Modern.az

Onun adı Darxan

Onun adı Darxan

6 Mart 2023, 12:12

Bilirsinizmi “Darxan”, “Darhan” sözünün etimoloji mənası nədir?

“Tar”- “Dar” kökündən törəyən bu söz qədim Altaylarda və moğollarda yaymaq, yayılmaq, törəmək, termək sözlərinin mənasını zənginləşdirir. "Törəmək"- törəyib, çoxalmaq, "termək"- dərib –toplama mənasını verir.

Dar- Tar - xan sözü həm də Tarkan-Tarhan sözlərini əmələ gətirib. Eli terən- bir yerə toplayana Tarkhan-Tarhan-Darhan deyiblər. Öz dövründə tarkanlık yüksək bir status sayılırdı. İslamiyət öncəsi  Tarhan, Targan, Dargan, Darkan  Türk dövlətlərində  generallara, sərkərdələrə verilən ad və  status idi.

Moğolların miflərində və əfsanələrində də  yurdda, mahalda seçilən  kişilərə və qadınlara da “Darhan” adı verərlərmiş. Darhan həm də  bacarıqlı dəmirçi ustalara verilən ad idi. Hun dövründən yayılan “Darhan" adı Altaylarda, Türk xalqları yaşayan yerlərdə mifləşmiş və nağıllarda, əsərlərdə yaşayaraq, bu günümüzə qədər gəlib çatmışdı. Oğlunu uca yerlərdə görmək istəyən ata və ana, baba və ya nənə, el ağsaqqalı ona “Darxan” adı verəndə, deyərdi ki, adına, törəsinə layiq olsun. Necə ki, Dədə Qorqud Kitabımızda yazılan kimi: “Dədəm Qorqud gəlsün, bu oğlana ad qoysun: biləsincə alub babasına varsun, babasından oğlana bəglik istəsün, təxt alı versün» – dedilər Dədə Qorqud gəlub oğlana ad qoydu və atasına dedi: “... Adını bən verdüm, yaşını allah versün". Dədə Qorqud dastanında ad insanın taleyi, əməli,yaşam tərzi idi.

Yəni Darxan sözü insan üçün müqəddəs bir ünvandır. Bu adı layiqincə daşıya bilənin nə xoş halına.

Mənim haqqında danışmaq istədiyim, ünvanını göstrəmək istədiyim Darxan Kuandık oğlu Kıdıralı da adına bəylik, terlik verən bir insandır. Adındakı müqəddəsliyi qoruyan, su kimi təmiz saxlayan Darxan Xıdıralı baharın 16 aprel günündə 1974-cü ildə Cənubi Qazaxıstanın Tülkübaş (əslində rayonun adı Türkübaşdır) rayonunda doğulmuşdu. Kuandık oğlunun  adını “Darxan” çağırdı.  Bu gənc ailə başçısı vilayətin ən böyük kolxozlarından birinin zootexniki idi. Əkin-biçin vaxtı, soyuqlu-şaxtalı havalarda ancaq işinin başında oldu. Bir gün evdə olanda , üç gün çöldə-bayırda dövlətin malını qorudu. Qəndgül xanım ərini "Çöl adamı" sayırdı. Bilirdi ki, həyat yoldaşı dövlətin malına-mülkünə bir ziyan dəyməsin deyə, çöllərdə kolxozun  mal-heyvanını qoruyur. İnsanların köməyinə çatır.

Darxanın ayağı yüngül oldu. Daha sonra Qəndgülün daha üç övladı gəldi dünyaya. Darxanın 8 yaşı olanda 36 yaşlı  Kuandık bu dünyaya əlvida dedi. Dünya malında gözü olmayan Kuandık  4 körpənin ümüdünə qoydu sevgili həyat yoldaşını. 31 yaşlı Qəndgül o gündən etibarən  həm atası, həm anası oldu övladlarının. Əri dünyadan köçəndən sonra, dünyası tar-mar oldu  Qəndgül müəllimənin.  Ərinin sağlığında  palçıqdan yoğurub kərpic-kərpic ucaltdığı ər evindən, həyətindən heç zaman uzağa, çölə-bayıra çıxmadı. Getdiyi yer müəllimə işlədiyi kənd məktəbi, gəldiyi yer ocağının başı oldu. Ata evi yaşadığı Türkübaş rayonunun 4 kilometrliyində olsa da, bircə dəfə anası rəhmətə gedəndə ata evinin qapısını açdı.

Burada sənin dəyərini bilməzlər, get oğul...

8-ci sinfi bitirdiyində müəllimlərindən biri  ona  “4” yazdı. Bu o demək idi ki, Darxan qırmızı attestat ala bilməyəcəkdi. Darxan xəbəri anaya dedikdə, elə bil ki, qanadları qırıldı. Ana öz oğlunun biliyinə , istedadına bələd idi. Bu kəndin böyüklərinin əmr-fərmanı belə idi. Atasız uşağa yuxarıdan aşağı baxardılar. Atasız uşağın qırmızı attestat almağa pulu çatmazdı ki... Gecəni gözünə yuxu getmədi Qəndgülün. Səhər yeməyi süfrəsinə oturduqda Darxanın könlünü ala-ala, üsulluca ona belə dedi: “Oğul Almatıda bir yeni məktəb açılıb, burada sənin qiymətini bilməzlər. Get orada oxu. “. Orada həm də yatmağa yer verəcəklər sənə”. Darxan "hə" demək əvəzinə  anasından soruşmuşdu: “Ana, səni burada tək qoyub hara gedim, bəs bacı-qardaşım?”. Ana: “oğul, uzağa getmirsən ki, Almatı əlimizin içindədir. Bir də ki, paytaxt elə paytaxtdır... get adam ol, böyük ol, yolun-irizin işıqlı olsun..!" -  beləcə uğurlayıb, oxumağa yola salmışdı oğlunu. Bu Qəndgül müəllimənin haqsızlığa, ədalətsizliyə hayqırtısı idi. Ailənin namusunu, evinin istisini-ocağını qorudu Qəndgül. Təzə paltar geyinmədi, əlində olanı oğluna-qızına yedirtdi. Qızıl-gümüş taxmadı. Belə fikirləşdi ki, dul qadının bəri-bəzəyi olmaz. Ana ümidlə yaşadı. Ruhani tərbiyəsi də mükəmməl olan  Qəndgülün  gördüyü röyalar çin olardı. Bilirdi ki, yolun sonunda bir işıq var. Bilirdi ki, Darxan bacı-qardaşının da, elinin də,  köməyi, dayağı olacaq.

Ana ümidlə yaşadı. Ruhani tərbiyəsi də mükəmməl olan  Qəndgülün  gördüyü röyalar çin olardı. Bilirdi ki, yolun sonunda bir işıq var. Bilirdi ki, Darxan bacı-qardaşının da, elinin də,  köməyi, dayağı olacaq.   

Almatıya işıq, elm dalısınca getdiyi gündən tale, bəxt yazısı da dəyişdi Darxanın. Məktəbi bitirdikdən sonra Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin tarix fakultəsinə qəbul oldu. 2 il sonra  təhsilini Türkiyənin Mərmərə Universitetində davam etdirməyə başladı. Doqquz  Eylül, Egey , İstanbul Universitetlərində elm, bilim öyrəndi.  Egey  universitetində ilk elmi işini müdafiə etdi, İstanbul universitetində  PhD elmi dərəcəsini qazandı. Bildiklərini, oxuduqlarını, öyrəndiklərini, qazandıqlarını xalqına, elinə qaytarmaq üçün elinə, yurduna döndü. Təhsil aldığı universitetlərdə, həm də türk, azərbaycan, özbək, qırğız dillərini mükəmməl mənimsədi.

Böyük Çölün oğlu

Türkiyədə  elm dəryasından  türk dünyasının incilərini götürən Darxan Kıdıralı geniş Qazax şanırakının altına elə bir vaxtda dönmüşdü ki,  hər yerdən “Türkəm” sədaları gəlirdi. 2001-ci ildən etibarən  Xoca  Əhməd Yassəvi adına Beynəlxalq qazx-türk universitetində elmi işçi kimi fəaliyyətə başlayan  Darxan Kıdıralı 2005-ci ildə artıq  kafedra müdiri, aparat rəhbəri vəzifəsinə qədər yüksəlmişdi. Daha sonra  paytaxt Astanada yerləşən L.N.Qumilyov adına Milli Avrasiya Universitetində dosent və baş elmi işçi kimi  fəaliyyət göstərdi. Ölkənin aparıcı kütləvi informasiya vasitələrindəki çıxışları Türk dünyasının birliyi çağırışlarına ayna tuturdu.

Türk dünyasının birliyi yolunda yeni təməllər yeni fikir adamları ilə qoyulur. Azərbaycan da təməlində türkçülük ideyaları yaşadan bir dövlət kimi  bu Birliyin qurulması üçün beynəlxalq müzakirələrə və iş birliyinə hər zaman meydan verib.  2009-cu ilin oktyabr ayının 3-də  Naxçıvanda keçirilən Türkdilli dövlətlərin Əməkdaşlıq Şurasının  IX cammitində Nursultan Nazarbayev tərəfindən  Türk Akademiyasının yaradılması haqqında təşəbbüs irəli sürüldü.  2014-cü ildə Akademiyaya Beynəlxalq status verildi.TWESCO adlandırıldı.  Elə həmin il Darxan Kuandık oğlu Kıdıralı  Akademiyanın prezidenti təyin edildi. 



Darxan Kıdıralı Türkiyədə ali təhsil aldığı, doktorluq dissertasiyası müdafiə etdiyi dönəmlərdə, Türküstanda Xoca Əhməd Yassəvi ocağında dərs dediyi dönəmlərdə  kilidi açılmayan bir çox bağlı qapılarımızın açarını axtarmaqdaydı. Beynəlxalq Türk Akademiyası- TWESCO-da  rəhbər kimi fəaliyyətə başlayanda isə, bu qapının açarını tapmaq üçün əvvəlcə qardaş madyarlar ölkəsinə- Macarıstana  rəsmi səfər etdi. Bundan bir az sonra isə babalarımızın, dədələrimizin moğol çöllərində yazıb qoyduğu daş kitabələrini yenidən oxutmaq üçün yola çıxdı.

Tanrı sizin bütün istəklərinizi yerinə yetirəcək

Beynəlxalq Türk Akademiyası- TWESCO-da  rəhbər kimi fəaliyyətə başlayandan bir az sonra babalarımızın, dədələrimizin moğol çöllərində yazıb qoyduğu daş kitabələrini yenidən oxutmaq üçün yola çıxdı. Professor Darxan Kıdıralı ilə söhbətlərimizdən birində  o müqəddəs səfərini belə xatırlamışdı:

-Görüşlərin ən gözəli, səfərlərin ən müqəddəsi idi. Beynəlxalq Türk Akademiyasının (BTA) elmi əməkdaşı Akedil Toyşanolu da mənimlə idi. Akedil  Monqolustan doğumlusu olduğundan, monqol dilində sərbəst danışır. Gəlib Ulan-Batordan 50 kilometr uzaqda, Bayan Çokto bölgəsində yerləşən Tonyukük babamızdan qalan daş  abidəyə çatdıq. Sürücüyə və Akedilə dedim ki, Tonyukük babamız üçün Quran oxuyacağam. Təəccüblə soruşdular ki, belə olurmu? Dedim ki, nədən olmasın ki, əlbəttə olur.  Tonyukük də bir övliya, bir peyğəmbər kimi adam. Allahın kəlamını onun üçün oxuyuram. Babamızdan qalan daş məktubu qucaqladıq.  İçimizə bir duru rahatlıq doldu. Dirsəklənib daşın yanında oturduq. Ətrafda uzanan boz çöllərə, yaşıl yamaclara, balbal daşlarına baxdıq. Nə qədər sirr yatırdı bu yurdlarda... Bir qədər zaman keçəndən sonra, yolumuza davam etmək üçün maşına mindik. 20 metr getmişdik ki, arabanın təkərləri partladı. Birdən xatırladım ki, axı mən Quran oxumağı unutmuşam. Tonyukük, Bilgə Xaqan, Kül Tekin , bizdən  yüz illər əvvəl buraya ayaqları dəyən bütün babalarımızın, adları anılmayan, unudulan övliyalarımızın  ruhuna  ehtiram olaraq Quran oxudum.  Uzun-uzadı alqış etdim, dua etdim Tanrıya.

Daha sonra arabamızın təkərini dəyişib, yolumuza davam etdik. Ertəsi gün Kül Tekin və Bilgə Xaqan abidələri kompleksini ziyarət etməli idik.  Gecədən yağan yağış hələ kəsmək bilmirdi. Akedil dedi ki, burada Öge Noour - (Ana Göl) deyilən  bir yer var. Oraları da mütləq ziyarət etməliyik. Səhər tezdən yola çıxdıq. Yağan yağış hər tərəfi palçıq etmişdi. Palçıq dolu yolla bir təhər arabaya mindik. Öge Nooura çatmaq üçün iki  görünən təpəni aşmalı idik.  Təpənin başına çatanda, arabamız yenə xarab oldu. Bu yolları çox yaxşı tanıyan sürücü də naəlac qalıb. Bir də baxdıq ki, bizdən qabaqda bir adam gedir. Elə bu vaxt yağmur da dayandı. Kişinin əlində şlyapası, bizdən fərqli olaraq onun ayaqları palçığa da batmamışdı, əynindəki plaşında da bir damcı olsun yağış damcısı yox idi. Sürücüyə dedim ki, yolçunu yolda qoymayaq, arabamıza mindirək. Akedil onu arabaya dəvət etdi. Gəlib oturdu. Bir kilometr getmişdik ki, araba yenə pozuldu. Adam dedi ki, arabanın akkumlyatoruna baxın. Sürücü akkumlyatora baxıb, nasazalığı aradan götürdü. Gülə-gülə dedi ki, yağmur məni elə çaşdırıb ki, heç ağlıma da gəlməzdi ki, burada akkumlyatorumuz pozula bilər. Araba işə düşəndən sonra, naməlum adam dedi ki, mən burada enəcəm.  Akedildən  onun kim olduğunu soruşdum. Akedil dedi ki, , Öge Noourun qoruyucusudur. Təəccüblə yenə dedim: bu gölü  bu boyda səhrada kimdən qoruyacaqmış ki?..

Akedil də təəccüblə: “Doğurdan da, bu  böyük çöllərdə bu gölü tək bir kişi necə və kimdən  qoruya bilər?”. Bir də ətrafa baxdıq ki, naməlum adam gözə görünmür. Naməlum adamı görməyəndə Akedil belə dedi:

-Heç bilmədim ki, bu kişi bizim gəlişimizin məqsədini haradan bilir. Ayrılanda dedi ki,  siz gözəl niyyətlə gəlmisiniz. Sizin bütün istəkləriniz qəbul olacaq. Yanındakı o ağbəniz oğlan çox gözəl niyyətli bir adam.  Burada bütün muradınız  hasil olacaq. Tanrının burada bir xəzinəsi var. Geniş bir ərazidə o  görünən obalıqda böyük bir xəzinə tapacaqsınız. Monqolustandakı bütün istəkləriniz yerinə gələcək. Tanrı sizin bütün istəklərinizi yerinə yetirəcək”.

Bu xatirəsini danışandan sonra, Darxan onu da əlavə etmişdi: “Bəlkə də hardasa bir məclisdə, şəhərdə, kənddə kimsə bizə belə xəbər söyləsəydi, inanmazdıq. Ancaq böyük bir çöllükdə, ins-cinsin gözə dəymədiyi bir yerdə üç nəfər kişinin yanında peyda olan o naməlum adamın xəbəri  məni hər zaman düşündürdü... Çünki bu torpaqların, bu yurdun müqəddəs olduğuna qəlbimin dərinliyində güclü bir inam var idi. O yerlər bizi çoxdan gözləyirdi”.

Kutluq Xaqanın iqamətgahının tapılması çox böyük bir iş oldu

2016-cı ilin avqust ayında BTA  Monqolustan Milli Elmlər Akademiyası Arxeologiya və Tarix İnstitutu   “Tyan-Şandan-Ötükenə qədər: Böyük çöl xalqlarının tarixi-mədəni dəyərləri”- adlı beynəlxalq ekspedisiyanın tərkibində 50-dən artıq  arxeoloq, ictimai xadim, alim və jurnalistləri  də bu müqəddəs yerlərə ziyarətə və səyahətə gətirdi. O sehirli  günlərdə  bizimlə eyni ekspedisiyada yol yoldaşı olmuş, Napil Bazılxan  da bizimlə idi. Napil Bazılxan Monqolustandakı çöllərdə başsız qalan daş yazıları oxuyan tək-tək alimlərdəndir. Napil ağa   Darxan Kıdıralı şəxsiyyətini və  onun BTA-da  çalışdığı illər ərzində gördüyü işləri belə xatırlayır:

“2014-cü ildə Darxan Kıdıralının Monqolustan Elmlər Akademiyası ilə əməkdaşlıq etmək fikrindən xəbər tutdum. Mən özüm Monqolustanda doğulmuşam. Atam Bazılxan Buqat oğlu da  qədim türk yazılarını oxuyurdu, dilçi alim idi. Türk dünyasının   bizə qalan miraslarını araşdırmaq üçün ən doğru yol Monqolustan Elmlər Akademiyasından keçir.  TWESCO-da əməkdaşlığa başladığım gündən  Darxan Kıdıralının rəhbərliyi ilə  Monqolustan Elmlər Akademiyası, Arxeoloji İnstitutu, Milli Muzeyi  və digər elm mərkəzləri ilə  10-dan çox Bəyannamə  imzalandı.  Göy türklərin ikinci dəfə Xaqanlıq qurduğu Şvieet Ulaan, Koşotsaydam, Gunbürd, Qaya qudag, Nomgon  anıt külliyələrində araşdırmalar başlandı.

Qədim türk abidələrini sətir-sətir, daş-daş kitaba çevirən Napil Bazılxan 2022-ci ildə BTA-nın imza atdığı o möhtəşəm tapıntıdan -İltəriş Xaqanın külliyəsinin tapılmasından danışır:

-Beynəlxalq Türk Akademiyası və Monqolustan Elmlər Akademiyası Arxeologiya İnstitutunun birgə apardığı elmi arxeoloji tədqiqatlar nəticəsində ötən il 2022-ci ilin yazında Arxanqay bölgəsinin Nomqon düzündə İltəriş Xaqana məxsus külliyə (abidə kompleksi) aşkar edildi.  Kutluq Xaqanın iqamətgahının tapılması çox böyük bir iş oldu. Hələ 2015-ci ildə professor Darxan Kıdıralı ilə Nomonqon düzündə gəzərkən hocamız deyirdi ki, biz burada axtardığımızı tapacağıq. 2019-cu ildə gəlib bir yerdə dayandı. Dedi ki, buradan başlarsınız. Bir neçə ay arxeoloji qazıntılarımızı davam etdirdik.  Avqust ayının əvvəlində bir yazılı daş tapdıq. Bu daş kitab Kutluq xaqan adına yazılmışdı. Monqolustanın Arxanqay bölgəsindən Darxan Kıdıralıya telefon açdıq. Yeni daş kitabə tapdığımızı bildirdik. Bərk-bərk tapşırdı ki, sirr kimi saxlayın, kimsəyə deməyin. Bilirsiniz də o yerlər necə gözəl və təbiəti, havası dəyişkəndir. Adətən avqust ayında buralara yağış yağmaz.  Lakin həmin gün ki, Darxan bəyi qarşılayacaqdıq, göydən yağışı elə bil ki, xəlbir ilə tökürdülər. BTA rəhbəri , professor Darxan Kıdıralı   maşını ekspedisiyanın yerləşdiyi çadırın yanında saxlatdı.  Gəlib bizim dayandığımız yerə yetişəndə soruşdum ki, niyə arabanı buraya sürdürmədiniz?  Dedi ki, Böyük Xaqanın hüzuruna ayaqla gəlmək lazım idi. Tapdığığımız daş kitabəyə çatanda dayandı. Onun ruh halını görmək lazım idi.  Bu kəşf etmək, tapmaq sevinci idi. İnsanın bu ruh halını yalnız həmin sevinci yaşayanlar bilər. Yağmur elə yağır ki... Darxan bəy dedi ki, mən qurban kəsməliyəm. Özü Kutluq Xaqanın adına bir qurban kəsdi. Yağış həmən dayandı. Ətrafdakı bütün  dolu buludlar çəkildi.  Ənginliklər sanki öz qollarını açıb bizi qucaqlamışdı. Uzaqlardakı Arxanqay dağları da sevinirdi.

Böyük alim Napil Bazılxan bu hadisəni danışdıqda Ziya Göyalpı xatırlayıram. Ziya Göyalp dədəmiz “Altın destan” –“Qızıl dasan” şerində yazır ki:

Uca dağlar çökmüş, belləri qalmış,
Coşqun irmakların seləri qalmış,
Xanlar yox meydanda, elləri qalmış,
Düşənlər çox , amma qalxan nerədə?
Gedəyim arayım: Xaqan nerədə?

Arxanqaya   qanadlanıb  getmişdim

Göy türk iqamətgahımızı, daş yaddaşımızı arayıb tapan  Darxan Kıdıralı  həmin günü belə xatırlayır:

- Mən Arxanqaya qanadlanıb getmişdim. Monqolustanda o qədər etibarlı, bizi sevən dostlarımız var ki... Bu arxeoloji sirrlərin açılmasında onlar  məhz TWESCO-ya üstünlük verdilər. BTA büdcəsində olan vəsaitlə biz əslində Qarabağdakı türk izlərini araşdırmaq fikrindəydik. Sonra qardaş Azərbaycandan dedilər ki, hələ mümkün deyil, azad edilmiş torpaqların əksər hissələri minalarla doludur. Ona göə də həmin vəsaiti Monqolustandakı  xaqanlar kompleksinin araşdırmasına sərf etməyi qərara aldıq.  Və seçib ekspedisiyaya yığdığımız 40-a yaxın Monqolustandan olan əməkdaşlar, Türk Akademiyasının elmi işçilərinin araşdırmaları  sayəsində hədəfimizə yetişdik.  Türk yazı tarixini yeniləmişdik. Bildiyiniz kimi, ilk dəfə 1893-cü ildə Vilhelm Tomsen və Vasiliy Rodlov    Orhon abidələrini  deşifrə edərək , Ötükəndə "Tengri”, "Türk" kəlmələrini oxumuşdu. Həmin gün özünü sivil adlandıran xalqların mədəniyyətsiz köçərilər hesab etdiyi türklərin, qədim yazı mədəniyyətinə malik olduğu meydana çıxmışdı. TWESCO və Monqolustan Elmlər Akademiyası alimlərinin çalışmaları nəticəsində 130 il sonra biz  Ötükəndə Kutluq Xaqana aid daş kitabədə  “Tanrı oğlu” “Kutluq xaqan”  “türk” “tümən”... kəlmələrini oxuduq.

Yazı yazmaq bir Tanrı ruzisidir. Bütün dövrlərin Müqəddəs kitablarında  həm qələm, həm kitab, həm də yazı haqqında danışılır. Yazı insana Tanrı tərtəfindən verilən ən böyük istedad və hədiyyədir. Yazı adamı, könül adamı, Türk ellərinin dillərini, elmi cameəsini bir yerə yığan, bir elə terən Darxan Kıdıralı  yazı haqqında  söhbət düşəndə deyir ki, dünyadakı bütün mədəniyyətlər yazı ilə, qələmlə başlar. Qələm sahibi olmaq insanın ən böyük xoşbəxtliyidir. Qələmi olan insan daha azad, daha uzaqgörən olur, düşüncələrini ayazlaşdırır, bəyazlaşdırır. Nə mutluyuq ki, ilk yazılarımız da daş yazılar olub. Diriliyimiz onunla başlayıb.  Dünyada bir çox dövlətlərin yazısı- əlifbası olmayanda, dünyadakı  ilk millətlərdən biri olan türklərin , bizim əcdadlarımızın yazıları var idi. Bizim babalarımız həm tarix yaratdı, həm də tarix yazdı. Əbədi dövlət qurmaq üçün bu tarixləri  əbədi daşlara qazaraq  yazdı. Məngu El yaratdı.  Həmin daş kitabələrdəki yazılarda bir istək var: əbədi güc olan, Tanrıdan mədət alan türklərin həm yazsını, həm dövlətinin, həm bütün mirasının  əbədi olmaq arzusu. O baxımdan bu yazılar bozkırlarda – səhralarda dayandı. Küləklər, çovğunlar, boranlar, leysanlar o yazıları poza bilmədi. Çünki Tanrı xəbəri olan yazılar idilər.  İndi deyə bilərik ki, yazı çoxdur, yazan da hər zaman olub.  Lakin hər yazı tarixdə daş yazıları qədər qalmayıb. O qədər yazılar unudulub gedir ki... Biz bozkırlarda, boz şöllərdə   babalarımızdan qalan o müqəddəs  yazıları oxumaq  üçün minlərlə kilometr yol qət etdik. Və o məkanları arayıb-araşdırdıq. Məqsədimizə çatdıq.

Ümumilikdə Nomqon kompleksi bütün xüsusiyyətlərinə görə Bilgə Xaqan və Kültegin komplekslərinə bənzəyir. Nomqon yazısı olan abidənin yuxarı tərəfində əjdaha formasında iki canavar başı həkk olunub. Məlumdur ki, Taspar Xaqan, Bilgə, Kül Tegin və digər abidələrin zirvəsində xaqanlıq rəmzləri olan bu cür əjdaha şəklində, qurd başlı cizgi çəkilmişdir. Nomqon abidəsinin də Orxon abidələri kimi Göytürk dövləti üçün əhəmiyyətli bir abidə olduğu anlaşılır. Arxanqay vadisində  51 məbəd, xanlıq iqamətgahı, kompleksi vardır. Burada alimlərimiz, arxeoloqlarımız üçün 100 ilə çatacaq axtarış yerləri, daş kitabələr, nadir yazılar, sirrlər vardır... Buralar sözün həqiqi mənasında Xaqanların Pantionudur. Ömür istər, oğul istər, dövlət istər ki, bu sirrləri açan olsun!!!

- Bu Xaqanlar Pantionunu dünya nə vaxt görəcək, tanıyacaq?

- Böyük işlər səssiz  yapılar, səssiz  görülər... O daşları sadəcə bir yazı kimi deyil, informasiya, kodlarımıza işləyən bir yazı kimi dəyərləndirməliyik. Bu il türk yazıları üçün önəmli bir ildir. Yəni bu da türklərə yazının Tanrı tərəfindən verilməsinin gözəl bir göstəricisidir. 

- Kutluq Xaqanın adından qalan müqəddəs daş yazısının başı üstündə dayanıb Tanrı şükr etdiyiniz həmin o anda, Qazaxıstanın dövlət başçısından bir telefon zəngi aldınız. Bu məqamı danışın, Darxan bəy...

- Hələ 2022-ci iln mart ayından dövlətimizin başçısı hörmətli Kasım Comərd Tokayev məni iqamətgahına dəvət edib dedi ki, TWESCO rəhbərliyindən ayrılım və dövlətdə mənə yeni bir vəzifə etibar etmək istəyir. Mən Qazaxıstan Respublikasının Prezidentindən vaxt-vədə istəyib dedim ki, yarımçıq qalan işlərim var. Kutluq Xaqanın abidəsini, yeni türk yazılarını axtarışını yekunlaşdırmalı və beş dövlətin xarici işlər nazirlərinin iştirakı ilə Akademiyanın  yığılıb qalan problemlərini həll etmək üçün görüş keçirməliyəm. Rica etdim ki, bu işləri tamamlamağa mənə möhlət versin. Payıza  qədər vaxt istədim. razılaşdıq. 22 avqust 2022-ci ildə  günəş Monqolustandakı  Arxanqay dağlarını, vadisini işıqlandırdığı o günorta vaxtı dövlət rəhbərimiz mənə telefon açıb, harada olduğumu soruşdu. Sevincək dedim ki, elə bu dəqiqə yeni tapılmış Kutluq Xaqan kitabının başı üzərində dayanmışam. Orada “Tanrı”. “Türk oğlu” sözləri yazılıb. Cənab prezident verdiyim xəbərdən çox sevindi, ekspedisiya üzvlərinə  təbrikni çadırmağımı söylədi. Sonra isə əlavə etdi ki, verdiyin vədənin vaxtı tamamdır, mən də səni Qazaxıstan Respublikasının İnformasiya və İctimai İnkişaf naziri təyin edirəm.

Azərbaycanda Darxan Kıdıralını  ürəkdən sevən etibarlı dostları var



Darxan Kıdıralının yeni vəzifəsini Azərbaycan Elmlər Akademiyasının prezideni, türk dünyasının fikir adamı , akademik İsa Həbibbəyli belə uğurladı:

- Azərbaycan elminin, ədəbiyyatı və ictimai fikrinin görkəmli nümayəndələrinin tanıdılmasına Darxan Kıdıralı  Beynəlxalq Türk Akademiyasının prezidenti kimi ürəklə xidmət etmişdir. Azərbaycanda Darxan Kıdıralını  ürəkdən sevən etibarlı dostları vardır. Bütün bunlar tanınmış elm xadimi və böyük təşkilatçı Darxan Kıdıralının  türk dünyası və müasir Qazaxıstan dövlətçiliyi üçün gərəkli və faydalı bir persona olduğunu göstərir.

Akademik İsa Həbibbəyli daha sonra əlavə edir ki:

“Darxan Kıdıralı dövlətçilik təfəkkürü ilə, siyasi dünyabaxışla elmi idealları birləşdirməyi, onların üzvü vəhdətinə nail olmağı bacarır. Möhkəm surətdə bu fikirdəyəm ki, Darxan Kıdıralı elm ağırlıqlı ictimai-siyasi xadimdir. Beynəlxalq miqyasda, xüsusən, türk dünyasında inteqrasiya proseslərinin genişlənməsində və inkişaf etdirilməsində akademik Darxan Kıdıralının  və onun uzun illər uğurla rəhbərlik etdiyi Beynəlxalq Türk Akademiyasının mühüm rolu vardır. Ümumiyyətlə, Darxan Kıdıralının ünsiyyət yaratmaq məharəti etibarlı şəxsi dostluq əlaqələrinin, elmi təşkilatların, dövlət qurumlarının, alimlərin və ictimai xadimlərin möhkəm münasibətlərinin qurulmasına böyük töhfə verir.

Darxan Kıdıralı özünü yüksək idarəçilik qabiliyyətinə malik olan böyük təşkilatçı kimi də isbat etmişdir. O, dövlət müstəqilliyi dövrünün meydana çıxardığı Türk Akademiyasının işlərini əsaslı şəkildə yenidən qurmuş, bu Akademiyaya beynəlxalq status qazandırmışdır. Qürur hissi ilə demək olar ki, məhz akademik Darxan Kıdıralının sayəsində Beynəlxalq Türk Akademiyası türk dünyası miqyasında və Şərq-Qərb müstəvisində daha geniş beynəlxalq müstəviyə çıxmışdır. Avropa ölkələrindən Türkiyəyə, Qafqaza, Sibirə və Monqolustana qədərki böyük ərazidə Beynəlxalq Türk Akademiyasının apardığı tədqiqatlar, əldə etdiyi mühüm elmi nəticələr həm elmi əməkdaşlığın inkişaf etdirilməsi, həm də elmin daha da zənginləşdirilməsi baxımından əhəmiyyətlidir.”- Sitatın sonu.

Azərbaycan Türk dünyasının döyünən ürəyidir

Akademik , Darxan Kıdıralı Vətən, xalq, elm adına işə başladığı hər yerdə cığır açdı, yol açdı. Özünə mənəvi müəllim hesab etdiyi İsmayıl Qaspralının “İşdə, dildə, fikirdə birlik” devizini Beynəlxalq türk Akademiyasına gətirdi. Adı unudulmaqda olan, repressiyaya uğrayan böyük fikir və elm adamlarının əsərlərinin, şəxsiyyətlərinin üstündən sovet orunu sildi, tozunu təmizlədi. Macar yazıçısı Mandoku Konurun böyük kitabxanasını Akademiyaya gətidi. İndi Beynəlxalq türk Akademiyası ititrilmiş türk yazılaı ilə dolu bi xəzinədir. Darxan Kıdıralının rəhbərliyi 5 il müddətində  keçirilən “Böyük Çöl” forumu bütün türk dünyası araşdırmaçıları üçün görüş, fikir mübadiləsi yeri oldu. Burada türk dünyası bilən elm adamlarının görüşlri nəicəsində yeni ideyalar, yeni yollar müəyyənləşdi.  Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Astanada keçirilən son sammitində dövlət başçılarının qərarına uyğun olaraq, Beynəlxalq  Türk Akademiyası qarşısında   “Ortaq  türk tarixi”, “Ortaq türk ədəbiyyatı” və “Ortaq türk coğrafiyası” dərsliklərinin hazırlanması məsələsi qoyuldu və nəticə əldə edildi. Bu gün Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan məktəblərində, eləcə də Akademiyanın müşahidəçi üzvü olan Macarıstanda  bu dərsliklər orta məktəvlərdə uğurla tətbiq edilir. Məqsəd isə, əlimizdən alınan tariximizi, pozulan tariximizi, ədəbiyyatımızı, pozulan birliyimizi yenidən işığa çıxarmaq və yaşatmaqdır.
Akademik İsa Həbibbəylinin sözünə qüvvət olaraq qeyd etmək istərdim ki, Darxan Kıdıralı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2017-ci ildə "Dostluq Ordeni"nə layiq görülüb.  O günləri xatırlayanda həmsöhbətim dedi ki:

- Azərbaycan prezidenti cənab İlham Əliyevdən aldığım mükafat, Türk dünyasına verilən dəyərdir. Bu dəyəri doğrultmağa, yaşatmağa çalışmaq isə bizə bir könül və əməl  borcudur. Hörmətli prezident  İlham Əliyevlə görüşəndə  BTA-nın nəşri olan Qoç abidələri kitabını hədiyyə etdim. Qoç başları, hakimiyyətin, qoyun başları və heykəlləri ruzi –bərəkətin, quzu artımın, çoxalmanın simgəsidir. Qurd sərbəstliyin və azadlığın, aslan gücün rəmzidir. Prezident İlham Əliyevi bu simgələr çox maraqlandırdı və bildirdi ki həmin daş abidələrdən Azərbaycanda da vardır.  Və əlavə etdi ki, bu abidlər bir daha sübut edir ki, bizim tariximiz eynidir. Tanrı Azərbaycan xalqına güc verdi. 2020-ci ildə öz tarixi torpaqlarını geri almağa başladı. Azərbaycan Türk dünyasının döyünən ürəyidir. Mənim Azərbaycanda, Özbəkistanda, Qlrğızıstanda, Macarıstanda, Türkiyədə dostlarımızn sayı kəndimizdə tanıdığım adamlardan çoxdur.

Qazaxlar yaxşı adam öləndə deyirlər ki, “Kaytış boldı!”

Böyük Çölün oğlu, Bozkır oğlu Türk dünyasının elminə birgəlik bəxş etdi. Bu illər ərzində özü Astanada yaşasa da, getdiyi uzaq və məsuliyyətli  səfərlərdən geri dönəndə anası Qəndgül xanımın qoruduğu ocağa gələrdi. Deyirdi ki, yalnız onun dizlərinin üstünə başımı qoyandan sonra, bütün yorğunluğum unudulur və yaratmaq, işləmək üçün gücüm çoxalır.

Təəccüblü  bir məqam var idi ki, ana  uzun illər boyu hətta, böyük oğlu Darxanın da evinə belə  bir günlük də olsun qonaq gəlməmişdi.Oğlunun əkidi ilə bir dəfə 2020-ci ildə COVİD pandemiyası tüğyan edəndə, Darxan anasını Astanaya gətirməyə razı sala bilmişdi. Bir də  ki ötən ilin dekabr ayında ananın səhhəti pozulanda, onu evinə gətirdi. Lakin 31 dekabrda ana elə sevimli oğlunun qolları arasında "kaytış boldı". Qəndgül ana 1 yanvarda dünyaya gəlmişdi. 2023-cü ilin  1 yanvarında isə övladlar böyük qardaşın evində yığışıb ananın doğum gününü qeyd edəcəkdilər. 71 yaşı tamam olan günü Ananı dəfn edəndən sonra isə göydən günəş boylanacaqdı. Tufan da, boran da sozalıb gedəcəkdi. Qazaxlar yaxşı adam öləndə deyirlər ki, “Kaytış boldı!”-yəni “qayıtdı!”. Qəndgül ana da Tanrının yanına gülə-gülə, ağrısız qayıtmışdı.

Tanrı yaratdığı bəndəsi Qəndgül üçün güllü-şəkərli həyat verməsə də, övladları böyüyəndən sonra, Darxan bəyin işığına təkcə digər üç övladı deyil, bütöv türk dünyası işıqlandı. Haraya getdisə, özü ilə müəllimə anasından və acı həyatdan aldığı dərsləri şirin və sakit tərzdə anlatdı Darxan bəy. İndi ocağında  4 oğlu 1 qızı böyüyür.

Günümüzn Kul Tegini, Türk dünyası alimlərini, elm adamlarını bir yerə toplaya bilən Darxan Kıdıralı haqqında yazmaqla nə sözüm bitər, nə söhbətim. Bilirəm ki, oxucularımız da işıq kimi dostrlarının ürəyinə yayılan  Böyük Çöl oğlunun haqqında yazdıqlarımı sevə-sevə oxuyacaqlar. Bu yazıdakı fikrimi isə Napil Bazılxanın və  akademik İsa Həbibbəylinin sözləri ilə bitirmək istəyirəm:

Napil Bazılxan:

"Darxan  Kıdıralı  Türk Akademiyasının dərəcəsini yüksəltdi və Beynəlxalq hüquq təməlini də, dərəcəsini də sağlamlaşdırdı, bu onun böyük zəhmətləri sayəsində başa gəldi. O Türk dünyası üçün  çox möhtəşəm işlər görmüş  böyük bir elm adamı və bacarıqlı diplomatdır.

İsa Həbibbəyli, akademik:

Türk dünyasının böyük oğlu, Qazaxıstan ölkəsinin tanınmış siması Darxan Kıdırəlinin çoxcəhətli səmərəli fəaliyyəti daha parlaq sabahlara gedən yollara gur işıq salır.
 

Aida Eyvazlı GÖYTÜRK

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir