Modern.az

Avroviziya qalmaqalı - Eldar Qasımovu ittiham etdilər

Avroviziya qalmaqalı - Eldar Qasımovu ittiham etdilər

1 Fevral 2023, 17:53

Bu il Böyük Britaniyada keçiriləcək Avroviziya mahnı müsabiqəsində Azərbaycanı təmsil etmək üçün nümayəndə seçimlərində haqsızlığa yol verildiyi iddia olunur. 

 

Modern.az xəbər verir ki, seçimlərdə iştirak etmiş Rauf Kingsley ləqəbli ifaçı şəxsi instaqram hesabında bununla bağlı müraciət ünvanlayıb.

 

Gənc müğənni iddia edir ki, münsiflər heyətinin üzvü Eldar Qasımov və onun meneceri Omar Abdulkarim müsabiqəyə qatılan sənətçilərin mahnılarını dəyərləndirməyib. Onun sözlərinə görə, müsabiqənin yekununda Omar Abdulkarimin meneceri olduğu "Mamagama" qrupu qalib seçilib.

 

"Bir neçə gün əvvəl qrupu dağıdıb, xarici vətəndaş olan qrup üzvünü kənarlaşdırıb, bir gecə ilə qondarma qrup yaradaraq Avroviziyaya göndərməyi planlayıblar" - müğənni paylaşımında qeyd edib.

 

İddiada adı hallanan "Mamagama" qrupunun üzvü Safael Mişiyev Modern.az-a açıqlamasında müsabiqəyə hələ seçilmədiklərini, digər seçim iştirakçıları kimi gözlədiklərini bildirib:

 

"Biz hələ heç yerə getməmişik, seçilməmişik, cavab gözləyirik. Kim seçiləcəksə, uğurlar olsun"

 

S.Mişiyev təmsil etdiyi musiqi qrupunun dağıdılaraq, yenidən yaradılması ilə bağlı iddialara da cavab verib:

 

"Roman xaricdə işləyir, işi atıb bura çox vaxt gələ bilmir. Qrup isə dağılmayıb".

 

Müğənni Eldar Qasımov və Omar Abdulkarimlə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verilmədi.

 

Seçimləri təşkil edən İctimai televiziyadan isə deyilənlərin yalnış olduğu, iddialar barədə rəsmi açıqlama veriləcəyi bildirilib.

 

Qeyd edək ki, ötən il müsabiqədə Ukrayna qələbə qazansa da, müharibə səbəbindən yarışın Britaniyada keçirilməsinə qərar verilib. Mayın 9-u və 11-də Avroviziya mahnı müsabiqəsinin yarımfinal mərhələsi keçiriləcək. Mayın 13-də isə final baş tutacaq.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?