Modern.az

Yeni nazir illərlə yığılıb qalan problemləri həll edə biləcəkmi...

Yeni nazir illərlə yığılıb qalan problemləri həll edə biləcəkmi...

Mədəniyyət

16 Aprel 2023, 10:36

Bu yaxınlarda Azərbaycanın mədəniyyət naziri təyin edilən Adil Kərimlidən gözləntilər böyükdür. Yeni nazirin mədəniyyət sahəsində illərlə yığılıb qalan problemləri, narahatlıq doğuran nöqsanları aradan qaldıra biləcəyi barədə müxtəlif fikirlər, təkliflər səsləndirilir. 

 

Bəs 44 yaşlı A.Kərimli əvvəlki nazirlərdən "miras" qalan bu qədər problemi qısa zamanda həll edə biləcəkmi?
 

Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Sabir Rüstəmxanlı Modern.az-a bildirib ki, Adil Kərimli hələ nazir təyin olunmamışdan əvvəl özü ilə bağlı müsbət fikirlər formalaşdırıb:

 

 

"Milli Məclisin Mədəniyyət Komitəsində xalqın qeyri-maddi irsinin qorunması mövzusunda keçirilən iclasda Adil Kərimli də iştirak etmişdi. İclasda onunla tanış olduq. Mən onun çıxışından razı qaldım. Sonrakı addımları, bölgələrə getməsi, mədəniyyət ocaqlarının işi ilə yaxından tanış olmaq istəyi, məsələlərə kökdən yanaşması mənim xoşuma gəldi. Xalqın mədəniyyət problemlərinə çox ciddi yanaşır. Hər şeyin yaxşı olacağına inanıram. İşində uğurlar arzulayıram. Çox istərdim ki, əvvəlki nazirlərin səhvləri təkrar olunmasın".

 

Deputat vurğulayıb ki, yeni nazir bir sıra məsələlərə xüsusi diqqət göstərməlidir:

 

"İlk növbədə Mədəniyyət Nazirliyində kök atmış, illərlə davam edən korrupsionerliyin qarşısı alınmalıdır. Bu, hansı yollarla həyata keçirilib, araşdırılmalıdır. Belə adamların bəziləri vəzifədən gedib. Ancaq müəyyən izlər qalıb. Bunların hamısının qarşısı alınmalıdır. Azərbaycan mədəniyyətinin bir sıra dəyərli sahələri var. Son illər onlara maraq azalıb. Onların bərpası ilə məşğul olmaq lazımdır. Şübhəsiz ki, Azərbaycan mədəniyyəti böyük sahədir. Mədəniyyət sahəsində bir çox itirilmiş dəyərlər var. Mədəniyyət ocaqlarının bağlanması, mədəniyyət işçilərinin ixtisar edilməsi və digər problemləri də vurğulamaq lazımdır. Güman edirəm ki, yeni nazir gənc kadrdır və bütün bunların hamısının öhdəsindən gələcək".

 

 

Xalq artisti Rasim Balayev də Adil Kərimlidən gözləntilərinin müsbət olduğunu söyləyib.

 

"Mədəniyyət sahəsində çox ciddi problemlər yaranıb. Bu problemlər neçə illərdir ki, üst-üstə yığılıb. Həm kinoda, həm də musiqi sahəsində həllini gözləyən xeyli problemlər var. Bu yaxınlarda nazirlə görüşümüz oldu. Onunla ətraflı söhbət etdik. Hiss etdim ki, əvvəlkilərdən fərqli işləmək istəyir. Məndə ümid yarandı ki, yeni nazir nələrsə edəcək".

 

Qeyd edək ki, aprelin 14-də Azərbaycanın mədəniyyət naziri postuna yeni təyinat olub. Prezidentin sərəncamı ilə Adil Kərimli mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilib. Digər sərəncamla o, mədəniyyət naziri təyin edilib. 44 yaşlı yeni nazir 1999-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib, 2001-ci ildə isə magistratura üzrə təhsilini başa vurub. Hüquq üzrə fəlsəfə doktorudur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər