Modern.az

Özbəkistanda “Azərbaycan kino günləri”nin açılışı olub

Özbəkistanda “Azərbaycan kino günləri”nin açılışı olub

Mədəni̇yyət

16 Sentyabr 2022, 11:37

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) “İpək Yolu dürdanəsi” XIV Daşkənd kinofestivalı çərçivəsində Daşkənd və Buxara şəhərlərində keçiriləcək “Azərbaycan kinosu günləri”nin açılışı olub.


Modern.az xəbər verir ki, Azərbaycan Mədəniyyət Nazirliyi, “Özbəkkino” Milli Agentliyi və AMM-nin birgə təşəbbüsü və dəstəyi ilə keçirilən tədbirdə iştirakçılar əvvəl ulu öndər Heydər Əliyevin mərkəzin qarşısındakı abidəsi önünə və şəhidlər bağına əklil və çiçək dəstələri düzüblər.


Qeyd edək ki, “Azərbaycan kinosu günləri”nin açılışı qardaş ölkədə böyük maraqla qarşılanıb, tədbirdə Özbəkistanın mədəniyyət, incəsənət ictimaiyyəti, yerli azərbaycanlılar, çoxsaylı təhsil müəssisələrinin müəllim və tələbələri, mətbuat nümayəndələri iştirak ediblər.


Öncə Ermənistanın son günlər Azərbaycanla sərhəddə təxribatı nəticəsində  həlak olan  şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.


AMM-nin direktoru Samir Abbasov Azərbaycanla Özbəkistan arasında bütün sahələrdə əməkdaşlığın durmadan inkişaf etdiyini, dövlət başçımız Prezident İlham Əliyevin Özbəkistana səfəri, keçirilən görüşlər, imzalanan müqavilələr ölkələrimiz arasında əməkdaşlıqda yeni imkanlar açdığını qeyd edib.


O, iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrdən danışaraq, həm ötən il, həm də bu il Özbəkistanda keçirilən beynəlxalq kinofestivalda Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə ölkəmizin geniş təmsil olunduğunu, Azərbaycan kinolarına Özbəkistanda böyük maraq və  sevgi ilə qarşılandığını söyləyib.


Direktor 30 ilə yaxın işğal altında qalan Vətən torpaqlarının 2020-ci ildə Azərbaycan ordusunun, Ali Baş komandanımızın müdrik siyasəti nəticəsində azad olunduğunu və buğun kinomuzun azad Qarabağımızdan, Şərqi Zəngəzurumuzdan filmlər yaratmasını qürurverici olduğunu qeyd edib.


“Özbəkkino Milli Agentliyi”nin rəsmisi, “Gənclik” kinostudiyasının rəhbəri Adxam Nurkulov ölkədə son vaxtlar kinematoqrafçılara yaradılan şərait haqqında məlumat verib, Özbəkistanda keçirilən kinofestival, Azərbaycan kinematoqrafçıları ilə əməkdaşlıqdan danışıb. O beynəlxalq kinofestivalda dünyanın 35 ölkəsindən gələn 300-dən artıq kinematoqrafçı, rejissor, tanınmış artist, kino sahəsinin mütəxəssislərinin  iştirak etdiyini qeyd edib.


Tədbirdə çıxış edən xalq artistimiz Gülyanaq Məmmədova Özbəkistanın Xalq artisti adına layiq görüldüyü üçün özbək xalqına və dövlət başçısı Şavkat Mirziyoyevə minnətdarlıq edib, festivalın işinə uğurlar arzulayıb.


Daha sonra filmlərin nümayişinə başlanılıb. Kinorejissorlar Ayaz Salayevin “Torpaq” və İlqar Nəcəfin “Suğra və onun oğulları” filmləri nümayiş etdirilib. Hər iki rejissor yaradılan filmlər haqqında danışaraq, filmlərə dair öz fikirlərini bölüşüblər.


Azərbaycan Mədəniyyət Nazirliyinin layihəsi ilə hazırlanmış “Torpaq” filmində azərbaycanlıların öz ata-baba yurdlarından qovulması, deportasiyası, onların acı xatirələri, tarixi faktlar öz əksini tapıb. Sonra “Suğra və onun oğulları”  filmi  nümayiş olunub. Qeyd edək ki, Beynəlxalq kinoestivalın davamı olaraq sentyabrın sentyabrın 17-də filmlərimiz Buxara şəhərində nümayiş olunacaq.


Qulu Kəngərli
Daşkənd

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar