı