Modern.az

“Sənətdə məni heç vaxt tapşıran olmayıb” - İlhamla ad günü SÖHBƏTİ

“Sənətdə məni heç vaxt tapşıran olmayıb” - İlhamla ad günü SÖHBƏTİ

6 Yanvar 2023, 09:44

Artıq bir neçə ildir ki, hər ilin əvvəli, daha  dəqiq desək, yanvar ayının 9-da yaxın dostum, görkəmli sənətkar, Xalq artisti  İlham Namiq Kamalın doğum günü  münasibəti ilə məqalə yazıram. Bu bir növ ənənə halını alıb. Bu dəfə də ənənəyə sadiq qaldım.

İlham Namiq Kamal 73 yaşını adlayıb, 74 yaşına-müdrikliyin daha yüksək  mərhələsinə qədəm qoyub.  Məqalə ilə bağlı İlhama zəng edib, fikrimi ona bildirdim. Əvvəl etiraz etsə də, sonra razılaşıb, məni teatra dəvət etdi. Teatra yollandım. Teatrın inzibati qapısında gözətçilər mənim İlham müəllimin yanına  gəldiyimi biləndə, dedilər ki, bilirik. Deməli, sənətkar mənim gələcəyimi onlara deyib. İkinci mərtəbəyə qalxdım. Sənətkarın qrim otağının qapısı açıq idi. Mənim addım səslərimi eşidən kimi, İlham qapıya çıxıb, məni gülərüzlə qarşılayaraq, içəri dəvət etdi, salamlaşıb, görüşdük. Dostumun  qrim otağı səliqə-səhmanı ilə göz oxşayır, masanın üzərində isə Moskva şəhərinin Babayev fabrikinin müxtəlif şokolad-konfetləri və çərəzlər var idi. Mən məqalə haqqında nəsə demək istəyirdim ki, sənətkar sözümü  kəsdi:

- Tələsmə, yazı, müsahibə, məqalədən qabaq çərəzlərdən ye. Nə içirsən, çay, qəhvə?  De, bufetə zəng vurum, gətirsinlər.

Mən çay içəcəyimi dedim. İlham teatrın bufetinə zəng vurub, çay sifariş etdi. Sənətkar bir daha  mənə çay gətirilincə, çərəz yeməyi məsləhət gördü. Bufetdən bir çaynik çay, iki armudu stəkan gətirdilər. Sənətkar çay gətirən xanıma minnətdarlır edib, onu hörmətlə yola saldı və gəlib, çayın necə dəmləndiyinə baxandan sonra,  stakanlara çay süzdü. Mən düşündüm ki, elə sənətkarla çay içərək, söhbət etsək yaxşı olar. Onu söhbətə tutub, telefonun səsyazanını işə saldım. Mən danışır, o  qulaq asırdı.  Amma hiss edirdim ki, fikri ayrı yerdədir. Mən çaydan bir qurtum içib:

- İlham, sənin necə insan, necə bir sənətkar olduğunu ölkədə bilməyən yoxdur. Sən gözütox, qismətinlə razılaşan, birinci növbədə özünə, daha sonra ətrafına qarşı tələbkar olan, düşündüklərini deyən və  yeri gələndə yazan insansan. Mən bilirəm ki, sən teatr və kino haqqında dərin bilik və bacarığını gənclərə öyrətməyə həmişə hazırsan. Onu da bilirəm ki, sən də çoxları kimi,  son dövrlərdə teatr, kino və ümumən mədəniyyət sahəsində baş verənlərdən narahatsan...

İlham adəti üzrə konfetə əl uzatmadan bir-iki qurtum çay içəndən sonra, mənim başladığım mövzunu davam etdirməyə başladı:

- Çingiz, sən yaxşı bilirsən ki, mən təbiət etibarı ilə narahat adamam. Təbii ki, mədəniyyət sahəsində baş verənlərdən narahat olmaya bilmərəm. Bilirsən ki, mən bir neçə ay bundan əvvəl teatr sahəsinin inkişafı ilə bağlı fikirlərimi yazıb, mətbuatda çap etdirmişdim. Məqalə “Teatrı niyə sevmirik? ” adlanırdı.  Yazımda  sənətdə struktur dəyişikliklərin və islahatların aparılmasının, gənclərə dəstək verməyin  vacibliyini qeyd etməklə yanaşı,  yaşlı sənətkarları da unutmamağı tövsiyə edirdim. Biz dünya təcrübəsindən istifadə etməliyik.  Səhnəyə çıxıb, rolunu canlandırmağı bacaran, sağlamlığı buna imkan verən, hər bir yaşlı sənətkar teatra və kinoya lazımdır. Mən qəti bilirəm ki, gənclər yaşlı sənət nümayəndələri ilə birlikdə səhnəyə çıxanda, onlardan əyani “dərs” ala bilərlər. Səhnədə ekranda  illərin təcrübəsini qazanmış sənətkarları sənətdən uzaqlaşdırmaq  olmaz...

Mən onun sözlərini təsdiq etdim: -Əlbəttə, yaşlı sənət nümayəndələrini teatrdan və kinodan uzaqlaşdırmaq  düz deyil.

Sənətkar adəti üzrə çayını konfetsiz içə-içə, söhbətə davam etdi:

- Mən o yazıdan sonra sabiq mədəniyyət naziri ilə görüşüb, düşüncələrimi ona da çatdırmağı vacib hesab etdim.  Ona bildirdim  ki, mən sənətdə sözümü demişəm və dövlətimiz tərəfindən heç vaxt diqqətdən kənarda qalmamışam. Çalışdığım, teatr və kino sənətinin inkişafı  və yetişməkdə olan  gənclərin gələcəyidir. Mən sənətdə ilk addımlarını atan hər bir gəncə dəstək olmağa hazıram. Vaxtı ilə sənətdə yaşlı sənətkarlar mənə dəstək olublar. Mən də bu estafeti davam və inkişaf etdirmək istəyirəm. Gənclərimiz müasir texnologiyaları, xarici dilləri gözəl bilirlər. Mən bir ağsaqqal sənət nümayəndəsi kimi bunu alqışlayıram. Dövr dəyişib, müasirliyi və yeniliyi qəbul etməliyik. Amma biz keçmişi də unutmamalıyıq. Azərbaycan teatr və kinosunun mürəkkəb inkişaf tarixi olub. Saysız-hesabsız sənətkarlar ordusu milli teatr və kino sənətinin inkişafı naminə, artıq tarixə çevrilmiş sənət nümunələri yaradıblar. Müasir texnologiyalar əsrində onların bir qismi bəzilərimizə köhnəlmiş kimi görünə bilər. Amma bu günə qədər biz həmin nümunələri hələ də maraqla izləyiriksə, deməli, bu barədə düşünməyə dəyər. Əvvəllər teatr üçün ilkin olaraq, yüksək peşəkar səviyyəli dram əsəri, kino üçün isə peşəkar ssenari seçilirdi.  Bütün bunlardan sonra sənətdə sözünü demiş sənətkarlar, istedadlarına inandıqları yaradıcı qruplarla sənət nümunələri yaradırdılar.  

Mən söhbətə qoşulmaq istəyirdim ki, İlham mənə konfetləri göstərib dedi ki, xahiş edirəm, bax, bu dadlı “Əyri pəncəli ayı” konfeti ilə çayını iç, mən fikrimi davam etdirim...

Sabiq nazirə dedim ki, keçmişin sənətkarları tanışa, dayıya, xalaya yox, istedada qiymət verirdilər. O zamanlar istedadı olana yaşıl işıq yandırıldığı üçün yüksək peşəkar səviyyəli sənət nümunələri yaradılırdı.  

Mən İlhamın göstərdiyi dadlı “ Əyri pəncəli ayı” konfeti ilə çay içə-içə maraqla ona baxırdım. O isə, söhbətini davam etdirirdi:

- Mən Allahın qismətinə inanan adamam. Qismətdən artıq yemək olmaz.  Mən qismətindən artıq yemək istəyənlərə, düzü əhəmiyyət vermirəm. Bəzən görürsən ki, həyatda hər şeyi əldə etmiş biri sağlamlığı və həyatı hesabına daha nələri isə əldə etməyə can atır. Mən belə sənət  adamlarını anlaya bilmirəm. Axı heç kim bu dünyada əbədi deyil. Heç  kim bu dünyadan istəsə  belə, heç nə apara bilməyəcək. Məsələn, mən heç vaxt, heç nəyə  can atmamışam. Sadəcə olaraq, başımı aşağı salıb, sənətimlə məşğul olmuşam. Səhnədə və ekranda mənə tapşırılan obrazı ürəklə, peşəkarlıqla canlandırmağa çalışmışam. Xalqın sevgisi, ad-san və şöhrət özü gəlib məni tapıb. Mən “Xalq artisti” fəxri adına, “Şöhrət” ordeninə, Teatr Xadimləri İttifaqının təsis etdiyi “Sənətkar” medalına, Prezident təqaüdünə, professor adına layiq görülmüşəm.  Buna görə mən həmişə sənətimə çox yüksək dəyər verən xalqıma və dövlətimə minnətdaram. Amma bu yaşımda  aktyor olaraq səhnədə və ekranda canlandırmaq istədiyim obrazlar, rejissor kimi yozum vermək istədiyim dram əsərləri var.  Allah ömür versə, bunları hayata keçirəcəyəm.

Mən sənətkara Musiqili Teatrda hazırlanmalı olan “Əliqulu evlənir” tamaşası və rəhmətlik bəstəkar Oqtay Rəcəbovla bağlı sual vermək istəyirdim. İlham sanki bunu hiss edib mənim təəccübümə rəğmən, söhbəti məhz həmin məcrada davam etdirdi:

- Sənin mənə sual vermək istədiyini hiss etdiyimdən, həmin suala  ətraflı cavab verim. Amma əvvəldən danışım ki, həm sənə, həm də oxuculara hər şey aydın olsun.  Sabit Rəhmanın eyniadlı “ Əliqulu evlənir” komediyası əsasında librettonu mən, mahnıların mətnini yaxın dostum Baba Vəziroğlu yazdı.  Adlarını çəkmək istəmədiyim iki bəstəkar librettoya musiqi yazmağı boyunlarından qaçırdılar. Amma gözəl sənətkarımız Oqtay Rəcəbov çox qısa bir müddətə librettoya musiqini yazıb, təhvil verdi. Mən sabiq nazirə bəstəkar Oqtay Rəcəbovla “ Əliqulu evlənir ” əsərini yeni versiyada  işləməyə başladığımızı və pandemiya səbəbindən işin            dayandığını, sonra işi davam etdirdiyimizi dedim. Amma təəssüf ki, maliyyə vəsaitinin  yoxluğu səbəbindən bu tamaşanı reallaşdıra bilmədik. Oqtay müəllim arzusunda olduğu tamaşanı səhnədə  görmədən bu dünyadan köçdü. Oqtay müəllim son tamaşasını görsəydi, bəlkə də ömrü bir qədər uzana bilərdi. Amma olmadı. Görkəmli sənətkarımız həyatla vidalaşmalı oldu. Mən bu əsərin tamamlanıb, nəhayət səhnə üzü görməyini çox istəyirəm. O zaman rəhmətlik Oqtay Rəcəbovun da ruhunu sevindirmiş olaram.

Mən çay stəkanını nəlbəkiyə qoyub çərəzlərdən yeyə-yeyə İlhama dedim ki, sən məqalədə yazdıqlarının hamısını sabiq nazirə demisən. İlham söhbətini davam etdirərək dedi:

- Əlbəttə, demişəm. Ona dedim ki, bir aktyor kimi mənim özümə qalınca, təbii ki, daha mükəmməl obrazlar yaratmaq arzusundayam. Amma təəssüf ki, bu mümkünsüzdür.  Çünki, aktyor rejissordan asılı sənətdir. Rejissor aktyoru bu və ya digər obrazda görməsə, həmin aktyor səhnədə və ya ekranda öz bacarığını göstərə bilməz. Elə istedadlı aktyorlarımız olub ki, onları ömürləri boyu, rejissor qurduğu tamaşa və  ya çəkdiyi filmdə görməyib. Bax, faciə budur. Həmin aktyorlar elə sənətdə öz obrazlarını gözləyə-gözləyə, həyatları ilə vidalaşıblar...

Mən söhbəti davam etdirərək “Sənin dediklərində çox böyük həqiqət var”, - dedim.

İlham mənim stəkanıma və öz stəkanına çay süzərək gülə-gülə “sən bu “Alyonka” konfetini yeyib çayı nuş elə, mən də fikirlərimi davam etdirim” dedi. Sonra da əlavə etdi:                                  

- Çingiz, dediklərim digər sənət, sənətkarlar və xüsusən yetişməkdə olan gənclər haqqındadır...  Son vaxtlar sənətdə olan müasir qruplaşmalar da məni narahat edir...

Mən sənətkarın dediklərini anlamadığım üçün:

- Müasir qruplaşmalar, bu da təzə çıxıb? - deyə soruşdum.

İlham çayını içərək, gülə-gülə mənə baxdı:

- Əlbəttə, təzə çıxıb. Məsələn, bir qrup  teatrşünas toplaşıb, orta və ya daha çox hallarda zəif bir tamaşanı tərifləyə-tərifləyə  göyün yeddinci qatına qaldırırlar. Bunu çoxlarımız görsək də, nədənsə susuruq. Sənətdən başı çıxan insanlar nə qədər çalışsalar da, bu boş təriflərlərin  nə ilə əlaqədar olduğunu anlaya bilmirlər. Amma təriflər müəyyən bir qrupda, xüsusən gənclərdə hansısa səhv bir fikir də yarada bilir. Bu bir növ anti reklamın reklam kimi təqdim olunmasına bənzəyir. Axı, anti reklam özü də reklamdır. Bu teatrda da, kinoda da, televiziya məkanlarında da belədir. Bundan isə sənət heç vaxt, heç nə uda bilməz. İnkişaf istəyiriksə, sənəti sənət, tənqidi də tənqid kimi qəbul etməyi bacarmalıyıq. Çünki  qərəzsiz tənqid, əslində inkişaf deməkdir.

İlham yenə konfetə toxunmadan çaydan bir qurtum içib, söhbəti davam etdirdi:

- Teatrlarla bağlı mən dəfələrlə dediklərimi və yazdıqlarımı bir daha təkrar edirəm. Teatrınn yaradıcılığına bir nəfər cavabdeh olmalıdır, o da baş rejissordur. Teatrın düşünən beyni rejissordur. Novator rejissor Tofiq Kazımovun fəaliyyətini yadımıza salsaq, o zaman hər şey bizə aydın olar. Teatrları təcili olaraq, məmur teatrından rejissor teatrına çevirmək lazımdır. Teatrlarda baş rejissorla birlikdə bir neçə rejissor fəaliyyət göstərib, müxtəlif səpkili tamaşalar hazırlamalıdır. Yaşlı aktyorlar, söhbət işləməyə qadir sağlam aktyorlardan gedir, orta yaşlı və cavan aktyorlarla yanaşı, çiyin-çiyinə çalışmalıdırlar. Ölkənin paytaxtında və digər iri şəhərlərdə ildə ən azı bir-iki teatr festivalı keçirilməlidir. Festivalların münsiflər heyəti hər il dəyişilməlidir. Münsiflər heyətinin tərkibi dost-tanış qruplarına çevrilməməli və bir nəfərin iradəsinə tabe olmamalıdır. Ölkə teatrlarının tamaşaları xarici ölkə festivallarına qatılmalı, xarici ölkə teatrlarının ən yaxşı nümunələrinin bir neçəsi ölkədə nümayiş etdirilməlidir. Teatrlara zəif dram əsərlərinin ayaq açmaması üçün müxtəlif mövzular üzrə yazılmış pyeslərin müsabiqələri keçirilməlidir. Filmlər üçün də müsabiqələr keçirilib, ən peşəkar  ssenarilər seçilib, alınmalıdır.  Mütləq mənada, teatrların bədii şuraları işlək vəziyyətə gətirilməlidir. Teatr sahəsində olduğu kimi, kino sahəsində də köklü dəyişikliklər və islahatlar aparılmalıdır. Teatrda və kinoda dünya təcrübəsindən istifadə edilməlidir. Bu sahədə peşəkar kadrlar yetişdirmək üçün gəncləri xarici ölkələrə təhsil almağa göndərməli və ölkəyə qayıtmaları üçün şərait yaradılmalıdır. Sənət ölkə daxilində, dar çarçivədə inkişaf edə bilməz.

Mən çayımı “Alyonka” konfeti ilə içib maraqla sənətkar dostuma baxırdım. O, dərhal mənim baxışlarımla nə demək istədiyimi anlayıb gülə-gülə dedi:

- Bilirəm, deyəcəksən ki, bu heç doğum günü münasibəti ilə yazılan məqalə olmadı. Qoy belə olsun. Etiraf etməliyəm ki, mən əsl sənət və əsl rejissor görmüşəm. Məni, tanınmayan bir gənci istedadıma inanaraq, korifey sənətkar Hüseyn Seyidzadə “ Qaynana ” filmində İlqar, Əjdər İbrahimov isə ”Qəribə adam” filmində Əbdülrəhman rollarına çəkib.  Teatrda isə məni və o dövrün bir qrup istedadlı gəncini  Tofiq Kazımov  Akademik Milli Dram Teatrına dəvət edərək, hazırladığı tamaşalarda əsas rollar verib. Sənətdə məni heç vaxt  tapşıran olmayıb. Bu gün baş verənləri mən anlamaq istəsəm də, anlaya bimirəm. Ona görə də düşündüklərimi deyirəm və imkan olanda yazıram.

Doğum günü ilə bağlı yazıya qalınca, məncə doğum günü yazısı  elə belə olsa yaxşıdır. Mirzə Ələkbər Sabir demişkən, düzü düz, əyrini əyri...

- Çingiz, sən ərik qurusundan daye. Mən sənə düşündüklərimi dedim, sən də yazdın. Çox sağ ol, - İlham mənə gülə-gülə baxıb: - Qələm əlimdədir! - dedi.

Mən onun sözlərinə ürəkdən gülərək söylədim:

- Ay qardaş, ay sənətkar, mən sənin doğum gününlə bağlı təbrik məqaləsi yazmaq istəyirdim. Sən mənim bütün planlarımı pozdun,  sual verməyə belə imkan vermədin. Sənətdə - teatr və kinoda, səni narahat edən məsələlərdən danışdın. Amma indi icazə ver, mən də sənin doğum gününlə bağlı arzularımı yazım.

İlham gülə-gülə mənə baxıb, zarafatla: - Əlbəttə, yaz, amma (əlini masaya uzadıb, bir şokolad götürərək) bu “İlham” (“Vdoxnoveniye”) şokolad plitkasını Babayev fabriki mənim doğum günümlə bağlı istehsal edib. Bu şokoladı yeyə-yeyə məqalənin təbrik  hissəsini evdə yazarsan,- dedi.

Mən sənətkarın dediyi kimi, məqalənin təbrik hissəsini “ İlham ” şokolad plitkasını  yeyib, çay içə-içə evdə yazdım.  Deməliyəm ki, şokalada söz ola bilməz, doğrudan da dadlı şokaladdır. Sənətkarın adına layiq şokaladdır.  Mənim təbrikim isə, belədir:

- İlham səni, xalqın sevimlisinə çevrilmiş İllərin sənətkarını, doğum günü münasibəti ilə ürəkdən təbrik edirəm. Sənə, sənətkar dostuma, uzun ömür, möhkəm can sağlığı  və  daha böyük uğurlar arzu edirəm. Arzularıma sənət yoldaşlarının və  çoxsaylı tamaşaçıların da qoşulacağına tam əminəm.

Ləyaqətini, abrını, mənliyini qoruyub saxlamağı bacaran sənətkarı, İlham Namiq Kamalı daha neçə-neçə illər səhnədə və ekranda görmək arzusu ilə, 

Çingiz Ələsgərli,
teatrşünas, dramaturq                               

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir