Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri, baş rejissoru və direktoru, Xalq artisti Azərpaşa Nemətov ötən gün ürəktutmasından dünyasını dəyişib. 76 yaşında vəfat edən Xalq artisti bu gün yaxınlarının, sənət yoldaşlarının müşayiəti ilə son mənzilə yola salınıb.
Ömrünün böyük bir hissəsini teatr sahəsinə həsr etmiş Azərpaşa Nemətovun sənət yoldaşları onunla bağlı fikirlrəini Modern.az-la bölüşüblər.
Xalq artisti, aktrisa Səidə Quliyeva Azərpaşa Nemətovun vəfatından sonra Teatr Xadimləri İttifaqının başsız qaldığını bildirib.
“Azərpaşa Nemətov dahi sənətkar, Teatr Xadimləri İttifaqının fəxri idi. Biz bir neçə tamaşanı onunla birlikdə işləmişik. Ən son “sinif yoldaşları” tamaşasında birlikdə çalışmışdıq. Həmkarım kimi ölümünə çox təəssüflənirəm. Amma Allahın qədəridir və heç kim bundan sığortalanmayıb. Kədərlənirəm ki, son zamanlar sənət adamları dünyalarını dəyişir.
Qaldı ki, Azərpaşa müəllimin necə insan olmasına, aydın məsələdir ki, teatrımız, Teatr Xadimləri İttifaqı başsız qaldı. O, sözünü demiş, öz sözünü sənəti ilə möhürləmiş bir sənətkar idi. Töhfələri çox idi. Azərpaşa Nemətov Azərbaycanda böyük aktyor ordusu yetişdirib. Doğrudur, son vaxtlar xəstə idi, kaprizləri var idi. Belə olmasını heç istəməzdim, amma həyatdır. Bütün insanlar növbədədir. Kollektivimiz ona çox dəyər verirdi. Həyatının son anına kimi teatrla əlaqəli oldu”, - sevilən aktrisa söyləyib.
Xalq artisti İlham Namiq Kamal isə həmkarı ilə yanaşı, həm də məktəb yoldaşını itirdiyini qeyd edib.
“Azərpaşa Nemətovla uzun müddət idi ki, tanış idik. Biz Yasamal rayonunda 31 nömrəli məktəbi bitirmişik. O, məndən 2 sinif yuxarıda oxuyub. Biz həmişə dost-qardaş münasibətində olmuşuq. Azərpaşa Azərbaycanın istedadlı aktyoru və rejissoru idi. İstər universitetdə, istər teatrda, istərsə də Teatr Xadimləri İttifaqında əməyi çox olub. Onun ölümü şəxsən mənim üçün çox ağırdır. Təəssüf ki, Azərbaycan xalqı böyük sənətkarlarını itirir. Bunun axrı necə olacaq, bilmirəm”.
Xalq artisti Hacı İsmayılov Azərpaşa Nemətovun hər zaman böyük sənətkar kimi yadda qalacağını vurğulayıb.
“Mənim üçün doğma insan idi, həm də Azərbaycan teatrının görkəmli nümayəndəsi idi. O, gözəl tamaşaları ilə Dram Teatrını yüksək səviyyəyə qaldıran sənətkar olub. Ağır əməliyat keçirmişdi. Əməliyyatdan sonra əsəbləri korlanmışdı. Axır vaxtlar tamaşalara lojadan baxırdı. Onun gördüyü işləri danmaq olmaz, teatrın inkişafında böyük xidmətləri olub”.
Xatırladaq ki, Azər Paşa Nemətov 1947-ci ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan Dövlət Konservatoriyasında, dünyaşöhrətli bəstəkar Qara Qarayevin sinfində təhsil alıb. Tələbəlik illərində mahnılar da bəstələyib, amma gözlənilmədən yaradıcılıq istiqamətini dəyişib. 1965-ci ildə Teatr İnstitutunun rejissorluq fakültəsinə qəbul olub.
Məşhur rejissor Mehdi Məmmədovun kursunu bitirərək iki il sonra onun yanında assistent-müəllim işləyib. 1972-ci ildə Gənc Tamaşaçılar Teatrında əvvəl rejissor assistenti, sonra quruluşçu rejissor işləyib. 1974-1977-ci illərdə Sankt-Peterburq teatrında çalışıb. 1977-ci ildə Bakıya qayıdaraq Gənc Tamaşaçılar Teatrında rejissor və baş rejissor işləyib. 1990-cı aprel ayının 20-dən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının quruluşçu rejissoru işləyib. 1991 və 1996-cı illərdə isə Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri seçilib. 2015-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru vəzifəsinə təyin edilib. 2016-cı ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş direktoru idi. 1991-ci ildən Azərbaycan Teatr Xadimləri İttifaqına da rəhbərlik edən Azər Paşa Nemətovun fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib.
Teatr sənəti sahəsində xidmətlərinə görə 1987-ci ildə Əməkdar incəsənət xadimi, 2002-ci ildə Xalq artisti fəxri adlarına, 2007-ci ildə “Şöhrət”, 2022-ci ildə “Şərəf” ordenlərinə layiq görülüb.