Azərbaycan dünyanın nadir ölkələrindəndir ki, burda əksər sahələrdə nəsillərarası mübarizə gedir. Hətta mədəniyyət və incəsənət adamları da bu “mübarizə”dən kənar qalmırlar. Bir də görürsən ki, 60 yaşlı kişi efirdə nəvəsindən 3-4 bayram böyük olan biri ilə əlbəyaxa davaya çıxıb. İttihamlar da müxtəlifdir. Gənc nəsil yaşlıları geridəqalmışlıqda ittiham edir. Yaşlılar isə hesab edirlər ki, müasir dövrün cavanlarını ancaq əyləncə maraqlandırır, mütaliə etmirlər, gündəlik proseslərdən də xəbərdar deyillər və sair.
Bu məsələdə yaşlı sənətkarların daha “iddialı” olduğunu nəzərə alıb, onların tutduqları iradların nə dərəcədə haqlı olub-olmadığını soruşmaq qərarına gəldik. Və belə bir sual verdik: Pənah Hüseynlə Toni Bleyeri hansı ortaq cəhət birləşdirir? Çoxlarınızın da bildiyi kimi, tariximizin çox da uzaq olmayan keçmişində, 20 il öncə Pənah Hüseyn Azərbaycanın baş naziri olub. 2005-2010-cu ilə qədər isə Milli Məclisin ən fəal deputatlarından biri kimi yadda qalıb. Yəni bu şəxsi 20 il əvvəlki fəaliyyətindən tanımamaq kimi bəhanə yoxdur. Səbəb də budur ki, keçmiş deputat mandat daşıdığı beş il müddətində parlamentin hər iki-üç iclasından bir qalmaqallarla, sərt çıxışları ilə mətbuatın gündəmində olub.
Toni Bleyer isə bir neçə il əvvələ kimi Böyük Britaniyanın baş naziri idi.
Əli Mirəliyev Modern.az-ın sualını diqqətlə dinlədikdən sonra “Pənah Hüseyn kimdir?” – deyə soruşdu: “Qardaş, mənimki musiqidir. Pənah özü bilər kimdir, nəçidir. Heç birini tanımıram. Mən nə bilim Toni Bleyer nə zibildir”.
Əməkdar artist Gülyaz Məmmədova isə sualı eşidər-eşitməz and-aman elədi: “Quran haqqı indi başım qarışıqdır. Bu yaxınlarda tələbələrimlə konsert verəcəyəm, ona hazırlaşıram. Düzü, sizin bu sual məni çox maraqlandırdı. Hər gün xəbərlərə baxıram. Amma necə olub ki, adını eşitməmişəm. O Coni kimdir ki?”.
Xalq artisti Canəli Əkbərov isə zənn etmişdi ki, sözügedən şəxslər arasında hansısa insident baş verib: “Bu məsələdən xəbərsizəm. Onların arasında nə baş veribsə, bilmirəm”.
Əməkdar artist Cavan Zeynallının cavabı isə daha gülməli oldu: “Heç olmasa o Toninin bir “zapis”i var? İndi başım o qədər qarışıqdır ki... Bilirsiniz, hərdən çox bilən adam da çaşır. Pənah Hüseyn kimdir bəs? İdmançıdır, yoxsa musiqiçi? Nə, siyasətçi..? Əşşi mən siyasətçi deyiləm axı”.
Xalq artisti Ramiz Əzizbəyli isə digərlərimdən fərqli “tapmaca” oynamadı, daha səmimi davrandı: “Bu adamların heç biri ilə yaxınlığım yoxdur. Ona görə də dəqiq cavab verə bilmərəm. Dəqiq bilmədiyim məsələ haqda danışıb özümü pərt eləmək istəmirəm. Səmimi etiraf edirəm ki, onların heç birini tanımıram”.
Xalq artisti Aygün Bayramovanın cavabı isə necə deyərlər, ikibaşlı oldu: “Toni Bleyer? O kimdir ki? Tanımadım”.
“Toni Bleyerin və Pənah Hüseynin kim olduğunu bilmirsiniz” sualından sonra xalq artisti sanki bizi ittiham etdi:
“Niyə tanımıram ki. Əlbəttə tanıyıram. Toni Bleyer çox gözəl ifaçıdır”.
Cavabının səhv olduğunu bilincə isə Bayramova sualı yumorla “yola verməyə” çalışdı: “Yuxudan təzə oyanışam. Gərək deyəydim ki, bir azdan zəng vurun. Bəlkə onda fikirləşib tapardım”.
Gördüyünüz kimi fikrini öyrəndiyimiz bütün sənətkarların yaşı qırxdan keçib. Yəni sualda adları hallanan hər iki keçmiş baş naziri tanıyacaq qədər yaşları var. Ən azından bu sabiqlərdən biri vaxtilə ölkəmizin Nazirlər Kabinetinə rəhbərlik edib.
İntiqam Valehoğlu