Modern.az

“Azərbaycanda çay mədəniyyəti”

“Azərbaycanda çay mədəniyyəti”

24 Yanvar 2023, 10:00

Bu günlərdə AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Tarixi etnoqrafiya şöbəsinin müdiri, tarix elmləri doktoru, etnoqraf İlhamə Gülbala qızı Məmmədovanın “Azərbaycanda çay mədəniyyəti (tarixi-etnoqrafik tədqiqat)” adlı monoqrafiyası çapdan çıxıb.

 
Modern.az-ın məlumatına görə, monoqrafiya çayın Azərbaycan ərazisində yayılması, qısa zamanda digər içkiləri üstələyib milli içkiyə çevrilməsi, çayxananın sosial mahiyyətini və s. məsələləri əhatə edir. Əsərdə etnoqrafik materiallardan, bir sıra yazılı və şifahi mənbələrdən və tədqiqat əsərlərindən istifadə edilərək Azərbaycanda çay mədəniyyəti tarixi-etnoqrafik aspektdən qələmə alınıb.


Qəhvə və çay əsrlər öncə Şərq ölkələrində (Çin, Yaponiya və s.) məlum olmasına baxmayaraq, onların yayılması böyük coğrafi kəşflərdən sonra baş verib. Qəhvə, çay, şəkər, tütün, kakao, şokolad ilkin qlobal qidalar olaraq qiymətləndirilməlidir. Xüsusən də, Çindən başlayaraq dünya ölkələrinə yayılan çay mədəniyyəti qloballaşmanın ilkin işatısı kimi nəzərə çarpır. Dünyanın əksər qitələrində mövcud çayxanaların (qəhvəxana, kafe, teahouse, coffehouse və s.) əsas qidası Şərq xalqlarının ixtirası qəhvə, çay və Qərbdən gələn tütün idi. Şərq və Qərbi birləşdirən ümumi qidalar və onların istifadə yeri olan çayxana hazırda dünya xalqlarının ortaq mədəniyyətidir. Qəhvə və çayın hazırlanması, qəbulu, onunla bağlı rituallar hər bir xalqın mədəniyyətində fərqli xüsusiyyətlər üzə çıxarır.


Çin dilinin Konton dialektində “chʹa” (“çhah”), Amoy dialektində isə dəyişilərək “tʹe” (“tay”) adlanan çay bitkisi orta əsrlərdən bəri ölkəyə gətirilsə də, onun kütləvi şəkildə tanınması XIX əsrdə baş verdi. Susuzluğu tez yatırması, hazırlanma qaydasının asan olması, qəhvəyə nisbətən ucuz başa gəlməsi, ölkədə çay əkininə başlanması, regionda Rusiya və İngiltərənin çay ticarəti və digər səbəblər çayın sürətlə yayılmasını təmin edib. Zaman keçdikcə, çayın dəmlənməsi, təqdimatı, çay dəsgahı və s. məsələlərdə şifahi qaydalar formalaşdı, çayın içilməsi sosial rituala çevrildi. Çay dostluq, qonaqpərvərlik və sosiallaşma vasitəsi kimi əhəmiyyət daşıyır. Çayın tezliklə məişətdə yayılması adət-ənənələrə də təsirsiz ötüşmədi, bu içki halva ilə birgə mərasim süfrələrinin əvəzolunmaz qidasına çevrilib. Qısa müddətdə kəllə qənd və çay toy mərasimlərinin əsas rəmzinə çevrilib, şirin çay elçilikdə ilk razılıq əlaməti sayılıb.


XIX əsr bədii ədəbiyyatında çay haqqında əsərlər (S.H.Nigarinin “Çaynamə”, C.Məmmədquluzadənin “Çay dəsgahı” və s.) yazıldı, o cümlədən şifahi xalq ədəbiyyatının müxtəlif janrlarında çay, samovar, çaydan, stəkan və s. mövzular meydana gəlib. Azərbaycan dilinə onlarla yeni söz daxil oldu: quru çay, şirin çay, çaydan, dəm çayniki, çay qaşığı, çay stəkanı, çaysüzən, çay süzgəci, çay dəsmalı, çayqabı, çay servisi, çay dəsgahı, çayxana, çayçı, çayxor, çay pulu, çay plantasiyası və s.


Beləliklə, ilk vaxtlar təbabətdə istifadə edilən çay XIX əsrin sonlarında Azərbaycanda, həmçinin bir sıra qonşu ölkələrdə (Rusiya, İran, Osmanlı və s.) milli içkiyə çevrilib.



Çaydan istifadənin genişlənməsi Azərbaycanda XVI əsrdən etibarən fəaliyyət göstərən qəhvəxanaların “çayxana” adlanmasıyla nəticələnib. Bununla yanaşı, bəzi şəhərlərdə “qəhvəxana” sözü də işlənilib.


Azərbaycanda ilk qəhvəxana Şah Təhmasibin dövründə Qəzvində açılmış və Şah Abbasın göstərişi ilə onların sayı artıb. Səfəvi dövrü qəhvəxanaları professional teatrın, ədəbi-bədii dərnəklərin, əyləncəli klubların olmadığı halda el səhnəsiydi. Burada müştərilər həvəskar sənətçilər tərəfindən xalq oyun və tamaşaları, məzhəkələr ilə əyləndirilirdi. XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycan şəhərlərində peşəkar teatr truppaları təşkil olunarkən çayxanada püxtələşən xalq aktyorları (nəqqallar, mərəkəçilər, məzhəkəçilər və s.) bu işə cəlb ediliblər. Bəzi şəhərlərin (Təbriz və s.) geniş həyətyanı sahəyə malik çayxanalarında və meydanlarda heyvanların oynadılması inkişaf etmiş orta əsrlər dövründə Azərbaycanda bəsit sirk tamaşalarının varlığını bəlli edir.


Xalqın aşağı təbəqəsi arasında çayın yayılmasında çayxanalar böyük rol oynadılar. Çayxanaların sayının artması dövlətin sosial-iqtisadi və siyasi vəziyyəti ilə bağlıydı. Ölkədə gedən ictimai-siyasi, sosial-mədəni proseslərin müzakirəsi və fikir mübadiləsi məhz bu məkanda həyata keçirdi. Çayxanalar ədəbi-bədii, siyasi mühitin formalaşmasına təkan verirdi. Onlar həm də sosial-mədəni, iqtisadi, siyasi-dini funksiya daşıyırdı. Əhalinin müxtəlif təbəqələrini birləşdirən çayxanalar xalqın əsrlər boyu formalaşan milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin, adi hüquq qanunlarının yaşadılmasında böyük rol oynayırdı.


Müasir çayxanalar Səfəvi dövrü qəhvəxanalarından öz təyinatına, funksiyasına, memarlıq quruluşuna, daxili sahmanına və s. görə xeyli fərqlənirlər. Keçmiş əyləncələr, tamaşa-mərəkələr öz əhəmiyyətini tamamilə itirmişdir. Zaman keçdikcə, teatr, kino, konsert salonları insanların əyləncə həvəslərini qarşılayır, radio və televiziyanın fəaliyyəti istirahət məkanını evlərə yönləndirir, telefon və digər rabitə vasitələri əlaqələri asanlaşdırır. XXI əsrdə internet resurslarından istifadənin genişlənməsi, sosial şəbəkələrin çoxluğu insanların çayxanaya olan əvvəlki marağını azaltmaqdadır. Lakin çayxanalar çay içmək, qəlyan çəkmək, söhbətləşmək baxımından yeni təyinatda hələ də öz varlığını qoruyur.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu