Modern.az

150 illik teatra maraq varmı? - “İndiki tamaşaçını inandırmaq çətindir” – Xalq artistləri

150 illik teatra maraq varmı? - “İndiki tamaşaçını inandırmaq çətindir” – Xalq artistləri

Mədəni̇yyət

10 Mart 2023, 22:10

Bu gün Milli Teatr Günüdür. 150 yaşı tamam olan Azərbaycan teatrı indiyədək çətin, məşəqqətli, bir o qədər də şərəfli yol qət edərək günümüzə qədər gəlib çıxa bilib.

 

Bir əsr yarım əvvəl - 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası nümayiş etdirilib. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyulub. Bu şərəfli işdə Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirov mühüm rol oynayıb.

 

Milli teatrın inkişafında məşhur xeyriyyəçi-mesenat Hacı Zeynalabdin Tağıyevin də böyük xidməti olub.  O, Bakı şəhərində ilk teatr binasını inşa etdirib. Nəticədə Azərbaycan səhnəsinin Cahangir bəy Zeynalov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mustafa Mərdanov, Məmmədrza Şeyxzamanov, Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Lütfəli Abdullayev, Nəsibə xanım Zeynalova, Mərziyə xanım Davudova kimi yüzlərlə siması yetişib.

 

150 yaşına çatan Azərbaycan teatrının bugünkü durumu necədir? Tamaşalara əvvəlki kimi maraq varmı? 

 

Modern.az bununla bağlı teatr xadimlərinin fikirlərini öyrənib. 

 

 

Xalq artisti Firəngiz Mütəllimova ölkəmizdə hələ də teatra böyük marağın olduğunu deyib:

 

"Akademik Milli Dram Teatrında rol aldığım son tamaşada həm gündüz, həm də axşam saatları üçün satışa çıxarılan bütün biletlər alınıb. Bu, o deməkdir ki, teatra bu gün də maraq var. Teatrda həmişə tamaşaçı olur. Yaxşı tamaşanın hər zaman öz izləyiciləri olur. Mən hesab edirəm ki, bu gün teatrlarımızın durumu yaxşıdır”.

 

 

Xalq artisti İlham Namiq Kamal isə düşünür ki, peşəkar milli teatr 150 illik yubileyinə çatsa da, sanki ildən ilə cavanlaşır:

 

"Teatrda nəsillər bir-birini əvəz etdi. Mən ömrümün 50 ilini milli teatr sənətinin inkişafına həsr etdiyim üçün xoşbəxtəm. Bizim nəsil artıq yaşlanıb, amma hələ də təcrübəmizlə gərəkli ola bilərik. Teatra yeni nəsillər gəlir. Mən teatra gələn yeni nəslin peşəkar, istedadlı olmasını istəyirəm. Teatrda maraqlı dram əsəri, peşəkar rejissor, baxımlı və düşündürücü aktyor ifaları görmək arzusundayam. Teatr daim yenilənmək, dövrlə uyğunlaşmaq, hətta mən deyərdim ki, dövrü bir qədər qabaqlamaq deməkdir. XXI əsr müasir texnologiyalar dövrüdür. Bu günün ixtirası asabah dəyişir və müasirləşir. Süni intellektlər dövrünə qədəm qoymuşuq. Texnologiyalar yenilənə bilər. Amma heç bir texnologiya teatrın möcüzəsini və sehrini əvəz edə bilməz. Mən buna qəti əminəm. Teatr da müasir texnologiyalar əsrinə cavab verməli, müasir insan düşüncəsini silkələməlidir. Bunu teatra gələn yeni nəsil bilməli və riayət etməlidir. Biz yaşlı nəsil bacardığımız qədər peşəkar milli teatrı qoruyub, inkişaf etdirdik. Bu gün peşəkar milli teatrı inkişaf etdirib, gələcək nəslə çatdırmaq bugünkü gənclərin öhdəsinə düşür. 150 yaşlı peşəkar teatrın gələcək inkişafının əmin əllərdə olmasına qəti əminəm”.

 

 

Xalq artisti Səidə Quliyevanın sözlərinə görə, son vaxtlar insanlar teatrlara axın edir:

 

“Bu gün Azərbaycan teatrının 150 yaşı tamam olur. Bu münasibətlə bütün həmkarlarımı təbrik edirəm. Teatrımızda irəliləyiş olduğunu düşünürəm. Pandemiya dövründən sonra teatra böyük axın oldu. Sevinirəm və özlüyümdə düşünürəm ki, insanların teatrlara üz tutması üçün gərək pandemiya olardı? İnsanlar darıxır, həmçinin ola bilər ki, bizim teatrın biletləri ucuzdur. Bu nüans da böyük önəm təşkil edir. Amma mən çox sevinirəm, çünki zal həmişə tamaşaçılarla dolu olur. Bunu görəndə insan daha da ruhlanır və həvəsə gəlir”.

 

 

Kinematoqrafçılar İttifaqının katibi, Xalq artisti Rasim Balayev isə teatrların əvvəlki kimi fəaliyyət göstərdiyini söyləyib:

 

“Teatr həmişəki kimi fəaliyyət göstərir. Mən arzu edərdim ki, teatrlarda klassik əsərlər də göstərilsin. Məsələn, Şekspirin, Cəfər Cabbarlının, Hüseyn Cavidin əsərləri olsun. Fikrimcə, aktyorlar klassik əsərlərdə daha yaxşı yetişir. Teatrda aktyorları yetişdirmək üçün çoxlu imkanlar var. Klassik əsərlər məhək daşıdır. Aktyorlar orda bərkiyir. Müasir əsərlər də ola bilər. Amma klassik əsərlərin olması daha yaxşıdır. 

 

Mən səhhətimlə və pandemiya ilə əlaqədar olaraq bir neçə ildir teatra getmirəm. Amma eşitdiyimə görə, teatrla bağlı bəzi narazılıqlar var. Çünki bugünkü tamaşaçılar 40-50 il əvvəlki tamaşaçılarla eyni deyil. Bugünkü izləyicilərin daha çox məlumatı var. Ona görə də, indi insanları inandırmaq, təəccübləndirmək üçün yüksək peşəkarlıq tələb olunur. Mən əvvəlki dramaturqların indi olmadığını hiss edirəm”.

 

Aytac Əsədova

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi