Modern.az

Bir şəklin tarixçəsi: 15 erməni əsgərin ölümü və Aşıq Ələsgərin dağıdılan ABİDƏSİ

Bir şəklin tarixçəsi: 15 erməni əsgərin ölümü və Aşıq Ələsgərin dağıdılan ABİDƏSİ

Mədəni̇yyət

20 Yanvar 2023, 12:22

Ermənistanın bütün mətbuat orqanları bir xəbəri manşet etmişdilər: Qeqarkunik rayonunun Azad kəndidəki hərbi hissədə baş vermiş yanğında 15 əsgər ölüb.

Kəlbəcərlə sərhəddə yerləşən Azad kəndinin əsl adı Ağkilsədir. Ağkilsə o kənddir ki, məşhur azərbaycanlı aşıq Dədə Ələsgər burada doğulub-böyüyüb, fəaliyyət göstərib, yaşayıb-yaradıb.

Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu şəkil də Ağkilsə kəndində çəkilib.

Zaman 1972-ci il, məkan Göyçə mahalının Basarkeçər rayonunun Ağkilsə kəndi…

Şəkildə Aşıq Ələsgərin 150 illik yubileyi ilə əlaqədar ucaldılmış qəbirüstü abidəsi əks olunub. Abidənin qarşısında dayanan iki nəfərdən biri - öndə olan Aşıq Ələsgərin kiçik oğlu Talıbdır.

Ermənilər Ağkilsə kəndinin adını 1975-i ildə dəyişərək Azad qoyublar. 1988-ci ildə isə kənddə yaşayan bütün azərbaycanlıları etnik təmizləməyə məruz qoyaraq Ağkilsədən qovub çıxarıblar.

1972-ci ildə Aşıq Ələsgərin 150 illik yubileyi ilə əlaqədar Ağkilsə kəndində ona şəkildəki qəbirüstü büst qoyulub.

Yubiley Azərbaycanda böyük təntənə ilə qeyd edilib. Aşığın ikicildliyi işıq üzü görüb. Adı dillərdə gəzən qoşmalarına mahnılar yazılıb.

Ağkilsə kəndindəki qəbirüstü abidəsinin açılışına Azərbaycandan böyük nümayəndə heyəti gedib.

1988-ci ildə baş verən məlum olaylardan sonra ermənilər Aşıq Ələsgərin Ağkilsə kəndindəki abidəsini dağıdıb, yerlə bir ediblər.

Qeyd edək ki, həmin kənddə Aşıq Ələsgərin öz əli ilə tikdiyi evi də vardı… Həmin evin dağıdılıb-dağıdılmadığı haqda isə məlumat yoxdur.

Aşıq Ələsgər 1821-ci il martın 22-də dünyaya gəlib.

Ustad aşıq ermələrin amansız münasibətini öz sağlığında da görüb.

1918-19-cu illərdə daşnakların türklərə qarşı törətdiyi qırğından sonra göyçəlilərlə birgə o da kəndi tərk etmək məcburiyyətində qalıb. İki il Kəlbəcərin Yanşaq kəndində, bir neçə ay da Tərtərdə yaşayıb.

Aşıq Ələsgər bir də Ağkilsəyə 1921-ci ildə - ömrünün sonlarında qayıdıb.

Ustad aşıq 1926-cı ilin martında dünyasını dəyişib.

Aşıq Ələsgərin 5 oğlu, 6 qızı olub. Onun iki oğlu cavan ikən dünyasını dəyişib.


Ə.Qafarlı

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır