Modern.az

Boksda Çələbiyev imzası

Boksda Çələbiyev imzası

12 Yanvar 2023, 12:32

Onun adı gənc yaşlarından Azərbaycanın boks tarixinə düşüb. Elə bu günlərdə ölkəmizdə idmanın inkişafındakı xidmətlərinə görə Prezidentin “Tərəqqi” medalı ilə təltif etdiyi idmançıların siyahısında onun da adının olması “tarixə düşmə”nin təsadüf olmadığını təsdiq etdi. O, idman zallarında 7 yaşından düyünlədiyi yumruqlarla, sözün əsl mənasında, döyüşə-döyüşə özünə yol açıb və Cavid Çələbiyev imzasını Azərbaycan boksuna həkk edib.

Təxminən 5 il öncə daxili işlər orqanlarında xidmətə başlayan Cavid Çələbiyev hazırda Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun Mühafizəsi üzrə Polis İdarəsinin taqım komandiridir və çoxsaylı idman titullarının qarşısına həm də “polis leytenantı” yazılır.

Dövlət başçısının idmançı həmkarımızı medalla təltif etməsi onun sevincini və təəsüratlarını oxucularımızla bölüşmək fürsəti doğurdu, biz də bu imkanı əldən vermədik.

Onda boksa marağı məşhur boksçu olan atası Natiq Çələbiyevin evdəki saysız-hesabsız medalları, rinqlərdəki uğurları yaradıb. Uşaqlıq həvəsi məşqlərdəki zərbələrin təsirindən indi barmaqlarının üstündə izləri açıq-aşkar sezilən qabarlar yaratsa da, rinq həyatı oğul Çələbiyevin şöhrətini atasının ad-sanından uzaqlara yayıb: “Rinqdə ilk uğurlarımı yeniyetmə yaşlarımda Bakı və respublika çempionu olarkən yaşadım. 2013-cü ildə isə Qazaxıstanın Almatı şəhərində baş tutan dünya çempionatında qızıl medal qazandım. Bu qələbəm Azərbaycanın boks tarixində bir yenilik idi, böyüklər arasında ən gənc dünya çempionu olmuşdum”.

Bundan sonra Avropa ikincisi olan C.Çələbiyevə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları çempionluq gətirib. Bu döyüşü ölkə başçısı İlham Əliyev də izləyib və qızıl medalı idmançımıza şəxsən təqdim edib.


Sovetlər dönəmindən bu yana boks üzrə Azərbaycanın 5 dünya çempionundan biri olan Cavid Çələbiyev bəzən rinqdə çətin rəqibdən əlavə, hakimlərin haqsızlığı ilə də qarşılaşmalı olub. "Tokio -2020" Yay Olimpiya Oyunlarında hakimlərin mübahisəli qərarı ilə yarışdan medalsız geri dönməsi üzləşdiyi belə ədalətsizliklərdən biri idi. Ancaq gücün və iradənin sınağa çəkildiyi rinqlərdə püxtələşən, peşakarlaşan əməkdaşımızın döyüşmək əzmi onu hər zaman qələbələrə səsləyir. Növbəti yarışlarda da gücünü sınayacaq: “Rəhbərlik tərəfindən yarışlara hazırlaşmaq üçün bütün lazımi şərait yaradılır. Qarşıda dünya və Avropa çempionatı gözlənilir. Daha sonra Avropa oyunlarının lisenziya döyüşləri olacaq, bu lisenziyanı əldə edənlər Parisdə Olimpiya oyunlarında iştirak hüququ qazanacaq. İdmanda əvvəlcədən heç nə demək  mümkün olmasa da, hələ döyüşmək istəyirəm”.

Beynəlxalq rinqlərdəki nailiyyətləri, olimpiya və dünya çempionatının medalları, “Əməkdar idman ustası” adı polis leytenantı Çələbiyev üçün daxili işlər orqanlarının əməkdaşlarını yarışlara hazırlamaq perspektivi də açır. Özü bu barədə təklif olarsa, dəyərləndirə biləcəyini söyləyir. Prezidentin məlum sərəncamı ona bir qədər də stimul verib ki, nailiyyətlər əldə etsin, zirvələrə can atsın: “Bundan sonra da dövlətimə, xalqıma həm idmanda, həm də peşə fəaliyyətimdə sədaqətlə xidmət edəcəm”.

İdmançı həmkarımız özünü və sözünü dəfələrlə təsdiq edib deyə, bizə yalnız “yumruğun hər zaman haqqı qorumaq üçün düyünlənsin”,- demək qalır.
 

Rəşad Mehtiyev,
polis baş serjantı

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...