Modern.az

Aktyorların işdən çıxarılmasına rəsmi reaksiya - “Yeni nəfəsə ehtiyac var”

Aktyorların işdən çıxarılmasına rəsmi reaksiya - “Yeni nəfəsə ehtiyac var”

8 Dekabr 2022, 16:38

"Mövcud qanunvericilikdə 65 yaşına çatmış şəxslərin təqaüdə çıxması nəzərdə tutulur".

 

Modern.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən işdən çıxarılan aktyorlarla bağlı məsələyə aydınlıq gətirilərkən bildirilib.

 

Nazirlikdən Report-a verilən məlumata görə, mədəniyyət, elm, təhsil kimi sahələrdə çalışanlarla bağlı istisna halları mövcuddur:

 

"Elmi və fəxri adları olan şəxslərlə müqavilələr 75 yaşına qədər uzadıla bilər. Bu, həmin şəxsin çalışdığı müəssisənin səlahiyyətində olan məsələdir. Mədəniyyət Nazirliyi olaraq belə məsələlərə olduqca həssas yanaşırıq. Lakin qanunvericilikdə göstərilir ki, bir müəssisədə yaşı 65-i ötən əməkdaşların sayı orada çalışan əməkdaşların sayının 2 faizini təşkil etməlidir".

 

Rəsmi məlumada vurğulanıb ki, əksər teatrlarda bu gün də qocaman sənətkarlar çalışır:

 

"İstənilən teatrın səhnəsində belə qocaman sənətkarlarımızın ifasında müxtəlif tamaşalara baxmaq mümkündür. Ancaq bir gerçəkliyi də unutmaq olmaz ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini hər il onlarla tələbə aktyor, rejissor, teatrşünas bitirir. Ölkədə isə cəmi 25 dövlət teatrı fəaliyyət göstərir. Bu məzunların teatrlarda işlə təmin olunması ciddi problemə çevrilir. Məlum olduğu kimi, teatr elə bir sənət növüdür ki, daim yeni nəfəsə, yeni istedadlara ehtiyac duyur. Teatrların ştatları isə məhdud saydadır və stabildir".

 

Mədəniyyət Nazirliyindən vurğulanıb ki, teatrlarda kadr dəyişikliyi labüddür:

 

"Ona görə də, imkan daxilində biz həm gənclərin işlə təmin olunmasına, gənclərə meydan verilməsinə, həm də qocaman sənətkarlarımızın uzunillik təcrübəsindən faydalanmağa çalışırıq".

 

Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı isə bildirib ki, “Azdrama”da işə muzd işləyən aktyor yoxdur:

 

“Hamısı ştat cədvəli üzrə maaş alırlar. İlham müəllimlə danışdım. Mətbuatda gedən açıqlama ilə bağlı nəsə anlaşılmazlıq olub, yaxud düz yazılmayıb”.

 

Qeyd edək ki, Azərbaycanın tanınmış aktyor və aktrisaları - Xalq artistləri Valeh Kərimov, Hacı İsmayılov, Əli Nur, Ramiz Məlik və Səidə Quliyeva işdən çıxarılıb.

 

Teatrşünas alim, professor İlham Rəhimli teatrlarda yaşı 65-i keçən aktyor və aktrisaların ya işdən çıxarıldığını, ya da işə muzd işlədiyini bildirib.

 

Xatırladaq ki, Xalq artisti V.Kərimov Sumqayıt Dövlət Dram Teatrının, H.İsmayılov, Ə.Nur, R.Məlik və S.Quliyeva isə Akademik Milli Dram Teatrının aktyorlarıdır.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir