Modern.az

Jurnalist Araz Əlizadə ilə bağlı xatirələrini yazdı: sevdiyi qızı qaçırdı, sonra boşandılar

Jurnalist Araz Əlizadə ilə bağlı xatirələrini yazdı: sevdiyi qızı qaçırdı, sonra boşandılar

Mədəni̇yyət

6 Oktyabr 2022, 15:40

Almaniyada yaşayan tanınmış azərbaycanlı jurnalist Çingiz Sultansoy bu gün dünyasını dəyişən sabiq deputat, Azərbaycan Sosial-Demokrat Patrtiyasının sədri Araz Əlizadə ilə bağlı xatirələrini bölüşüb.

Modern.az saytı Çingiz Sultansoyun yazısını təqdim edir:

- Araz Əlizadənin ölüm xəbəri yayıldı.

"This is a true Story" silsiləsindən. Detallarda səhv edə bilərəm, onları düzəldəcəm, artıq bəzisini düzəltmişəm, amma real, yaşanmış bir olay, Love Story və qadın faciəsidir.

Araz Əlizadənin siyasi fəaliyyətindən yazmayacam, göz qabağındadır. Bir 2013-cü ildəki  prezident seçkisi, namizədlərin canlı yayımda debat zamanı müxalifətin vahid namizədi Cəmil Həsənlini ədəbsiz sözlə aşağılamaq cəhdini deyim. O sözlə Cəmil müəllim aşağılanmadı, mənliyinə, şəxsiyyətinə heç bir xətər olmadı, Araz Əlizadəni isə göstərdi...

Xeyli şəxsi xatirələrim var. Tələbəlik zamanı dost olmasaq da mehriban tanış olmuşuq, ADU-nun Biologiya fakültəsində bizdən bir kurs aşağı, birinci kursda oxuyan iki rəfiqəni sevmişik, dalınca getmişik, Araz Rena, - Reyhanı istəyirdi, mən Zözə - Zöhrəni.

Araz məndən bir yaş böyükdür, məktəbdə o qədər yaxşı oxumasa da, istedadlı, qabiliyyətli yeniyetmə və gənc olub, ikimiz də müəllim ailəsindən. Hətta analarımız 1940-cı illərdə ADU-nun Filologiya fakültəsində bir kursda oxuyublar, rəfiqə olmayıblar, tanınmış müəllimlər dərs deyib onlara, məsələn, Mir Cəlal. Atam atası Məmmədmübariz Əlizadəni tanıyıb, bəlli səbəblərdən nəinki dost, yaxın olmayıb, əksinə uzaq durmağa çalışıb.

Bununla yanaşı atam deyirdi: "Nizamini və Şəhriyarın farsca şerlərinin Məmmədmübarizdən yaxşı tərcümə eləyən yoxdu bizdə".

M.Əlizadə İrandan Azərbaycana 1945-dən, oradakı cümhurriyyətin Stalinin əmriylə ləğv olunmasından sonra gələn çoxsaylı "Tudə" partiyasının üzvlərindədi, Bakıda o vaxtlar "demokrat" adlandırılan zümrənin tanınmış nümayəndəsi, fars dilinin mükəmməl bilicisiydi. Milliyyətcə də fars olduğunu çox eşitmişəm, amma atam bunu deməyib, mən də dəqiq deyə bilmərəm.

Belədirsə, Zərdüşt və Araz qardaşlarının fars sevgisi, İran simpatilərı anlaşılandı. Təbii ki, bu amillər çağdaş siyasi baxışlara, proiran mövqeyə bəraət deyil, ola da bilməz.

Bunları yazandan çox sonra Vikipediiyə baxdım, Arazın talış əsilli olduğu yazılıb.

Araz əvvəlcə Hüquq fakültəsinə qəbul olunub, o məndən diribaş, fəal, təcrübəli idi, yaxşı geyib-keçinən, elit oğlan hesab olunurdu. Sonra "Burda, “yurfak”da, - Hüquq fakültəsinin rus dilində qısaldılmış adıdı, o vaxt hamı elə deyirdi, - oxuyanlar universiteti bitirib prokuror olmaq, rüşvət almaq istəyirlər, mən istəmirəm" deyib, oradan Şərqşünaslıq fakültəsinə keçdi. Sözüm ondadır ki, Arazın cavanlıqda rüşvətə, harama belə bir münasibəti olub, yalan deməyibsə, əlbəttə. Amma cavanlıq ideallarını hər adam 40-50 yaşında da yaşada-qoruya bilmir.

HAŞİYƏ. 1973-cü ildə, Culfada universitet tələbələrinin hərbi "sbor" zamanı elit sayılan, çoxusu sovetdə "nomenklatur" adlanan vəzifəli işçilərin, bir də varlı, imkanlı adamların övladları olan Hüquq fakültəsi tələbələri və bizim Riyaziyyat fakültəsinin, çoxusu sadə ailələrin uşaqları arasında, mənim də iştirak etdiyim yumruq davası olub, yazmaq maraqlı olar. Hüququn tələbələri Milli Məclisin Hüquq şöbəsinin müdüri, sonra Aparatının rəhbəri işləmiş, hamının tanıdığı Səfa Mirzəyevin kursu idi. Səfa davada iştirak eləməmişdi. Bu da ayrı bir söhbətin mövzusudur.

Araz Şərqşünaslığı 1974-də bitiridi. 1975-76-cı illərdə Əfqanıstanda tərcüməçi işləyib. Şərqşünaslar, bütün xaricdə işləyənlər, məsələn, neft mühəndislərimiz o zaman halal yolla sıravi vətəndaşdan xeyli çox pul qazana bilirdilər.

Reyhan isə birinci kursdan universitetin özfəaliyyətində iştirak edirdi, yaxşı səsi vardı, vokal-instrumental ansamblın solistu idi, Zöhrəni hələ tanımırdım, amma Reyhanı səhnədə görmüşdüm, üzdən tanıyırdım. O çağların dünya estradasının, hamının bəyəndiyi, sevdiyi mahnıları oxuyan azca qaraşın, iri qara badam gözlü, saçları çiyninə səpələnən gözəl qız. Hətta bir mahnını özü bəstələmişdi, dəqiq yadımda, yəni musiqi istedadı tək səsi deyildi.

Araz Reyhana elçi düşəndə qızın atası, - adı yadımdan çıxıb, xatılayıb yazaram, o da müəllim idi, anasının adı Suela xanım, Süheyl, soyadı İsrafilbekova idi, - deyib ki, mənim ona verəsi qızım yoxdu! Adını şərhdə yazıb yadıma saldılar, Lütfəli. Rəhmətlik Lütfəli müəllim çox şey deyib, pis deyib, dəqiq bilirəm, - Reyhan Zöhrəyə danışmışdı, - hamısını burada yazmaq istəmirəm.

Amma Arazla Reyhan bir-birilərini çox istəyirdilər, qız Araza qoşulub qaçdı. Bakıda, müəllim, ziyalı ailəsində olmayan bir şey! Yazıq valideynlər, yazıq Lütfəli müəllim! Amma həqiqətən də çılğın bir məhəbbət, dəli bir sevgi idi, bir-birlərinə yaraşan, gözəl cütlük idi!..

Onların uşağı, Fufa, Fuad adlı oğulları doğulandan sonra atası Reyhanı bağışladı, qız üzə çıxdı. Reyhan hərdən bizim Şahin Əlibəyliylə, - gözəl şairimiz Ənvər Əlibəylinin oğlu, - onun bacısı Şəfəqin sinif və həyat yoldaşı, şair Gəray Fəzlinin oğlu Qabilllə böyük ailə kampaniyamız yığışanda gəlirdi, Zöhrə ilə rəfiqəliyi pozulmamışdı, “biofak”ın o bir qrup qızı dostluqlarını qoruyublar, indiyənəcən bacı kimidirlər, - dünyadan köçənlər xaric, - xeyirləri-şərləri bir, hamısının da nəvəsi var... O vaxtlar Şahingildə yığışır, yeyib-içir, rəqs, söhbət, mübahisə edir, əylənir, kişilər nərd oynayır, saunaya, bağa, balıq tutmağa gedir, xanımlar uşaqlarla ayrıca da yığışır, söhbət edirdilər. Kampaniyamızın mərkəzi, lideri Şahin idi, bir də görürdün zəng edir, "Çingiz, balıqdan qayıtmışam, yaxşı balıq var, tez yığışın gəlin!". Şahinlə dostluğumuz başqa, Qabillə dostluğumuz ədəbiyyatla da bağlı idi, mənim kimi kitaboxuyan idi, onunla nə qədər söhbət, ədəbi mübahisə eləmişik. Şahin gəlib bizi çağırırdı ki, "Ala, bəsdürün də, gəlin, plov soyuyur, araq isinir!". Allah Şahinə də, Qabilə də qəni-qəni rəhmət eləsin!...

Araz əvvəllər Şahinlə yaxın olsa da, bilmirəm, hardan-hara, deyəsən bir sinifdə oxuyublar, Reyhandan da xeyli daha az gəlib kampaniyaya, cəmisi bir-iki dəfə. Arazla Şahin bir sinifdə oxuyublarsa, deməli hamımız məşhur 190 saylı, fars dili təmayüllü məktəbin məzunuyuq.

HAŞİYƏ. Bizim azərbaycandilli məktəblər arasında 190 elit sayılırdı, fars dili, rus dili başqa məktəblərdən daha dərin keçilirdi, kimya fənni güclü tədris olunurdu. Məsələn, rus dilinin məktəb proqramındakı saatlarının sayı rusdilli məktəblərdəki kimiydi! Rus dili müəllimlərimizin çoxu rus və yəhudiydi. Bizim məktəbin məzunlarından Sevinc Osmanqızının atası, şəhid jurnalist Osman Mirzəyev, elə Sevincin özü, bəstəkar Eldar Mansurov, dilçi və yazıçı Kamal Abdulla, Həbib Müntəzirin atası, 1970-ci illərdə güləş üzrə respublika çempionu Füzuli Abdullayev, mənim məşqçim olmuş, həmin illərdə ağırlıq qaldırmaq üzrə respublika çempionu Xanlar Mustafayev, kinoaktyor Eldəniz Rəsulov və başqları olub...

Gözəl günlər idi, uşaqlar hələ balaca, Ənvər Əlibəylidən və İbrahim Topçubaşovdan başqa ata-anamız sağ-salamat, ziyalı gənclər kampaniyası, təmənnasız dostluq, deyib-gülmək...

HAŞİYƏ. "Evimiz, doğma evimiz" adlı, Bəxtiyar Vahabzadənin çox bəyəndiyi, içində "podtekst" - o vaxtlar yasaq Azərbaycan Xalq Cümhürriyyətinin aylı-ulduzlu bayrağına işarə olan, - müəllif üçün çox təhlükəli işarə, - və Əlibəyli ailəsinə həsr elədiyim hekayə o günlərdən xatirə qalıb. O hekayə də mənim "This is a true Story" silsiləmə aiddir, baş verən, yaşanan çox dramatik olay əsasında yazılıb. Hekayədəki "mehriban, gözəl xala" Şahinin yoldaşı Sima, Simuzər, cərrah və bəstəkar İbrahim Topçubaşovun və xanımı Suğra xanımın qızıdır. "Qubalı qız" mahnısını unudulmaz İbrahim Topçubaşov Suğra xanıma həsr edib. Mən Simanın anasını ahıl çağında, bağlarında Şahinin qurduğu kabab məclisində görmüşəm, artıq nəvələri vardı, amma üzündən tökülən nur indi də yadımda. "Qubalı qız" cavanlıqda dünya gözəli olub...

O kabab məclisi, gözəl yay günü, nəvələrini əzizləyən, o biri uşaqları da unutmayan "Qubalı qız", ora-bura qaçışan azı 6-7, bəlkə daha artıq uşaq, Qabillə dalğasız, ləpəsiz, durğun, səthi hovuz suyu kimi hamar dənizdə üzməyimiz, sahildən aralanmağımız, axşamın sərinində çay içməyimiz, köhnə Bakı bağının atmosferi indi də yadımdadır, ən işıqlı xatirələrimdəndir, geniş yazmağa dəyər, amma bu ayrı bir söhbətin konusudur...

Araz orda yox idi, təbii, onunla bağlı bir görüş, xırda bir epizodu danışım. 1980-cilərin ortası, ikinci yarısı olar, şəhərdə, Milli Məclisin arxasındakı yaşayış məhəlləsindəki kücədə rastlaşdıq, maşınlarımız üz-üzə gəldi. Çoxdan görüşməmişdik, Araz mənə əl eləyib maşınını, qəttəzə ağ "Mersedes"ini saxladı. İndiyə baxmayın, şəhər xarici maşınla doludu, o vax Bakıda sayılı idi. Mən də köhnə "Zaporojets"imi saxladım, ikirəngli idi, kombinasion ikirəngli, dizayn elə olduğuna görə yox, köhnəliyinə görə. Maşının ilk rəngi tünd yaşıl olub, üstündən narıncı rənglənmişdi, o da köhnəlib, quzulayıb töküləndə, altından yaşıl rəng çıxmışdı. Elə almışdım onu. Mənə neçə dost demişdi, sənə yaraşmır bu maşın, vecimə deyildi, ayağımı yerdən götürmüşdüm. Neyniyim, artığına pulum yox idi. Nə isə, saxladım, yer dar, mən qapını açanda qapım ağ "Mersedes"in qapısına dəydi, narahat oldum ki, cızmışam, amma cızılmamışdı, sadəcə ovulan narıncı rəngin izi qalmışdı, Araz sağ olsun, heç baxmadan saymazyana "Fikir vermə, boş şeydi" dedi. Xoş-beş elədik, ayrıldıq.

HAŞİYƏ. Maşın sürməyi o "qurbağa balası" da adlanan "Zaporojets"də öyrənmişəm, nə qədər yeri gəzmişəm. Maşınsürmə müəllimim bağ qonşumuz, məndən doqquz yaş kiçik dostum Mütəllim olub. Güclü, ekstrim üzgüçü idi, dəniz epizodlarında, "Zöhrə" hekayəsində adı çəkilir. Mütəllim Nardaranın, Bilgəhin narın qumlu, bağlararası, bütün maşınlar batan yollarında bu "Zapını" elə sürürdü ki, mən ona "Ас песчаных дорог" - "Qumsal yolların ası" adı vermişdim.
1970-ci illərin ortasında SSRİ-yə gəlib çıxan və çox populyar “Генералы песчаных карьеров” - “Qum karyerlərinin generalları” filminin adına bənzədirdim. Film sevdiyim nasir Jorji Amadunun eyniadlı romanı əsasında çəkilib. Mütəllimlə dənizdə, sahildən uzaqda və Bakıda maraqlı olaylar yaşamışıq, amma bu da ayrı bir söhbətin konusudur...

Araz isə təxminən o vaxtlar Montində böyük ticarət mərkəzi açmışdı, İran malları satılan, sonrasını bilmirəm, deyəsən əli gətirmədi ya başqa səbəb, davamı olmadı, bağlandı.

Amma Reyhanın Arazla ailə həyatı faciəli oldu, çox faciəli. Araz onu atdı, gedib Ukraynada özündən xeyli yaşlı qadınla evləndi, orada doktorluq müdafiə elədi. Deyəsən, elə işinin naminə evlənmişdi. Şahin bakılıdır axı, bir tərəfi mərdəkanlı, ziyalı, rejissor olsa da, qədeşliyi də vardı, Arazı bu əməllərinə görə bir dəfə söyüb-biabır elədi, amma nə xeyri?

Reyhan uzun müddət tək qaldı, amma Arazdan boşanmadı, başqa ailə qurmadı, bir vaxtların gözəl Reyhanı dərddən elə saralıb-solmuşdu ki, tanımaq olmurdu, amma ümid edirdi ki, haçansa Araz qayıdar. Qayıtmadı, Reyhan onu gözləyə-gözləyə cavan yaşında xərçəngdən öldü...

Bu dəli, amma uzun çəkməyən sevginin yadigarı olan Fuad da anasından az sonra, iyirmi neçə yaşında dünyadan köçdü. Səbəbini bilmirəm...

Boşanmaq çoxdan faciə deyil, hətta patriarxal olması bir yana, günü-gündən geri gedən Azərbaycan toplumunda da, amma Reyhanın atası Arazın elçilərini "Mənim ona veriləsi qızım yoxdu!" deyib geri qaytaranda sanki gələcəyi görürmüş...

Reyhan dünyadan köçəndən sonra Lütfəli müəllimin beli büküldü, çox yaşamadı...

Həyatdır, məhəbbətin sonu belə də olur, heç də hamıya həmişə xoşbəxtlik gətirmir.

Arazdan daha çox o illər haqqında xatirələrimi Oskar Uayldın dönə-dönə oxuduğum “Rədinq həbsxanası haqqında ballada” poemasından Aygün Əzizin tərcüməsində “Sevdiyini hamı öldürür” şerindən parçalarla bitirmək istəyirəm:
 

Sevdiyini hamı öldürür

Qoy hamı eşitsin bunu.

Kimsə sərt baxışı,

Kimsə şirin sözüylə.

Kimsə gəncliyində,

Kimsə qocalanda.

Kimsə şəhvətlə boğur,

Kimisə qızılla.

Rəhmlisi bıçaqla öldürür,

Bədən tez soyusun.

Kimsə göz yaşı tökür,

Kimsə göz qırpmadan.

Sevdiyini hamı öldürür,

Cəzasını hamı çəkmir…



Çingiz Sultansoy

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı