Modern.az

Şəhid kapitan yad edildi - Milli Qəhrəmanların valideynləri də gəldi - FOTOLAR

Şəhid kapitan yad edildi - Milli Qəhrəmanların valideynləri də gəldi - FOTOLAR

Mədəniyyət

10 Aprel 2023, 21:45

Aprelin 10-da 3 saylı Cəbrayıl köçkün qəsəbəsindəki Şəhidlər xiyabanında Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, şəhid Nizami Vahid oğlu Yolçuzadənin doğum günü ilə əlaqədar anım mərasimi keçirilib, "Nizami" bulağının açılışı olub.

Modern.az saytı xəbər verir ki, tədbirdə şəhid Nizami Yolçuzadənin ailə üzvləri, Milli Qəhrəmanlar Polad Həşimovun anası Səmayə xanım,  Mübariz İbrahimovun atası Ağakərim kişi, digər şəhid anaları, müharibə əlilləri, veteranlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları öncə Nizami Yolçuzadənin məzarı önünə gül dəstələri düzərək, şəhidin əziz xatirəsinə ehtiramlarını bildiriblər. Daha sonra canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin xatirəsinə dualar oxunub və onların ruhu bir dəqiqəlik sükutla yad edilib.


Tədbirdə çıxış edənlər kapitan Nizami Yolçuzadənin keçdiyi şərəfli zabit yolundan söz açıblar.

Qeyd edilib ki, Şəhidlik Vətən, torpaq, böyük amallar uğrunda canından keçmək, özünü bu yolda qurban verərək ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır.

Bildirlib ki, məhz şəhid və qazilərimizin şücayət nəticəsində 30 ilə yaxın işğal altında olan digər torpaqlarımız kimi, Cəbrayıl rayonu da işğaldan azad olundu.



Çıxış edənlər şəhid Nizami Yolçuzadənin anasına və ailə üzvlərinə başsağlığı verib, belə qəhrəman övlad böyütdükləri üçün minnətdarlıqlarını bildiriblər.

Mərasimdə Nizami Yolçuzadənin məzunu olduğu 8 saylı tam orta məktəbin müəllim və şagird kollektivi də yaxından iştirak edib.

Qeyd edək ki, yaşasaydı bu gün Nizami Yolçuzadənin 33 yaşı tamam olacaqdı.

Yolçuzadə Nizami Vahid oğlu 10 aprel 1990-cı ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. Orta təhsilini rayonun 8 nömrəli tam orta məktəbində alan Nizami oxuduğu müddətdə savadı, yüksək vətənpərvərliyi ilə müəllim və şagirdlərin sevimlisinə çevrilmişdi. Vətənə olan bu sevgi onu 2007-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə gətirmişdi. Ali Hərbi Məktəbi uğurla bitirdikdən sonra təyinatı üzrə zabit olaraq Milli Ordu sırasına qatılmış, xidməti dövründə xarakterində yer alan yüksək vətənpərvərlik hissini öz əsgərlərinə aşılamış və bütün şəxsi heyətin rəğbətini qazanmışdı.

Nümunəvi xidmətlərinə görə müdafiə nazirinin müvafiq əmrləri ilə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi", “Azərbaycan Ordusunun 100 illik yubiley" medalları, "Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı ilə təltif olunmuşdu.



Kapitan rütbəsinə qədər yüksələn Nizami Yolçuzadə tabor komandirinin müavini vəzifəsində xidmət edirdi.

Nizami Vahid oğlu Yolçuzadə 18 iyun 2022-ci ildə Naxçıvan Muxtar Respublikası ərazisində xidməti vəzifəsini həyata keçirən zaman həlak olub.
Biləsuvar rayonu ərazisindəki 3 saylı Cəbrayıl köçkün qəsəbəsinin qəbiristanlığının “Şəhidlər məzarlığında” dəfn edilib. Ailəli idi, iki azyaşlı övladı yadigar qalıb.

Nizami Yolçuzadənin dayısı Zahid Mehdiyev də Birinci Qarabağ müharibəsində şəhid olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər