Rusiyalı məşhur müğənni Alla Puqaçova Moskvaya gəlib.
Modern.az xəbər verir ki, bu barədə onun köməkçisi Yelena Çuprakova TASS-a açıqlamasında bildirib.
O, müğənninin niyə Rusiyaya qayıtdığını açıqlamayıb. Mətbuatda Alla Puqaçovanın dünən vəfat edən modelyer Valentin Yudaşkinlə vida mərasimində iştirak edəcəyi bildirilir. Müğənninin köməkçisi bu barədə məlumatı olmadığını deyib.
Sovet pop musiqisinin kraliçası hesab edilən Alla Puqaçova müharibə başlayandan sonra Rusiyanı tərk edib və İsraildə yaşayır. 73 yaşlı Puqaçova əri Maksim Qalkinin adının Rusiyada xarici agentlər siyahısına daxil edilməsindən sonra Rusiya Ədliyyə Nazirliyinə müraciət edib: "Məni sevimli ölkəmin xarici agentləri sırasına daxil etməyinizi xahiş edirəm, çünki ərimlə həmrəyəm”.
Puqaçova Rusiyanın Ukraynada apardığı müharibənin "xəyali hədəflər uğrunda" olduğunu bildirib. SSRİ Xalq artisti paylaşımında müharibə sözünü işlətməyib, lakin Kremlin xüsusi hərbi əməliyyat adlandırdığı müharibəni bəyənmədiyini açıq şəkildə vurğulayıb.
Xatırladaq ki, 46 yaşlı telekomediya aktyoru Maksim Qalkin sentyabrın 16-da xarici agent elan edilib.