Bu yaxınlarda xərçəng xəstəliyindən vəfat edən Xalq artisti Ramiz Novruzun oğlu Cavidan Novruz atası barədə danışıb.
Modern.az-ın xəbərinə görə, aktyor Cavidan Novruz deyib ki, atası onun oğlu maşınla vurulandan sonra yaşadığı stresdən xərçəngə tutulub.
"Bizim genetikamızda xərçəng xəstəliyi heç olmayıb, ilk dəfə atamda peyda oldu. Bilmədik necə baş verdi. Bunu bir şeylə əlaqələndirirəm. Həkim demişdi ki, xəstəlik 2019-cu ildən başlayıb. Düşünürəm ki, özünə baxmaqla əlaqəli deyildi. Həmin il Mərdəkanda bağ evimizdə hadisə baş vermişdi. Biz yasda idik, oğlum marketə getmək üçün icazə alıb getdi. Uşaq sevinə-sevinə qapıdan çıxanda onu maşın vurdu. Hamımız hay-həşirlə çölə çıxdıq. Gördük ki, maşınla vuran atamdır. Bu da təsadüf idi, atam yasa gələndə oğlumu maşınla vurdu. Uşaq yerə yıxıldı, onu qucağıma götürüb evdəkilərə verdim. Gördüm ki, atam iki əlini başına qoyub, dizi də yerdə, gözləri yerindən çıxırdı. Onu ayağa qaldırıb sakitləşdirməyə çalışdım. Stress onu belə etdi. Atamı belə bir halda heç vaxt görməmişdim".
Qeyd edək ki, Xalq artisti fevralın 21-də vəfat edib.