Modern.az

Ramazan orucu ilə digər aylarda tutulan orucun fərqi nədir?

Ramazan orucu ilə digər aylarda tutulan orucun fərqi nədir?

28 Mart 2023, 15:47

“İslam dininin ibadət ayinlərinin əsasını təşkil edən amillərdən biri də iman əhlinin Ramazan ayında sübh azanından şam azanına kimi oruc tutmasıdır. Ümumiyyətlə, oruc ibadəti tarixən bütün İlahi elçilərin (ə) şəriətində müəyyən fərqlərlə mövcud olub və bu barədə mənbələrdə müəyyən məlumatlar var. Odur ki, yəhudilər, xristianlar və digər dinlərin mənsubları şəriətlərinə uyğun olaraq oruc tutublar və tuturlar”.

 

Modern.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı, ilahiyyatçı-alim Samid Quliyev deyib.

 

Müsəlmanların 1400 ilə yaxındır bu ayı oruc tutaraq qeyd etdiyini vurğulayan ilahiyyatçı-alim bildirib: “Oruc tutmaq Tövrat və İncildə təqdirlə qarşılanır, Həzrət Musa (ə) və Həzrət İsanın (ə) oruc tutması səmavi kitablarda hörmətlə xatırlanır. Bu baxımdan, oruc ibadəti səmavi dinləri birləşdirən amillərdən biridir.

 

Ramazan orucuna gəlincə, onun müsəlmanlara vacib olması Mədinə şəhərində hicrətin ikinci ilinin Şəban ayına təsadüf edir, baxmayaraq ki, Həzrət Muhəmməd (s) Ramazan orucunun vacib olmasına qədər də hər ayın müəyyən günlərində oruc olurdu. Hicrətin ikinci ilindən etibarən isə o Həzrət (s) Ramazan ayını oruclu keçirmiş, vəfat etdiyi ilə qədər (hicrətin 11-ci ili) 9 dəfə vacibi orucları icra etmiş, beş dəfə 29 gün, dörd dəfə isə 30 gün oruc olmuşdur”.

 

“Ramazan” və “oruc” sözlərinin dilimizdə müxtəlif mənaları olduğunu deyən S.Quliyev bunlara belə aydınlıq gətirib: “Ərəb mənşəli “Ramazan” kəlməsi Azərbaycan dilinə tərcümədə 5 mənanı ifadə edir: Yaz mövsümünün sonunda, payızın əvvəlində yer üzünü toz-torpaqdan təmizləyən yağışın yağması; Şiddətli hərarətə, habelə günəş hərarətinin çox olmasına görə daşın və ya qumun qızıb hərarətli olması; Səhradan şəhərə qayıtmaq; Qılıncın tiyəsini və ya ox ucluğunu itiləmək üçün iki daşın arasına qoyub döymək; Hansısa vasitə ilə odda qızdırılaraq yandırıcı olan.

 

Qeyd edilən bu mənalar yanmaq, təmizlənmək, inkişaf etmək anlamına daha yaxındır. “Oruc” (saum) sözü isə lüğəvi mənada “özünü saxlama”, “nəfsi meyil etdiyi şeylərdən saxlama, çəkinmə” kimi tərcümə olunur və termin olaraq digər aylarda tutulan qəza yaxud bəyənilən və ya Ramazan orucu kimi işlədilir”.

 

QMİ əməkdaşı “Ramazan orucu ilə digər aylarda tutulan orucun fərqi nədir?” sualını belə cavablandırıb: “Ramazan orucunun əhəmiyyəti, insanlara verdiyi cismi və mənəvi faydaları həddindən artıq çoxdur. Bu faydalar içərisində günaha bulaşmamaq xüsusi yer tutur. Yəni, Ramazan ayı insanları günahlardan çəkindirərək peyğəmbərlərin (ə) tövsiyə etdiyi yola “siratəl-müstəqim”ə doğru aparır ki, bu da bütün bəşəriyyəti Allahın vacib və nəhy etdiklərindən çəkindirməyə təşviq edən “Qurani-Kərim”in ana xəttidir. İnsanlar bu ay vasitəsilə ən böyük qazancını əldə edərək peyğəmbərlərin (ə) qoyduğu yola doğru hərəkətə çıxırlar. Bu ayın prinsiplərini, fəzilət və əhəmiyyətini əks etdirən amillər arasında ixlas və iman anlayışı da seçilir. Necə ki, Həzrət Peyğəmbəri (s) buyurur: “İnsan, Ramazan ayının fəzilətini bilsəydi, ilin hamısının Ramazan olmasını istəyərdi”.

 

İlahiyyatçı Qafqaz Müsəlmanları İdarəsinin tərtib etdiyi cədvəldə bu il Azərbaycanda aprelin 9, 11, 13 və 17-də “Qədr” gecəsi olması ehtimalını deyib. “Qədr” gecəsinin müsəlmanlara hədiyyə olaraq verilməsinin Həzrət Peyğəmbərin (s) hədisində təsbit olunduğunu qeyd edən Samid Quliyev bu gecədə daha çox rəhmət mənasında yağış yağdığını, gecənin səhəri havada bulud, duman və bənzəri şey olmadığını, günəşin dəqiq və tərtəmiz işıldadığını, gecəni ibadətlə keçirənlərin ürəyində rahatlıq hiss olunduğunu qeyd edib.

 

QMİ-nin nümayəndəsi sonra Ramazan ayının ruhun paklaşmasının və imanın əsasını təşkil etdiyini, günahları “yandıraraq” pakladığını söyləyib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir